“Rusiyanın işğalçılığından, vandalizmindən cana gəlmişik – bu, nifrətin son həddidir”
“Ukraynada baş verənləri gördükcə Qubadlıdan köçkün düşdüyümüz vaxtlar gözümün önündən keçdi: evdən tələsik çıxanlar, ailəsi pərən-pərən düşənlər, uşaqlar, çarəsiz qadınlar...”
“1993-cü ildə Qubadlını tərk etməli olmuşduq, amma atamsız. Onda beş aylıq olmuşam. Nənəm, babam və anam. Atam son dəqiqəyə qədər torpağının müdafiəsi üçün döyüşmüşdü. Onda heç onun 25 yaşı yox idi”.
Bunu AYNA ilə söhbətində, hazırda Ukraynanın Jitomir vilayətinin (Vilayət Ukraynanın şimalında, Kiyevin qərbində yerləşir) sakini Şaiq Nəbiyev adlı soydaşımız deyir.
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 23-cü günüdür. İşğalçıya qarşı dirənişdə Ukraynada yaşayan azərbaycanlılar da böyük qətiyyət nümayiş etdirirlər. Ukrayna ilə dostluq və həmrəyliyimiz təkcə sözdə deyil, əməldə də özünü göstərir. İndiyədək həm dövlətimiz adından, həm də ayrı-ayrı azərbaycanlı birlikləri adından Ukrayna xalqına humanitar yardım davam edir. Ukrayna azərbaycanlılarının oranı ikinci vətən hesab etmələri, ölkənin müdafiəsinə qalxmaları isə insanı qürurlandırır.
Qəhrəmanımız Şaiq uzun illərdir, ailəsi ilə birgə Ukraynada yaşayır. Atası Birinci Qarabağ müharibəsi veteranıdır. Rayonunun müdafiəsi üçün son ana qədər döyüşü, müharibə dəhşətlərini görmüş biri kimi gənc yaşından şəkər xəstəliyinə düçar olub. Ailəsinin qadın üzvlərini Ukraynada müharibə başlayan kimi Bakıya - yaxınlarının yanına göndərsə də, sağlamlıq vəziyyətindən asılı olmayaraq, oğlu ilə birgə Jitomirdəki ukraynalılarla çiyin-çiyinə döyüşür.
“Azərbaycana gəlmək imkanı varkən, niyə orada qalmağı seçdiniz” sualını Şaiq belə cavablandırır: “Dediyim kimi, biz bir dəfə torpağımızı tərk etməyə məcbur olmuşuq. Şükür, qəhrəman ordumuz üzərimizdən məcburi köçkün adını götürməyə nail oldu, torpaqlarımız azad olundu. İkinci Qarabağ savaşımız olanda da Vətənə gəlmişdik. Ön cəbhədə iştirakımıza təəssüf ki, növbə çatmadı, amma arxa cəbhədə bacardığımızı edirdik. Mən ukraynalı dostlarımın 44 gündə bizimlə birgə narahatlıq keçirdiklərinə şahid olmuşam, uzaqdan olsa da, hey bizi dəstəkləyirdilər”.
“Ukraynaya ikinci Vətənim də deyə bilərəm. Burada təhsil almışam, idman yarışlarında Ukraynanı təmsil etmişəm, çoxlu dostluqlarımız var ki, bu, doğmalığa çevrilib. Darda olan ölkəni qoyub getmək bizlik deyildi. Atam, əmim oğlu və digər azərbaycanlı dostlarla buradayıq. Rusiyanın işğalçılığı, ermənipərəsliyindən cana gəlmişik – bu, nifrətin son həddidir. Bu gün onlarla körpə, uşaq, qoca, qadın Rusiyanın atdığı bombaların qurbanı olur. Vaxtıykən mənim kimi müharibə səbəbindən atasından məcburən ayrılan uşaqlar, hara gedəcəklərini bilməyən insan kütləsi, qaçqınlar var. Bu acıları biz yaşamışıq, gözəl bilirik. Qaçqınlıq həyatı, gözünün qabağında ölən doğmaların, onlara gücünün yetməməsi dəhşətdir”, - deyə Ş.Nəbiyev danışır.
Dediyinə görə, onların müharibədən qabaq da uşaq evlərinə, qocalar evlərinə yardımları olurmuş: “Biz müharibə başlayan gündən əvvəlcə qorunmaq üçün sığınacaqlar, zirzəmilər təşkil etdik. İndi gecələr müdafiədə olduğumuz ərazidə növbə ilə postda dayanır, dincəlmək üçün həmin sığınaqcaqlara gedirik. Bizə həmçinin “könüllü” kartları verilib, yəni hər formada əlimizdən gələni etməyə çalışırıq. Yaşadığımz yerdə azərbaycanlı ailələri çoxdur. Qadın və uşaqların çoxu təxliyə olunub. İndi əsas işimiz ərazi üzrə yardımlaşma işinin təşkilidir, postlara, köməksiz ailələrə, qocalar evinə qida, ərzaq və digər zəruri məhsulların çatdırılmasıdır. Həmçinin müharibə başlayandan hər kəsin öz silahından istifadə etməsinə izn verildiyi üçün silaha sarılmışıq”.
