"Səhiyyə sistemi ilə bağlı sorğu keçirin, görün, camaat nə vəziyyətdədir"

Cəmiyyət

24.09.2019 - 19:21

"Təklif edərdim ki, dünyanın qabaqcıl ölkələri ilə müqayisəli təhlillər aparasınız və cəmiyyətə bu barədə məlumatlar verəsiniz"

 

Xəbər verdiyimiz kimi, bu gün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən (STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans baş tutub. Eyni zamanda tədbirdə STM-nin “www.stm.az” saytı konfrans iştirakçılarına təqdim olunub.  

 

AYNA xəbər verir ki, tədbirdə STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc və Azərbaycan Respublikası Prezident Administrasiyası Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova çıxış edərək, Mərkəzin yaradılması ideyası barədə danışıblar. STM-nin əsas tezislərini bölüşüb, missiyasından, vəzifələrindən söz açıblar.

 

Sonra STM-nin Depertament rəhbəri Seymur Əliyev “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövsuzunda aparılan ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatın qısa icmalını təqdim edib.

 

Ardınca, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov “Azərbaycanda sosial-iqtisadi islahatların yeni mərhələsi cəmiyyətin rifahına xidmət edir” mövzusunda məruzə edib.

Sosial Tədqiqatlar Mərkəzi adlı şəxsin şəkli.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin məruzəsinin mövzusu isə “İctimai rəy-islahatların güzgüsüdür: ASAN xidmət təcrübəsi əsasında” olub.

 

Sonra millət vəkili Tahir Mirkişili “Müasir informasiya texnologiyaları, Big Data fenomeni və sosial tədqiqiatlar” barəsində danışıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli “Azərbaycanda sosial müdafiə sahəsində islahatlar kursu” mövzusunda məruzə edib.

 

Daha sonra Maliyyə nazirinin müşaviri Elman Mehdiyev “Sosial islahatların əhalinin maddi rifahına təsiri”nə aydınlıq gətirib.

 

Millət vəkili Musa Quliyev isə “Sosial qanunvericilik sahəsindəki islahatlar”ı şərh edib.

 

Sonda ADA Universitetinin sosial və beynəlxalq məsələlər fakültəsinin dekanı Anar Vəliyev “İslahatların elmi-nəzəri əsaslarının hazırlanmasında ictimai rəy sorğusu mühüm rola malikdir” mövzusunda məruzə edib.

 

Məruzələr bitdikdən sonra çıxışların müzakirəsi baş tutub, konfrans iştirakçılarının təklifləri, tövsiyələri və iradları dinlənilib.

 

Millət vəkili Qüdrət Həsənquliyev STM-in bundan sonrakı fəaliyyəti ilə bağlı bir neçə təklif irəli sürüb: “İnanıram ki, Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, araşdırmaları ölkədə sabitliyin qorunub saxlanılmasına, təhlükəsizliyin təmin olunmasına, siyasi, sosial, iqtisadi islahatların aparılmasına öz töhfəsini verəcək. Bir detalı diqqətinizə çatdırmaq istəyirəm, təxminən, 90-cı illərdən 2003-cü ilə qədər ölkədə yoxsulluğun səviyyəsi 49,9 fazi idi. Ancaq onda əhalinin dövlətdən tələbləri daha az idi. Çünki o dövrdə insanlar daha çox sabitlik istəyirdilər, təhlükəsizliklə bağlı daha ciddi tədbirlərin görülməsini arzu edirdilər. Ancaq indi yoxsulluq səviyyəsi 5 faiz həddinə enib, amma cəmiyyətin insanlarının qayğıları artıb. O illərdə doğulan, 4-5 yaşında olan uşaqlar indi cəmiyyətin aparıcı qüvvələridir. O vaxt cəmiyyətin aparıcı qüvvəsi olanlar isə bu gün artıq pensionerlərdir. Ona görə də yaxşı olardı ki, bu sorğular, xüsusilə gənclər arasında keçirilsin”.

Sosial Tədqiqatlar Mərkəzi adlı şəxsin şəkli.

“Bir soğruya nəzər yetirəndə gördüm ki, sorğularda iştirak edən respondentlərin 90 nəfəri özəl sektorda, 390-dan artığı isə dövlət sektorunda çalşanlardır. Əlbəttə ki, bu nəticələr uyğun gəlmir, çünki bizdə dövlət sektorunda işləyənlərin sayı özəl sektorda işləyənlərin sayından 4 dəfədən artıq çox deyil. Sorğular keçirilərkən bunlar nəzərə alınsa, daha yaxşı olar. Sorğular keçirilərkən, həmçinin bir sıra məqamlara diqqət yetirilməlidir. Təklif edərdim ki, dünyanın qabaqcıl ölkələri ilə müqayisəli təhlillər aparasınız və cəmiyyətə bu barədə məlumatlar verəsiniz. Çünki nöqsanlı sahələrimizlə yanaşı, uğurlarımız da kifayət qədərdir”, - deyə deputat qeyd edib.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Mərkəzin şəffaflığa və dəqiqliyə əməl etməsini xahiş edib: “İllər öncə xaricdə olanda bir qeyri-hökumət təşkilatı çıxmışdı qarşıma. Həmin təşkilat sorğular aparırdı və sorğularının nəticələrini hökumətə satırdı. Neçə dəfə xahiş etmişdim ki, gəlin, biz də belə bir təşkilat yaradaq. Yəni, Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətini çoxdan gözləyirdim. İnanıram ki, bu mərkəz, doğrudan da, işləyəcək, doğrudan da nəyəsə nail olacaq. Sizdən çox xahiş edirəm ki, dəqiq məlumatlar hazırlansın. Hətta millətə açıqlanmasa belə, sizdə dəqiq məlumatlar olsun, dövlətin özündə saxlanılsın, bilinsin ki, həqiqət nədir, camaat nə fikirləşir, nə edir”.

 

N.Cəfəroğlu STM tərəfindən ölkədəki səhiyyə sisteminin səviyyəsi ilə bağlı sorğular aparılmasını təklif edib: “Sizdən onu da xahiş edirəm ki, ölkədəki səhiyyə haqqında bir sorğu aparasınız. Bu millətdən soruşun, görün vəziyyət nə yerdədir. Heç nəyi olmayan Gürcüstanda cərrahiyyə əməliyyatından tutmuş, istənilən xəstəliklə bağlı xəstəxanaya gedənlərə pul verirlər, nəyə görə bizdə bu yoxdur? Çox xahiş edirəm ki, sorğu keçirilsin və sorğunun nəticələrinə uyğun olaraq Səhiyyə Nazirliyində islahatlar aparılsın”.

Müəllif: Ayna.az