Devalvasiyadan 5 il sonra: Hələ də “barıt çəlləyinin” üstündəyik

İqtisadiyyat

26.02.2020 - 21:30

Ekspert: “İndiyədək nə manat məzənnəsi, nə də bank nəzarəti ilə bağlı ciddi bir nəticə əldə edilib”

 

Üzücü və unudulmaz tarix - milli valyutanın devalvasiyasının beş illiyi bu il fevralın 21-də tamamlandı. Həmin gün ölkə əhalisinin həyatı əvvəl və sonra olmaqla iki yerə bölündü. Və ən əsası əhalinin düşüncəsi dəyişdi – vətəndaşlar rəsmi valyutanın sarsılmaz sabitliyinə inamlarını itirdilər.

 

Mövzu üzrə AYNA-nın suallarını bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov cavablandırıb.

 

- Əkrəm müəllim, manat 5 il əvvəl çökdü. Hazırda bu barədə hansı fikirlər səslənir?

 

- Əslində, müstəqil Azərbaycanın tarixində bu, ilk devalvasiya deyildi. 90-cı illərin ilk yarısında, milli valyutanın yaranmasından dərhal sonra devalvasiya baş verdi. O dövrdə ölkə yoxsulluq içində idi, müharibə baş verirdi, neft müqavilələri yox idi, Azərbaycan xaricdən kredit götürmək imkanından məhrum idi, hətta qardaş Türkiyə Prezident Elçibəyə borc verməkdən imtina etdi. Belə bir şəraitdə manatın qeyri-sabitliyi daha başa düşülən idi.

 

Sonradan ölkədə neft gəlirləri artmağa başladı - 2005-2015-ci illər. Son 20 ilin nəsli sabit valyuta dövründə böyüdü. Önəmli olan budur ki, illər keçdikcə insanlar devalvasiya barədə düşünmək vərdişlərini itirdilər və qeyri-sabit məzənnə dövrlərini hələ də xatırlayan azərbaycanlılar nəsli sabitliyə alışdı. Bir sözlə, əhali üçün devalvasiya sürpriz kimi gəldi və 21 fevral 2015-ci ildə ölkə tarixində və insanların dünyagörüşündə bir səhifə alt-üst oldu. Vətəndaşlar oyandı, reallıqları başqa cür qəbul etməyə başladılar.

 

- Manatın ucuzlaşmasının səbəbləri barədə çox şey söylənildi, lakin devalvasiya ilə əlaqəli problemlərin bir hissəsinin qarşısı alına bilərdi.  Elə deyilmi?

 

- Həqiqətən, bu barədə çox şey söylənildi və məncə burada baş verən devalvasiyanın səbəbləri barədə daha dərinə getməmək lazımdır. Onun mahiyyəti başadüşülən olduğundan, xarici valyuta qazancının əsas mənbəyi - neftin qiymətinin düşməsi ilə əlaqədardır. Ölkədə valyuta ehtiyatlarının sürətlə əriməsi başladı, vəziyyət bankirlərimizin vicdansızlığı ilə daha da ağırlaşdı. Bunun bariz nümunəsi Beynəlxalq Bankdakı vəziyyət idi və ölkə rəhbərliyi, hətta ABB-də nə qədər pulun olduğunu bilmirdi. Bütün bunlar məzənnənin çökməsinə səbəb oldu. Ciddi problem isə o dövrdə dövlət qurumlarımızın necə davranması ilə bağlı idi.

Tanya Samsonova