“Xarici kapital Qarabağa axın etmək istəyir” – <font color=red> DEPUTAT</font>

İqtisadiyyat

04.12.2020 - 10:27

Həkimlər Klinikalar SEO Xidməti

Rüfət Quliyev: “Bu gün yüzlərlə xarici şirkət işğaldan azad edilmiş ərazilərimizə maraq göstərir”

 

Pandemiyanın vurduğu ağır iqtisadi zərbənin ardınca 44 günlük müharibə aparan Azərbaycan xeyli maliyyə vəsaiti xərclədi. Və qarşıda işğaldan azad edilmiş ərazilərin bərpası hədəfi var. İndiki şəraitdə iqtisadi durumumuz buna imkan verirmi? Bərpa prosesi nə qədər zaman və maliyyə tələb edir? AYNA-nın mövzuya dair suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev cavablandırıb.

 

- Rüfət müəllim, hazırda büdcə imkanlarımız işğaldan azad olunmuş əraziləri bərpa etmək üçün kifayət edirmi?

 

- İşğaldan azad olunmuş əraziləri bərpa etmək üçün vəsaitimiz var, amma hələlik biz büdcəni almamışıq. Bizdə, adətən noyabrın 13 və 15-i aralığında büdcə gəlir və müzakirə olunur. Amma indi məlum səbəblərlə əlaqədar bu məsələ bir qədər gecikir. Təbii ki, bu ərazilərin bərpası və inkişafı ilə əlaqədar birmənalı olaraq bunun üçün büdcədən pul ayrılacaq. İlk növbədə infrastruktur, kommunal xətlər, yollar - dəmiryolu, avtomobil yolları proqram şəklində yaradılmalıdır. Hətta, bu proqramların bir çoxu hazırdır. Necə sosial, iqtisadi inkişafla bağlı region proqramları varsa, Qarabağ regionuna aid də xüsusi proqramlar olacaq. Təbii ki, həmin proqramın içərisində hər nazirliyə verilən tapşırıqla bağlı da proqramlar hazırlanacaq. Həmin proqramlar təsdiq olunacaq, smetaya görə vəsait ayrılacaq. Həmin vəsaitlə proqram şəklində bütün bu işlər həyata keçiriləcək. Bildiyiniz kimi, artıq yolların salınmasına da başlanılıb. Enerji xətləri çəkilir. Alternativ enerjinin inkişafı da nəzərdə tutulur. Aldığım məlumata görə, dağ çaylarında xırda elektrostansiyalar qurulacaq ki, o tərəflərdə olan 10-15 kəndi elektrik enerjisi ilə təmin etsin.

Rüfət Quliyev: “Bu “qara PR”ın müəllifini tanıyıram”

- Bərpa prosesi üçün nə qədər zamana ehtiyac var?

 

- Bərpa prosesinin müddətini proqnozlaşdırmaq çox çətindir. Ən azı birinci il biz bütün infrastrukturu tikib qutarmalıyıq. Orda da hamımız şahidi olduq ki, ermənilər hər vəchlə, Sovet vaxtı tikilən infrastrukturu darmadağın etdilər. Həm də bunu vəhşicəsinə etdilər. Bir hissəsini yandırdılar, bir hissəsini söküb özləri ilə apardılar. Ona görə də ən azı bir il ərzində biz infrastruktur məsələlərini həll etməliyik. Daha sonra planlı şəkildə, proqram formasında hamısı həyata keçiriləcək. Biz Qarbağ regionunun iqtisadi inkişafını tam təmin edəcəyik. Bunun üçün kifayət qədər imkanımız var

 

- Torpağı yenidən məhsuldar hala gətirmək və kənd təsərrüfatını inkişaf etdirmək üçün hansı addımlar atıla bilər?

 

- Kənd təsərrüfatı ilə məşğul olmaq üçün ən önəmli məsələlərdən biri torpaqla bağlıdır. Bunun üçün xüsusi mütəxəssislər baxış keçirməli olacaqlar. Həmin xüsusi baxışdan sonra planlar qurulacaq. Ənənəvi məhsullar da var. Məsələn, Ağdam rayonunda pambıqçılıq, digər rayonlarda tütünçülük, meyvə bağları, bostançılıq kimi sahələr vaxtilə orda inkişaf edib və hamısının da inkişaf etdirilməsi nəzərdə tutulub. Kiçik və iribuynuzlu heyvandarlıq da inkişaf etdirilməlidir. Çünki orada otlaq yerlərimiz çoxdur. Min hektarlarla otlaq sahəmiz var. SSRİ vaxtında nə olubsa, onlar da bərpa olunacaq. Biz hamısını tələsmədən, proqram şəklində elə quracağıq ki, insanlar üçün normal şərait yaradılsın. Birinci növbədə minalardan təmizlənmə işləri həyata keçirilir. Yəni torpaqlar, yollar minalardan tam təmizlənməli, istehkamlar dağıdılmalıdır, artıq onlara heç bir ehtiyac yoxdur. Yararlı olan istehkamlardan istifadə olunacaq, lazım olmayanlar dağıdılacaq.

 

- Bu işlərin görülməsi həm də yeni iş yerlərinin yaradılması deməkdir. Daha çox hansı sahələrdə işçi qüvvəsinə ehtiyac yaranacaq?

