Sosial şəbəkələr yenidən hökumətin hədəfində: <font color=red> SENZURA qayıdır?</font>

Aktual

21.09.2020 - 15:41

Deputatın təklifinə cavab: “Hədəf Azərbaycanda peşəkar medianı yox etməkdir”

 

Bugünlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Jalə Əhmədova sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması barədə təklif verib. Deputat, həmçinin bildirib ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır.

 

Lakin bu təklif qısa zaman ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və deputatın təklifi birmənalı qarşılanmayıb. Cəmiyyətdə hesab edirlər ki, sözügedən təkliflər senzuraya çağırışdır. Yaxud sual olunur: Qeyri-peşəkar mətbuat işçiləri necə müəyyən ediləcək? Ümumiyyətlə, bu istiqamətdə nəzarət mexanizmi olmalıdırmı?

 

Sözügedən təklifi AYNA-ya dəyərləndirən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev təklifə mənfi münasibət bildirib: “Bu gün ölkədə həm televiziya, həm də media nəzarətə götürülüb deyə, sosial şəbəkələri də nəzarət mexanizminə salmaq istəyirlər. Əslində isə bu, senzura və təzyiqdən başqa bir şey deyil. Çünki hökumət hər şeyi nəzarətdə saxlamaq istəyir deyə, məhdudiyyət tətbiq edir. Ona görə də çox mənasız təklifdir”.

Mehman Əliyev — Vikipediya

“Təbii ki, qeyri-peşəkar mətbuat işçilərini bir-bir müəyyənləşdirmək mümkün deyil. Çünki medianın böyük bir hissəsi elə qeyri-peşəkarlardan ibarətdir. Bu qeyri-peşəkar medianı da məhz hökumət yaradıb. Əvvəlcə öz peşəkarlıqlarını təsdiq etsinlər, sonra mətbuat üzərində eksperiment apararlar. Hakimiyyətin isə medianın peşəkar olub-olmadığını müəyyənləşdirməyə haqqı yoxdur”, - Əliyev vurğulayıb.

 

Onun sözlərinə görə, sosial şəbəkələrdəki informasiya azadlığı hakimiyyəti narahat edir: “Ona görə də bu azadlığı məhdudlaşdırmağın yollarını axtarırlar. Bu cür ifadələr isə onu göstərir ki, özləri də nə etmək istədiklərini bilmirlər. Ona görə də müxtəlif yerli-yersiz təkliflər verir və özlərini nəsə etmiş kimi göstərmək istəyirlər. Əslində isə heç nə etmirlər”.

 

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu da mövzuya dair fikirlərini AYNA-ya açıqlayıb: “Əslində, millət vəkilliyi ciddi işdir. Amma bəzən deputatlar elə qeyri-ciddi ifadələr işlədirlər ki, bu işin ciddiyətini də aşağı salırlar. Azərbaycana məxsus heç bir sosial şəbəkə yoxdur ki, bizim parlament onu qanunla tənzimləsin. Sosial şəbəkələrin hamısı ya Amerikada, ya da digər ölkələrdə yerləşir və yerləşdiyi ölkələrin qanunlarına tabedir və onun da tənzimlənməsi müvafiq qanunlara uyğun həyata keçrilir. Sosial şəbəkələrdə anonimliyi aradan qaldırmaq müxtəlif vasitələrlə olur ki, bu da şəxsi ratifikasiyanı mümkün edən məqamlardan biridir”.

Vətəndaş cəmiyyəti böhrandan çıxış yolları axtarır

“Bunun xaricində şəxsiyyət vəsiqəsi tələb etmək heç bir halda sosial şəbəkələr tərəfindən müsbət qarşılanmaz və bunun tətbiqi də mümkün deyil. Çünki sosial şəbəkəyə qoşulmaq virtual olaraq artıq burada yox, aid olduğu ölkələrdə tətbiq edilir və həmin ölkələrin qanunvericiliyinə uyğun həyata keçirilir. Demək olar ki, sosial şəbəkələrdə dünya üzrə 50 milyon “fake” hesab var. Amma Azərbaycanda bir milyon civarında sosial şəbəkə istifadəçisi var ki, bunların da böyük əksəriyyəti real olaraq qeydiyyatdan keçib. Ratifikasiya olmayanların böyük əksəriyyətini isə hökumət trol kimi saxlayır. Yaxud da adi fərdlər var ki, onlar da “fake” hesablar yaradırlar. Onlar həmin hesabların araxsında gizlənib hansısa cinayət əməlində iştirak ediblərsə, bunu da müəyyən etmək mümkündür. Çünki İP adresi, bağlantı nöqtəsi, yaxud telefon və müasir texnologiyalar vasitəsi ilə bunu araşdırmaq olur və gizli qalması da mümkün deyil. Bu baxımdan, sözügeən təklif ifadə azadlığına təhdid və qanunsuz məhdudiyyətdir”, - ekspert vurğulayıb.

 

Əhmədoğlunun fikrincə, rəsmi şəxslər, yaxud siyasətçilər medianı tənzimləmək adı altında məhdudiyyət tətbiq etməklə, medianı bütünlüklə itirə bilərlər: “Azərbaycanda ənənəvi medianı illərdir ki, hökumət tənzimləmə adı altında məhdudlaşdıraraq elə bir həddə gətirib ki, artıq ənənəvi medianın ictimai informasiya məkanında effektlivliyi aşağı düşüb və sosial media mühitini uduzur. Belə olan halda isə bu durumdan dərs çıxarmayıb, yenə də bu istiqamətdə davam edərlərsə, bu, onu göstərəcək ki, hədəf Azərbaycanda peşəkar medianı yox etməkdir”.

 

“Bundan sonra isə Azərbaycanda daha böyük informasiya təhlükəsizliyi problemi yaranacaq. Çünki cəmiyyəti sosial şəbəkələr yönəltməyə başlayacaq. Əgər, hökumət doğru addım atsa, mətbuatın azadlığına müdaxilə etməsə və obyektiv informasiya, obyektiv xəbərləmə funksiyasını özü yerinə yetirsə, platformada aparıcı qüvvəyə çevrilə bilər. Problem ondadır ki, bizdə bəzən peşəkar media adlanan ənənəvi media, jurnalistikanın təməl prinsiplərindən həmişə uzaq olub və daha çox təbliğatla məşğul olub. Təbliğatla da məşğul olduğu üçün izləyicilər etibar etmir. Etibar olmadığı zamanda da aktuallğı düşür və bununla da sosial şəbəkələr real olaraq bazarı ələ keçirir”, - müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib