Bakının başı üzərindən Moskva-Tehran danışıqları

Siyasət

28.01.2020 - 18:19

Xəzər bölgəsi ilə bağlı yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsü suallar doğurur

 

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrana səfəri zamanı iranlı həmkarı Əli Larincani ilə görüşüb. Volodin iranlı həmkarı ilə görüşdə təklif edib ki, Xəzər bögləsinin məsələlərini həll etmək məqsədilə iki ölkənin parlamentləri arasında yeni əməkdaşlıq formatı təşkil edilsin (?!).

 

Rusiya və İran parlamentləri arasında əməkdaşlıq formatı illərdir mövcuddur. Ona görə də sırf Xəzər bölgəsi ilə bağlı yeni əməkdaşlıq formatının yaradılması təşəbbüsü suallar doğurur.

 

Xəzər yalnız Rusiya və İrana aid deyil, əgər yeni əməkdaşlıq formatından söhbət gedirsə, Xəzərə sahili olan digər ölkələr də haqqında danışılan, ancaq açıqlanmayan məsələlərin həllinə cəlb olunmalıdır.

 

Doğrudur, Volodin yeni formata digər sahil ölkələrinin dəvət olunacağını da açıqlayıb. Ancaq Moskvanın yeni format barədə Tehranla yanaşı Bakı, Astana və Aşqabadı da məmulatlandırmasına ehtiyac var.

 

Xəzərin statusu müəyyələşib və əməkdaşlığın bütün istiqamətləri bəllidir. Ona görə də Moskvanın Xəzərdə yeni “əməkdaşlıq formatında” nələrin nəzərdə tutulduğu diqqəti cəlb edir.

Müəllif: Elxan Şahinoğlu, politoloq