Prezidentin qəzetlərə ayırdığı 1 milyon manat sahiblərinə verilmir - <font color=red> İLGİNC SƏBƏB</font>

Cəmiyyət

31.07.2019 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

KİVDF-dən baş redaktorlara deyilib ki, Fondun büdcəsində kəsir yaranıb

 

22 iyul Milli Mətbuat Günü ilə bağlı ölkə başçısı İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan bir milyon manat vəsait ayırdı. Sərəncamda göstərildi ki, birdəfəlik ayrılan bir milyon manat vəsait qəzetlər arasında bölünsün, onların texniki-təchizatının möhkəmləndirilməsinə yönəldilsin.

 

Amma 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, bu işi həyata keçirməli olan orqan - Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyəsini verməyib. Halbuki, Prezident hər il Milli Mətbuat Günündə qəzetlərə birdəfəlik bir milyon manat vəsait ayrılması ilə bağlı sərəncam imzalayıb, ondan bir gün sonra KİVDF-nin Müşahidə Şurası toplantı keçirərək hansı qəzetə nə qədər maliyyə ayrılması ilə bağlı qərar verib. Bu il isə Müşahidə Şurasından səs çıxmır.

 

AYNA-nın əldə etdiyi məlumata görə, KİVDF Prezidentin bu il qəzetlərə ayırdığı pulu redaksiyalara vermək istəmir. Səbəb kimi isə qəzetlərlə bağlı aprel ayında yeni şərtlərin tətbiq edildiyini, nəşrlərin kateqoriyalara bölündüyünü, Fonddan layihələr həyata keçirmək üçün verilən maliyyənin miqdarının artdığını göstərir. Məlumata görə, KİVDF rəhbərliyi Fondun büdcəsində kəsir qaldığını bildirərək pulu verməkdən imtina edir.

 

Bu isə jurnalistlər arasında narazılığa səbəb olub. Jurnalistər hesab edirlər ki, Prezidentin qəzetlərə ayırdığı maliyyə qəzetlərə çatmalıdır, sərəncam icra olunmalıdır.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı AYNA-ya açıqlamasında faktı təsdiqləyib: “İyul ayının 21-də Prezident qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı 1 milyon manat vəsait ayırıb. Bu, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitdir. Hər il Milli Mətbuat Günü ərəfəsində Prezident belə sərəncam verir və Prezidentin sərəncamından sonra həmin vəsait qəzetlərin tirajına, dövrünə uyğun şəkildə redaksiyalara paylanır. İndi bununla bağlı hələ ki, heç bir aydınlıq yoxdur, heç bir qəzetə vəsait ayrılmayıb. Səbəbini isə ətraflı şəkildə KİVDF bilər”.

Похожее изображение

A.Aşırlı KİVDF-nin büdcəsində kəsir yaranması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Qəzetlərin maliyyələşdirilməsi yeni qaydalarla müəyyənləşdirildi və qəzetlər 3 kateqoriyaya ayrıldı. “Şərq” qəzeti ikinci kateqoriyaya aid edildi və bizə ayrılan vəsait ötən ilə nisbətən, təxminən, 2800 manat artırıldı. Bu da aprel ayında müəyyənləşdirilib. Digər tərəfdən, KİVDF dövlət büdcəsindən maliyyələşir və onun büdcəsi öncədən müəyyən olunur, 6 aydan bir də vəsaitlər müəyyənləşdirilir. Prezidentin ayırdığı həmin vəsait isə Prezidentin Ehtiyat Fondundan verilib. Bu məsələnin nə qədər qanunauyğun olduğunu isə deyə bilmərəm”.

 

“Həmişə ənənəvi şəkildə qəzetlərə mətbuat günü ilə bağlı yardım ayrılır. Qəzetlər də buna, sanki öyrəşib, alışıb. İndi görməyəndə, təbii ki, müxtəlif suallar meydana çıxır. Hesab edirəm ki, bununla bağlı dəqiq, dolğun açıqlama olsa, redaksiyaların əməkdaşları üçün də qaranlıq məqam qalmaz”, – deyə baş redaktor vurğulayıb.

 

Faktı “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid də təsdiqləyib: “Fondun icraçı direktoru Vüqar Səfərli belə izah etdi ki, qəzetlər kateqoriyalara bölündüyünə və birinci kateqoriyaya aid qəzetlərə 20 min manat verildiyinə görə, KİVDF-nin büdcəsində kəsir yaranıb. Və Prezidentin ayırdığı 1 milyon həmin mənfinin bağlanmasına yönəldiləcək. Ona görə də ənənəvi olaraq hər il qəzetlər arasında bölünən 1 milyon bu il, təəssüf ki, olmadı”.

Картинки по запросу Rəşad məcid

“Hesab edirəm ki, bu, düzgün deyil, Prezidentin ayırdığı vəsaitdən bütün qəzetlərə yardım olunmalıydı. Biz də o məbləğdən qəzetin çapına xərcləyirdik, jurnalistlərə az da olsa, mükafatlar verirdik, dəstək olurduq. Bu da olmadı. Artıq əlimi üzmüşəm o vəsaitdən”, – R.Məcid deyib.

 

Millət vəkili, Əməkdar jurnalist, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas da bildirib ki, müəyyən qəzetlərə 20 min manat məbləğində maliyyə yardımı ayrıldı və nəticədə də KİVDF-nin büdcəsində kəsir yarandı: “Ona görə də Prezidentin ayırdığı 1 milyon manat digər qəzetlərə ayrıldı. KİVDF dövlət büdcəsindən maliyyələşsə də, büdcədə qəzetlərə ayrılan pulu artıq xərcləmişdilər və digər qəzetlərə pul ayırmağa Fondun gücü çatmırdı. Həmin 1 milyonla büdcədə yaranmış kəsir kompensasiya olunub”.

Картинки по запросу Aqil abbas

“KVDF-nin üzvü olduğuma görə, bunun nə qədər ədalətli addım olub-olmadığını deyə bilmərəm. Ancaq çox yaxşı olardı ki, Prezidentin ayırdığı həmin vəsait də qəzetlərə çataydı”, – A.Abbas əlavə edib.

 

Məsələyə münasibət öyrənmək üçün dəfələrlə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab ala bilmədik. İstənilən halda, KİVDF-nin də mövqeyini yayımlamağa hazırıq.

Müəllif: Rumiyyə Miraslan