“Sülhməramlılar Azərbaycanın əsəblərinə toxunmağa davam edəcək”

Aktual

09.01.2021 - 20:14

Şahin Cəfərli: “Görünür, qapalı kanallarla çatdırılan narazılıqların nəticəsi olmadığı üçün, İlham Əliyev açıq şəkildə narazılığını dilə gətirməyə ehtiyac gördü”

 

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə 44 günlük Vətən müharibəsinə də toxunub. Ölkə başçısı müharibənin bitdiyini bir daha bəyan edərək deyib ki, bundan sonra Ermənistan addımlarına diqqət yetirməlidir. Azərbaycan sərhədlərinin pozulmasının yolverilməz olduğunu bildirən Prezident Qarabağa qanunsuz səfərlərin qarşısının alınması üçün rəsmi İrəvana xəbərdarlıq ünvanlayıb. Azərbaycan lideri eyni zamanda, Qarabağda yerləşən Rusiya sülhməramlılarının fəaliyyətinə də toxunub, bəzi halların yolverilməz olduğunu diqqətə çatdırıb.

 

Ermənistan mətbuatı hökumətdəki mənbələrinə istinadən belə məlumatlar yayıb ki, yanvarın 11-də Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş olacaq. Erməni mediası iddia edir ki, Azərbaycan Prezidenti müşavirədə səsləndirdiyi fikirlər əsasında həmin görüşdə Ermənistan rəhbərliyi qarşısında 8 şərt irəli sürəcək.

 

Prezidentin müşavirədə səsləndirdiyi məsələlər və erməni mətbuatının iddiası ilə bağlı AYNA-nın suallarını politoloq Şahin Cəfərli cavablandırıb. Analitik deyib ki, liderlərin görüşünün keçiriləcəyi barədə rəsmi məlumat yoxdur:

şahin cəfərli

- Görüşlə bağlı kifayət qədər qeyri-müəyyənlik var. Hələ ki, Azərbaycan və Ermənistan tərəfindən hansısa rəsmi açıqlamaya rast gəlməmişəm. Ona görə də, görüşlə bağlı şərh vermək çətindir. Amma hər halda, münaqişəyə tam nöqtə qoyulmayıb, problem tam həllini tapmayıb. Ermənistan hələ də rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. İşğalda olan ərazilərin böyük hissəsi azad olunub, amma münaqişə kiçik coğrafiyada da olsa, qalmaqdadır. Azərbaycanın süverenliyini bərqərar etmədiyi ərazilərimiz var, hansı ki, Rusiya sülhməramlıları oraya nəzarət edir. Bu baxımdan, hansısa formada diplomatik danışıqlar aparılmalıdır ki, yekun sülh müqaviləsi imzalansın, problem birdəfəlik həllini tapsın.

 

Ermənistan mətbuatının İlham Əliyevin şərtləri barədə məlumatının mənbəsinin nə qədər mötəbər olduğunu bilmirəm. Hesab edirəm ki, erməni mediasının məlumatları əsasında fikir yürütmək o qədər də doğru deyil. Gözləmək lazımdır, görüş baş tutacaqmı, hansı məsələlər gündəmə gətiriləcək. Ondan sonra hansısa fikir yürütmək olar.

 

- Azərbaycan Prezidenti müşavirədə Ermənistan tərəfə bir neçə məsələdə xəbərdarlıq etdi. Qarabağa qanunsuz səfər, müharibədən sonra tutulan erməni terrorçuları, revanş cəhdləri ilə bağlı ölkə başçısı açıq şəkildə fikirlərini səsləndirdi. Qeyd etdi ki, revanş cəhdləri olarsa, sərhədimiz pozularsa, Ermənistan yenidən Azərbaycanın “dəmir yumruğu”nu görəcək. Prezidentin açıqlamalarını bundan sonrakı Qarabağ danışıqlarının tezisləri saymaq olarmı?

 

- Əslində, Azərbaycanın Qarabağla bağlı gizli niyyəti yoxdur. Rəsmi Bakının tutduğu bu mövqe Prezident tərəfindən dəfələrlə səsləndirilib - istər müharibə zamanı, istərsə də, müharibədən sonrakı bəyanatlarında. Azərbaycan öz ərazi bütövlüyünün Ermənistan tərəfindən birmənalı şəkildə qəbul olunmasını tələb edir. Belə olduğu təqdirdə, təbii ki, rəsmi Bakı İrəvanla diplomatik münasibətlərinin bərpa olunacağını da açıqlayıb. Bununla yanaşı, Azərbaycan Dağlıq Qarabağ ermənilərinə hansısa status verilməyəcəyini də açıq şəkildə bəyan edib. Yəni, şərtləri qəbul olunacaqsa, rəsmi Bakı İrəvanla yekun sülh imzalamağa hazırdır.

 

Burada, əlbəttə, Rusiya başda olmaqla, ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətlərinin - ABŞ və Fransanın da mövqeyi önəmlidir. Xüsusən də Rusiyanın mövqeyi. Hazırda Rusiyanın sülhməramlıları bölgədə yerləşib, Dağlıq Qarabağın bir hissəsi onların nəzarətindədir. Ona görə də Rusiya tərəfinin məsələdə tutacağı mövqedən çox şey asılı olacaq. Hiss olunur ki, Azərbaycan Prezidenti bir daha Minsk Qrupu formatına qayıdıb, o formatda müzakirələrin tərəfdarı deyil. Amma bu məsələdə Rusiyanın mövqeyi necə olacaq - məncə, bu, növbəti prosesdə əhəmiyyətli rol oynayacaq.

 

- Sizcə, Rusiyanın mövqeyi necə olacaq?

