Sağlam və ekoloji təmiz – <font color=red> Lakin riskli</font>

Cəmiyyət

30.08.2020 - 19:03

“Velosipedçilərdən imtahan tələb olunmur və piyadalar kimi onların da bir çoxu yol hərəkəti qaydalarını bilmir”

 

Son zamanlarda ölkəmizin yollarında əvvəlkindən daha çox velosipedçi görmək olar. Lakin onların heç də hamısı yol qaydalarına riayət və qoruyucu dəbilqə kimi zəruri xüsusiyyətlərdən istifadə etmir.

 

Bir müddət əvvəl yol polisi, davranışları ilə yollarda qəzaların yaranmasına səbəb olan velosipedçilərə qarşı reydlər təşkil etdi. Velosipedçilərə qarşı aparılan yoxlamalar, təkcə iyul ayında ölkə daxilində 17 velosipedçinin qəza iştirakçısı olması ilə əlaqədardır. Bu qəzalar nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Qəzalar Bakının Binəqədi, Xəzər rayonlarında, eləcə də Qəbələ, Masallı, Quba, Ağdaş, Göygöl, Oğuz, Sumqayıt, Cəlilabad, Qazax və Gəncədə qeydə alınıb. Səkkiz hadisədə yetkinlik yaşına çatmayan velosipedçilər yaralanıb, onlardan üçü ölüb.

 

Mövcud vəziyyəti AYNA-ya şərh edən "Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədovun sözlərinə görə, ölkəmizdə qaydaları pozmaq, bilməməzliyə görə lovğalanmaq utancverici bir şey sayılmır, əksinə, “krutoyluq” hesab edilir: “Nəqliyyat vasitəsinin sürücüsü kimi velosipedçinin vəzifəsi yol hərəkəti qaydalarını bilməkdir. Avtomobil sürücüləri sürücülük vəsiqəsi almaq üçün imtahan verdikləri üçün onların 80%-i yol hərəkəti qaydalarını bilir. Amma belə imtahan velosipedçilərdən tələb olunmur və piyadalar kimi onların da bir çoxu bu qaydaları bilmir. Ancaq qaydalar bütün yol istifadəçilərinə şamil olunur”.

<img alt="Azərbaycanda yolların konkret sahibi yoxdur" "="" data-cke-saved-src="https://cdn1.img.sputnik.az/images/40436/89/404368954.jpg" src="https://cdn1.img.sputnik.az/images/40436/89/404368954.jpg">

Ekspert deyib ki, İnzibati Xətalar Məcəlləsində bir çox boşluqlar var: “Orada velosipedçilər haqqında demək olar ki, heç bir şey deyilmir. Məsələn, Məcəllədə deyilir ki, bir avtomobil sürücüsü qırmızı işıqda dayanmalıdır. Bu, velosipedçilərə də aiddir, amma qanunda bu göstərilməyib. Peşəkar velosipedçilər bütün yol qaydalarına riayət edərək, qoruyucu dəbilqə geyinirlər. Adətən 17-20 yaşlı, təsadüfi velosiped sürən gənclər qaydaları pozurlar. Buna görə də gənclər arasında yol qəzalarının qurbanları çox olur”.

 

Məmmədov bildirib ki, problem təkcə velosipedçilərin qaydaları  bilməməsi və pozması deyil: “Yollarımızda velosiped sürmək üçün normal şəraitin olmaması da vəziyyəti mürəkkəbləşdirir. Velosiped sağlam və ekoloji cəhətdən təmiz bir nəqliyyat vasitəsidir, lakin normal istifadə edilə bilməsi üçün maddi-texniki bazaya ehtiyacı var. “Yol hərəkəti haqqında” Qanunda deyilir ki, müvafiq strukturlar fərqli vəziyyətləri nəzərə alaraq yollar çəkməyə borcludur və bu sahəyə veloyollar da aiddir. Bakıda nəzərəçarpacaq dərəcədə çox velosipedçi var ki, onlar gündəlik olaraq təhlükəli şəraitdə velosiped sürmək  məcburiyyətində qalırlar”.

 

Mütəxəssisin fikrincə, velosipedçilər üçün şəhərdə normal şərait yaradılmasında elə bir problem yoxdur: “Təki istək olsun. Amma görünür, məsul qurumlar hələlik bunu istəmir. Müsbət nəticə üçün məsələyə hərtərəfli yanaşmaq lazımdır. Velosiped kirayəsi şəhər daxilində, ilk növbədə metrostansiyaların yaxınlığında təşkil edilə bilər. Velosiped yolları şəhərin tarixi hissəsində və mərkəzdə düzəldilməli və bu yolların müəyyən hissəsi avtomobillər üçün bağlanmalıdır. Həm yerli sakinlərin, həm də xarici turistlərin bu cür yollardan məmnun qalacağına əminəm. Çünki bir çox ölkələrdə velosiped populyar nəqliyyat növüdür”.

 

“Yaşayış yerlərində velosiped yollarının çəkilməsi problem deyil, bunun üçün yolların çoxu genişdir. Xüsusilə, 8-ci kilometr bölgəsini və Günəşlini nümunə göstərmək olar. Velosiped zolaqları düzəltməkdə problemli olan yerlər var, çünki orada söhbət təkcə yolların darlığından deyil, həm də yolun hər iki tərəfində avtomobillərin park edilməsindən gedir. Normal qiymətləri olan normal park yerlərinə ehtiyac duyuruq və bundan sonra qanunsuz parklamaya görə cərimələri artırmaq da olar. Velosipedçilər üçün ayrılmış yollarda yenə də maşınlar park edilsə, problem həll edilməmiş qalacaq. Velosipedçilər avtomobillərin yolun onlar üçün təyin olunmuş hissəsinə girməyəcəyinə əmin olmasalar, vəziyyət yaxşılığa doğru dəyişməyəcək”, - ekspert vurğulayıb.

 

Məmmədovun sözlərinə görə, indi bəzi ölkələrdə, xüsusən də ABŞ-da yollarda təkcə velosipedlər deyil, həm də elektrikli skuterlər, elektrik skeytləri və sair kimi texniki yeniliklər peyda olur: “Onların necə təsnifləndirilməsindən aslı olmayaraq, babat da sürət yığa bilirlər. Amma, bu amil orada problem yaratmır. Deyək ki, amerikalılar, əsasən qanuna tabe olurlar və yol hərəkəti qaydalarının bütün iştirakçıları qarşılıqlı hörmət göstərirlər. Bunun sayəsində müxtəlif nəqliyyat vasitələrinin istifadəsi orada problemə çevrilmədi. Bizdə isə təəssüf ki, işlər tamamilə fərqlidir. Hələ ki, elektrikli nəqliyyat vasitələri Azərbaycanda geniş yayılmayıb, amma bu, zaman məsələsidir – 3-5 il arasında. İndidən bunun yollarda xaosa səbəb olmadığına necə əmin olmaq barədə düşünməliyik. Bakıda nadir hallarda yağış yağır və son illərdə isə ümumiyyətlə qar yağmır ki, bu da şəhərimizi belə nəqliyyat vasitələri üçün ideal hala gətirir”.

Müəllif: Elya Belskaya