“Biz necə azərbaycanlıyıq ki, erməninin üstümüzə gəlməsindən qorxaq və buna görə susub oturaq?!”
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən silahlı toqquşmalardan sonra dünyanın müxtəlif ölkələrində yerli erməni və azərbaycanlı icmaları, əmək miqrantları arasında gərginlik yaranıb. Daha doğrusu, ABŞ, Rusiya və bəzi Avropa ölkələrində dinc aksiya keçirən soydaşlarmız ermənilərin hücumlarına məruz qalıblar. Fiziki zorakılığa məruz qalan azərbaycanlıların görtüntüləri dünya azərbaycanlılarını daha da hiddətləndirib. Nəticədə Rusiyanın paytaxtı Moskva şəhərində bəzi soydaşlarımız cavab kimi bir neçə ermənini döyərək videosunu sosial şəbəkələrdə paylaşıblar.
Baş verənləri xaricdə yaşayan həmvətənlərimiz necə qymətləndirirlər? Ermənilər bizimkilərə hücum edirsə, onlara eyni cür cavab vermək lazımdır, yoxsa necə? AYNA bununla bağlı xaricdəki diaspor nümayəndələrimizlə həmsöhbət olub.
İsveçdə yaşayan Rahim Telman azərbyacanlıların döyülməsini vandalizm aktı adlandırmaqla yanaşı, ortada gözlə görünməyən müsbət məqamların da olduğunu düşünür: “Birincisi onu qeyd edim ki, Los-Ancelesdə altı yüz mindən çox erməni yaşayır, Kaliforniyada isə iki milyona yaxın erməni yaşayır. Mən Kaliforniyanın bir çox ərazilərində olmuşam. Kaliforniyada baş verən bu aksiyalar, insanların azsayda da olsa, toplaşmağı çox böyük bir nüansdır. Onu qeyd edim ki, biz əliyalın da olsa, çıxıb öz etirazlarımızı edə bilərik. Mən Los-Anceles və Kaliforniyadakı soydaşlarımıza təşəkkür edirəm ki, onlar fiziki təzyiqə məruz qalsalar belə, yenə də çıxdılar və öz etriazlarını bildirdilər”.
“Brüsseldə də bizim həmkarımız olan bir xanım və Mirzə Sakitin oğlu da şiddətə məruz qalıb. Həm Brüsseldə, həm də Kaliforniyada ermənilər öz xislətlərini göstərdilər. Bu, olduqca lazımlı bir məsələ idi. Bütün dünya mətbuatı bu barədə məlumat verir. Kaliforniyada Ermənistan əleyhinə heç zaman belə bir aksiya olmamışdı. Soydaşlarımızın təşkil etdiyi bu aksiya böyük rezonans doğurdu. İyul 21-də Stokholmda bizim də böyük bir mitinqimiz oldu. Yalnız əlli nəfərin toplanması mümkün idi. Biz isə üç yüz nəfərdən çox idik. Ermənilər həmin vaxt da təxribata əl atmağa çalışırdılar. Bizim mitinqə erməniləri səsləyib yığmaları barədə sosial şəbəkələrdəki paylaşımları mənə “screen” edib göndərmişdilər. Biz bu təxribatın qarşısını ala bildik”, - R.Telman deyib.
Moskva və Moldovada baş verənlərə gəldikdə, İsveçdəki soydaşımız bunların əleyhinədir: “Biz təxribatlara getməməli, tolerant olmalıyıq. Çünki təxribata getmək onlarla birgə həbs edilmək deməkdir. Həbsxanaya girmək isə öz bizneslərindən, işlərindən, fəaliyyətlərindən uzaq düşmək, avara olmaq, ölkələrdən deportasiya edilmək deməkdir. Ona görə də bu təxribatlara getmək lazım deyil. Ermənilər bizi zaman-zaman təxribatlara çəkməyə çalışırlar. Biz informasiya müharibəsində qalib olmayılıq. İndi bütün informasiya üstünülüyü bizim əlimizdədir. İndi hamı görür ki, ermənilər yazıq və məzlum deyillər. Və məhz buna görə də onlar bizi təxribata çəkməklə barbar millət kimi qələmə verməyə çalışırlar. Və buna qətiyyən getmək olmaz”.