 

- Təbii ki, bəlkə də yüzminlərlə yeni iş yerləri açılacaq. Bizim üçün daha vacibi, sosial məsələləri nəzərə alaraq, kənd təsərrüfatı və qida təhlükəsizliyi ilə əlaqədardır. Həmin məhsullar təkcə Azərbaycan üçün deyil, gələcəkdə Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac da edə biləcəyik. Bir məsələni də nəzərə almaq lazımdır ki, bu gün İran orada iş görməyə böyük maraq göstərir. Hamımız bilirik ki, İran bu gün böyük sanksiyalar altındadır və məhdudiyyətlər var. Ona görə də onlar çalışacaqlar ki, bu qonşuluqdan, yaxşı münasibətlərdən istifadə etməklə Qaarabağ regionunda işlər görsünlər. Biz də buna hazırıq. Təbii ki, hər iki tərəfin marağı olmaqla bu işlərə təkan veriləcək. İstər tikinti, istər kənd təsərrüfatı olsun, bütün bu işlər İranla birgə aparılacaq. Biznes işlərinin həyata keçirilməsində İran, Türkiyə şirkətləri də çox maraq göstərir. Onların da bir çox layihələri var. Məndə olan məlumata görə, Ukrayna və Rusiyadan olan şirkətlər də maraq göstərir. Hətta, mənim özümə Hindistanın böyük şirkəti müraciət edib. Şirkətin rəhbəri mənə zəng etdi və dedi ki, orada layihə olsa, ona da məlumat verməyimi xahiş etdi, gəlib iştirak etsin. Gördüyünüz kimi, uzaq Hindistanın kapitalı da Qarabağa maraq göstərir.

 

- Xaricdən maliyyə dəstəyi təmin ediləcək?

 

- Asiya İnkişaf Bankı ilə əlaqələrimiz var. Onlar ən aşağı faiz dərəcəsi ilə bizə maliyyə ayıracaqlar. Həmçinin, Azərbaycanın özünün qızıl ehtiyatları, ixracatla əlaqəli kifayət qədər gəliri var. Bildiyiniz kimi, Xəzərlə bağlı keçən il 5 ölkə - Rusiya, İran, Türkmənistan, Qazaxıstan, Azərbaycan sazişə imza atıb. Və həmin sazişlə Xəzərdən Azərbaycanın payına təxminən 21 faiz düşür. Xəzərin dibində təxminən 6,5 trilyon dollarlıq neft yataqları var. Bunun da 21 faizi Azərbaycanın payındadır. Yəni məlum olan rəqəmi deyirəm. Bəlkə də bundan da çoxdur. Görün, indi Azərbaycanın gələcəkdə nə qədər vəsaiti və imkanı olacaq. Bundan başqa, Türkmənistanla yaxın gələcəkdə qaz borusunun çəkilməsi barədə fikirlər var. Həmin qaz borusu çəkildikdə biz Türkmənistanla birgə qazımızı Avropaya ixrac edəcəyik. Bununla 10-15 milyard kubmetrdən, təxminən 100 milyard kub metrə qədər imkanımızı artıra biləcəyik. Biz Avropanı 100 milyard kubmetrə qədər qazla təmin edə bilsək, bu, Avropanın 20 faiz tələbatı deməkdir.

 

Bütün bunlardan əlavə, nəqliyyatla bağlı bizim gəlirlərimiz, 3 peykimiz var. Dəmiryolumuz var ki, ordan da qazanc gələcək. İki böyük liman tikilib. Beynəlxalq standartlara uyğun olaraq ordan da gəlirlər əldə olunacaq. Gördüyünz kimi, nə qədə gəlir gətirən sahələrimiz var. Bütün bunlar möhtərəm Prezidentimizin praqmatik siyasətinin əsasında qurulmuş və onun səylərinin nəticəsidir. Məhz buna görə, Ukrayna, Rusiya, Türkiyə və eləcə də ölkə daxilindən olan 20-yə yaxın jurnalist mənə sual ünvanlayanda ki, bunun maliyyə dəstəyi və mənbəyi necə olacaq, mən bildirdim ki, heç kim narahat olmasın, kifayət qədər imkanımız var, lazım olsa, istənilən maliyyəni tapacağıq. Bu gün yüzlərlə xarici şirkət maraq göstərir. Mənə gündə bəlkə 3-4 dəfə zənglər gəlir ki, “ora nə kimi köməklik lazımdır, biz gəlməyə hazırıq”.

 

- Qarabağa yatırım etməklə bağlı bu gün xaricdə yaşayan iş adamlarımızın hər hansı təklifləri varmı?

 

- Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlılar, digər ölkələrin nümayəndələri, vətəndaşları bu gün kifayət qədər müraciətlər edirlər. Məsələn, bu gün Qazaxıstanda yaşayan bir azərbaycanlı müraciət etdi ki, “mən əhd etmişdim, Qarabağ azad olunsun, orda öz vəsaitim hesabına bir məscid tikəcəm”. Bəlkə də yüzlərlə bu cür insanların müraciətləri var. Bunlar Azərbaycandan kənarda yaşayan soydşlarımızın ürəkdən gələn arzularıdır. O cümlədən də Azərbaycanın özündə də yüzlərlə insan var ki, onların da ürəyində Qarabağla bağlı gerçəkləşdirmək istədiyi arzuları var. Azərbaycan bu gün ən gözəl günlərini yaşayır. Allah Cənab Prezidenti, Birinci vitse-prezidenti və xalqımızı qorusun!

Müəllif: Ülviyyə Şahin