Orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu o deməkdir ki, tədris müddəti 34 həftədir. Həmən müddətdə şagirdlər iki dəfə tətil hüququna malikdirlər. Yəni 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar). Bir də İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.
Bu gündən etibarən orta məktəblərdə 5 günlük payız tətili (16-20 noyabr) başlayır. Amma əslində isə bu tətil 5 gün yox, 3 gün olacaq. Çünki onun 2 günü (16,17 noyabr) şənbə və bazar günlərinə təsadüf edir. Belə çıxır ki, biz şagirdlərin istirahət hüququnu pozuruq. Yəni onlara 5 gün yox, 3 gün tətil etmək imkanı veririk. Şənbə və bazar günləri onsuz da onlar üçün tətildir.
Düzdür, bəzən bayram və əlamətdar günlərdə qeyri iş günləri olur və şagirdlər istirahət edir. Misal üçün 9 noyabr Bayraq günü şənbə gününə təsadüf edirdi və 1 -ci gün şagirdlər evdə qaldı. Belə hallar olur.
Amma bütün hallarda şagirdlər 5 iş günü ərzində istirahət etməlidir. Bunun üçün tədris ilinin əvvəlində tədris proqramı təstiq olunanda tətil günləri də ona müvafiq olaraq təstiq olunmalıdır. Yəni bir neçə gün əvvələ və ya sonraya çəkməklə tam tətil imkanı vermək lazımdır.
Türkiyədə bu belədir. Türkiyənin Milli Təhsil Nazirliyi 18-22 noyabr tətili günləri müəyyən edib. Yəni şagirdlər tam həftə ərzində istirahət etsin. Türkiyənin təhsil naziri Ziya Selçukun şagirdlərin tətili ilə bağlı bəyəndiyim bir fikri var. Ziya Səlcuq yazır ki, "Tətil təhsilə verilmiş fasilə deyil. Bu bir həftə uşağın idmanla, incəsənətlə, təbiətlə, mədəniyyətimizlə, dəyərlərimizlə tanış olması üçün bir fürsətdir". Hətta Türkiyə təhsil nazirliyi şagirdlərin payız tətilini daha səmərəli istifadə etməsi və keçirməsi üçün 16 mövzu və istiqamət üzrə fəaliyyət planı hazırlayıb. Fəaliyyət proqramında şagirdlərin yararlana biləcəkləri səyahət, sağlamlıq, təbiət və ətraf mühit, məlumat və texnologiya, savadlılıq, bədii fəaliyyət, idman, araşdırma və müşahidə, oyun və tapmacaların həlli, sosial məsuliyyət, gündəlik həyati bacarıqlar, sənətkarlıq, elm, həmrəylik, karyera planlaşdırması və ailə günü kimi əsas məsələlər yer alıb. Bizdə isə heç kim şagirdlərin tətili ilə bağlı bir fikri, ideyası yoxdur və heç kim maraqlanmır.
Şagirdlərin asudə vaxtının səmərəli təşkili onları zərərli vərdişlərdən də uzaq tutur. Asudə vaxtın səmərəli keçirilməsi vasitələri idmanla məşğul olmaq, gəzintiyə çıxmaq, kinoya getmək, tarixi yerləri ziyarət etməkdir. Amma qeyd olunan işlərin yerinə yetirilməsi üçün vəsait lazımdır. Çünki hamısı pullu xidmətlərə daxildir və şagirdlərə heç bir güzəşt yoxdur. Tətil həm də ona görə vacibdir ki, şagirdlərin 2 ay ərzində itirdikləri enerjini bərpa etmək, qış fəslində, zamana adaptasiya imkanını verir. Şagirdlərin daha yüksək əhval ruhiyyə, enerji ilə yenidən dərsə qayıtması üçün azı 7 gün tətil etməsi vacibdir.