Talelər 132-ci dəfə qovuşacaq

Mədəniyyət

03.07.2019 - 12:20

Akademik Musiqili Teatrda Faiq Zöhrabovun 80 illik yubileyi qeyd olunacaq

 

İyulun 5-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli incəsənət xadimi, pedaqoq, rejissor Faiq Zöhrabovun xatirəsi anılacaq. Həmin gün ''Talelər qovuşanda" (Rauf Hacıyev) operettası 132-ci dəfə oynanılacaq, sənət dostları unudulmaz rejissora ehtiram və sevgilərini bir daha nümayiş etdirəcəklər.   

 

Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı sənətkarın çoxşaxəli yaradıcılıq yolu  barədə danışacaq.

 

1960-cı ilin iyun ayında ilk dəfə Musiqili Teatrda səhnəyə qoyulan və indiyə qədər bir çox korifey aktyorlarımızın rol aldığı bu gözəl tamaşa  2003-cü ilin yanvar ayından indiyə qədər Faiq Zöhrabovun yeni quruluşunda Akademik Musiqili Teatrın səhnəsini bəzəyir, 59 il ərzində Rusiya, Bolqarıstan, Polşa, ümumiyyətlə, dünyanın müxtəlif yerlərində 70-dən çox teatr səhnəsində nümayiş olunub.

Uzun illər boyu teatrın səhnəsindən maraqla izlənilən bu tamaşada F.Zöhrabovun qızı,  bir çox beynəlxalq müsabiqələrdə geniş vokal imkanlarını sərgiləyən Respublikanın Əməkdar artisti Nərgiz Kərimova ilə yanaşı, digər Əməkdar artistlər – Novruz  Qartal, Nahidə Orucova, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Güldanə Əzimova, Ülviyyə Əliyeva, Emil Heydərov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları da oynayacaqlar. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim  Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artistlər –  Zakir və Yelena Ağayevlər, dirijoru Səməd Süleymanlı, xormeysteri, Əməkdar artist Vaqif  Məstanov,  konsertmeysteri Nərminə Əbdürrəhmanova, rejissor assistent  Elməddin Dadaşovdur.   

 

Qeyd edək edək ki, Azərbaycan incəsənətində, teatrında müstəsna rolu olan Faiq Ramazan oğlu Zöhrabov 1939-cu ildə Bakıda dünyaya göz açıb. 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. O, 1963-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirdikdən sonra, 1968-1985-ci illərdə həmin təhsil ocağında “Aktyor sənəti” kafedrasında dərs deyib. 1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət edilib və orada 4 il baş rejissor vəzifəsində çalışıb, müxtəlif tamaşalara quruluş verib. 1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət Universitetinin “Musiqili teatr” kafedrasının dosenti olub.

 

Bir çox rejissor və aktyorun sənətə vəsiqə almasında əvəzsiz xidmətləri ilə bu gün də unudulmayıb.

 

1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi karyerasını davam etdirməsi isə onun həyatında yeni uğurlu bir səhifə açıb. “Dəli dünya”, “Bankir adaxlı”, “Məhəbbət oyunu”, “Talelər qovuşanda”, “Aldın payını, çağır dayını” onun gərgin və yorulmaz zəhmətinin bəhrəsidir.

 

Qeyd edək ki, Akademik Musiqili Teatrın aktrisası, Əməkdar artist Nərgiz Kərimova atasının dəvəti ilə 2003-ci ildən bu tamaşada iştirak edir və bütün varlığı ilə ona qalan əmanəti əzizləyib qoruyur. 

Müəllif: Ayna.az