“Bundan bir qədər əvvəl bizim Diasporka İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla videokonfransımız oldu. Orda da biz qeyd etdik ki, informasiya mübarizəsini davam etdirməliyik. Mənim özümün İsveç Televiziyasında bir layihəm var. İsveç dilində Azərbaycan haqqında proqramlar təqdim edirik. Biz daha çox sənədli filmlər verirdik. İndi isə bu ayın 1-dən Səadət Kazımli ilə biz yeni bir layihəyə başlayırıq. Və Azərbaycanda olan hadisələrə həftəlik nəzər yetirəcəyik. Ermənistan-Azərbaycan münaqişəsi haqqında, bugünkü hadisələr haqqında məlumatlar verəcəyik. Artıq canlı yayımlı proqramlarımız olacaq”, - həmyerlimiz bildirib.
Böyük Britanyanın paytaxtı Londonda yaşayan və bir neçə gün əvvəl orada təşkil edilmiş aksiyanın təşkilatçılarından biri olan Orxan Mustafayev baş verənləri normal qiymətləndirir: “Çünki xalq münaqişənin 30 ildir həll olunacağını gözləyir. Ortada isə heç bir nəticə yoxdur. Artıq bütün haqsızlıqlara heç kəs dözmək istəmir. Sonda belə olacağı bəlli idi. Onları cavablandırmaq lazımdır, səssiz qalmaq lazım deyil. Amma bunu ictimailləşdirmək də lazım deyil. Haqlı ikən haqsız duruma düşməməliyik”.
Həmsöhbətimiz iyulun 28-də növbəti yürüş təşkil edəcəklərini diqqətə çatdırıb: “Bütün baş verən hadisələri həmin yürüşdə də səsləndirəcəm”.
Londonda yaşayan digər soydaşımız Nigar Abbasovanın fikrincə, söhbət erməni işğalçılarından gedirsə, heç vaxt, heç yerdə susmamalıyıq: “Onlara artıqlamasıyla cavabımızı verməliyik. Düzdür, xaricdə yaşayanlar üçün bi raz qorxulu görünə bilər, çölə çıxanda düşünə bilərik ki, bu dəqiqə kimsə üstümüzə cumacaq. Amma olsun, biz necə azərbaycanlıyıq ki, erməninin üstümüzə gəlməyindən qorxaq və buna görə susub oturaq?! Belə düşünən bir nəfər belə olsa, onu nə azərbaycanlı sayarıq, nə də hörmət edərik. Bitsin bu soyqırım, bitsin bu terror, birdəfəlik ağızlarını yummağın vaxtıdır, məncə”.
Fransanın Laval şəhərində yaşayan və Parisdəki aksiyanın iştirakçılarından olan Azər Osmanovun dediyinə görə, ermənilər soydaşlarımızı qərib ölkədə təkləyib, namərdcəsinə döyür, söyür bayrağımızı yandırırlar: “Bizə isə deyirlər ki, susaq, provakasiyaya getməyək? Bu müharibəni biz başlamadıq, onlar başladılar və cavablarını almalıdırlar ki, döyülmək, əzilmək, söyülmək necə olur, görsünlər. Biz sakit duranda da, günahkar oluruq, durmayanda da. Buna görə də ya öl, ya öldür”.
Soydaşımızın sözlərinə görə, ermənilər xarici ölkələrdə də bizə müharibə elan ediblər: “İnanın, biz eşidirik və bilirik. Nə vaxta qədər onlar çıxıb Azərbaycandan üzr istəməyəcəklərsə, şəxsən mən əlimdən gələni edəcəm”.