 

- Rusiya belə mövqe sərgiləyir ki, Minsk Qrupu fəaliyyətini davam etdirir və etdirməlidir. Yəni, Kremlin Minsk Qrupunun ləğvini istəmədiyi görünür. Rusiya rəsmiləri açıqlamalarında bildirirlər ki, ABŞ və Fransa ilə həmsədr olaraq əməkdaşlığa hazırdırlar. Digər tərəfdən, Rusiya Qarabağın statusu məsələsini də tam olaraq gündəmdən çıxarmayıb. Düzdür, hazırkı mərhələdə statusdan söhbət salınmır, amma gələcəkdə baxıla biləcəyinə işarələr edir. Hesab edirəm ki, Minsk Qrupunun fəaliyyətindən imtina təkcə Azərbaycanın qərarı ilə mümkün deyil. Gərək, buna Ermənistan da, Rusiya da razılıq versin. Əlbəttə, razılıq olarsa, Rusiya, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli formatda, ya da ki, Rusiya, Azərbaycan, Ermənistan və Türkiyədən ibarət dördtərəfli formatda danışıqlar aparıla bilər. Səhv etmirəmsə, Azərbaycanın istəyi dördtərəfli formatdır. Amma bu formata Ermənistan və Rusiya razı olacaqmı - bu, bir az qaranlıqlıdır.

 

- Ermənistanın Baş naziri Nikol Paşinyan son bəyanatında kommunikasiyaların açılması haqqında danışıb və Türkiyə ilə əlaqələrin bərpasına işarə edib. Bundan əvvəl də Paşinyana yaxın məmurlar Türkiyə ilə münasibətlərin bərpasının ölkələri üçün xeyirlərindən bəhs ediblər. Paşinyan hakimiyyətdə qalarsa, gələcək danışıqlarda dördlü formata isti yanaşma ola bilərmi?

 

- Bunu indi söyləmək çətindir. Amma Ermənistanın hazırkı hökuməti - Paşinyan iqtidarı Türkiyə və Azərbaycanla münasibətlərin bərpasına meyilli görünür. Lakin dördtərəfli format - ABŞ və Fransanın vasitəçiliyindən imtina bir qədər qəlizdir. Tərəflər buna getsə, yəni, Azərbaycan və Ermənistan ABŞ və Fransanın vasitəçiliyindən imtina etsə, o zaman bu ölkələrin Qərblə münasibətlərində problemlər yarana bilər. Bu baxımdan, əmin deyiləm ki, Azərbaycan və Ermənistan bunu edəcək. Çünki Qərblə münasibətlər də önəmlidir. Bu gün Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşları Qərb dövlətləridir, Avropa İttifaqıdır. Bu yaxınlarda Azərbaycandan yeni kəmər - TAP layihəsi işə düşdü, təbii qazın Avropaya ixracı başladı. Məlumdur ki, TAP layihəsi Avropa İttifaqının və ABŞ-ın dəstəyi ilə baş tutub. Belə olan halda, rəsmi Bakı Qərblə münasibətlərə xələl gətirən addımın atılmasında maraqlı görünməyəcək. Amma o da aydındır ki, Azərbaycan Prezidenti Minsk Qrupu formatında yenidən danışıqlara başlamağa həvəsli görünmür.

 

- Azərbaycan Prezidenti müşavirədə Rusiya sülhməramlılarına da bir mesaj vermiş oldu. Bildirdi ki, sülhməramlıların təsbit edilmiş missiyası var, onunla məşğul olmalıdırlar. Bu bəyanatdan sonra sülhməramlılar missiyasından kənar davranışlara son qoyacaqlarmı?

 

- Prezident ilk dəfə idi ki, sülhməramlıların fəaliyyətindən narazılığını açıq şəkildə dilə gətirirdi. Hesab edirəm ki, ölkə başçısının müşavirədəki çıxışı münaqişənin bitdiyinə dair əvvəlki çıxışları ilə zidiyyət təşkil edir. İlham Əliyevin qaldırdığı problemlər də göstərir ki, problem tam olaraq həll olunmayıb. Aydındır ki, Azərbaycan sülhməramlıların Qarabağdakı hərəkətlərindən, fəaliyyətindən narazıdır. Güman ki, Azərbaycan qapalı kanallarla bu narazılığını Rusiya tərəfinə çatdırıb. Amma görünən odur ki, bu narazılıqların nəticəsi olmadığı üçün Prezident açıq şəkildə ictimaiyyət qarşısında narazılığı dilə gətirməyə ehtiyac gördü.

 

Gələcəkdə nə olacağını demək, falçılıq etmək mümkün deyil. Amma aydın olan budur ki, Rusiya Qarabağ probleminin tam həllində maraqlı deyil: nə Ermənistanın, nə də Azərbaycanın lehinə. Əlbəttə, Kremlin bu mövqeyi yeni deyil. Bu münaqişənin hansısa formada qalması Rusiyanın marağındadır. Çünki problemin qalması həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərmək üçün Rusiyanın əlində önəmli alətdir. Problem həll olunsa, o zaman Rusiya bölgəni tərk etməlidir. Münaqişə yoxdursa, sülhməramlıya da ehtiyac qalmır. Güman edirəm ki, Rusiya tərəfindən zaman-zaman Azərbaycanın əsəblərinə toxunan hadisələr baş verəcək. Amma eyni zamanda, Rusiya Qarabağda sabitliyin pozulmasında, proseslərin nəzarətdən çıxmasında da maraqlı deyil. Bu baxımdan, Rusiya qarşıdakı 5 il müddətində Qarabağda mümkün qədər sabitliyi qorumağa çalışacaq.

Müəllif: Anar Bayramoğlu