Müsahibimiz günahsız insanların öldürülməsindən necə sarsıldığını dilə gətirir: “Təsəvvür edin, gözünün önündə günahsız insanlar bombalanır, şəhər daxilində qanlı döyüşlər gedir. Rusiyanın Ukraynaya bomba yağdıracağını kimsə ağlına gətirə bilməzdi. Bizim yerləşdiyimiz Jitomir həm də Rusiyanın müttəfiqi Belarus tərəfdən raketlərə məruz qalıb. Bəzi yerlər xarabalığa çevrilib, lisey binasının yerlə-yeksan olmasına şahid olduq. Ukraynalılar, xüsusən yaşlılar göz yaşlarını saxlaya bilmir. Rusun ukraynalıya silah çevirməsi onlara mənəvi zərbə vurub. Bizim düşmənimiz bəlli idi, erməninin xislətinə bələdik, onun vəhşilikləri bizi təəccübləndirmir. Amma ukraynalı hələ də özünə gəlmir, işğalla, rus vandalizmi ilə barışmadan nifrətə kökləniblər. Ümid edirik ki, müharibə uzanmaz, Ukraynanın müdafiəsi üçün sərf olunan əmək, fədəkarlıq boşa getməz. İşğal və işğalçını lənətləyirik”.
Şaiqin anası və həyat yoldaşı artıq Bakıdadır. Onlar müharibənin birinci həftəsi başqa soydaşlarımız kimi Ukraynadan təxliyə olunublar. Bir həftəyə yaxın yollarda, Moldova-Ukrayna sərhədində qalan soydaşlarımız çox çətinliklər yaşayıblar.
Qəhrəmanımızın anası Mahirə Nəbiyevanın sözlərinə görə, kiçik yaşlı uşaqlar və hamilə gəlini ilə birgə Vətənə dönmək böyük xöşbəxtlik olub: “İnanın ki, hələ də yaşadıqlarımızı xatırladıqca dəhşətə gəlirəm. Bütün həyatımız işğala məruz qaldı, təkcə Ukrayna vətəndaşları deyil, orada yaşayan başqa millətlərə zülm olundu. Qubadlıdan köçkün düşdüyümüz vaxtlar bir an gözümün önündən gəlib keçdi. Evdən tələsik çıxanlar, ailəsi pərən-pərən düşmüş insanlar, uşaqlar, çarəsiz qadınlar... Hərdən deyirlər ki, müharibədə kişilər döyüşür, amma müharibədə qadınlar da döyüşür, dəfələrlə ölüb dirilirlər”.
Xanım həmsöhbətimiz qeyd edir ki, Ukraynadan Moldovaya səfərin təşkilində könüllülər xüsusi rol oynayıblar: “Bu insanların ən ağır günləri sayılır. Uşaq, qadın səslərinə bürünmüş köçdə bir-birini itirən və tapan insanlar çox idi. Ukrayna səfirliyinin səriştəsizliyini Moldova səfirliyimiz ört-basdır edirdi. Səfirlik və Moldova hökuməti qaçqınların qarşılanmasını yaxşı təşkil etmişdi. Moldovada ilk keçirdiyimiz günlərdə qida, ehtiyac problemimiz demək olar ki, yox idi. Amma 3-cü gündən sonra Azərbaycana dönmə ilə bağlı problemlər yaşadıq. Yəqin ki, gələnlərin sayı çoxaldığı üçün insanlar çarəsiz qalmışdılar. Bir hissəmiz Rumıniyadan birbaşa reyslə, bir hissəmiz isə avtobusla Türkiyəyə, oradan da təyyarə ilə Bakıya gəldik”.
“Əslində, hər gün təxliyə cədvəli və siyahı ilə bağlı problemlər yaşanırdı. Qadın və uşaqların daha erkən yola salınmasına üstünlük verilirdi. Nəvələrim Bakıya gələndən hələ də sağalmayıblar. Təəssüf ki, Moldovada sığınacaqda qaldığımız müddətdə demək olar ki, bütün uşaqlar xəstələnmişdi, dərman təchizatı yox idi. Biz heç, uşaqların sağlamlığına diqqət edilmirdi. Bütün hallarda müharibədən hər kəs nəsibini aldı. Tanıdıqlarım var ki, hələ də təxliyə olunmayıblar, Ukraynada 3 həftədir zirzəmidə yaşayanlar var. Hər gün xəbərləri izləyirik, ən ağır xəbər günahsız insan itkisi ilə bağlı məlumatlardır. Bizi kimi ailəsinin yarısı Ukraynada qalanlar demək olar ki, ikiqat narahatdırlar”, - deyə Nəbiyeva işğalçıya lənət oxuyur...