KİVDF-dən "Prezidentin ayırdığı 1 milyon manat hara xərclənəcək" sualına qəribə cavab

Cəmiyyət

29.08.2019 - 19:10

Həkimlər Klinikalar SEO Xidməti

Qulu Məhərrəmli: "KİVDF-nin qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ayrılan vəsaiti məqalələrin yazılmasına xərcləmək hüququ yoxdur"

 

Bir müddət öncə bildirmişdik ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 22 iyul Milli Mətbuat Günü ilə bağlı ölkə başçısının qəzetlərə ayırdığı 1 milyon manatı redaksiyalara vermək istəmir. Səbəb kimi isə qəzetlərlə bağlı aprel ayında yeni şərtlərin tətbiq edildiyi, nəşrlərin kateqoriyalara bölündüyü, Fonddan layihələr həyata keçirmək üçün verilən maliyyənin miqdarının artdığı göstərilir. Bir sözlə, KİVDF rəhbərliyi Fondun büdcəsində kəsir qaldığını bildirərək pulu verməkdən imtina edir.

 

Bu vəziyyət də jurnalistlər, baş redaktorlar arasında narazılığa səbəb olmuşdu. Jurnalistər hesab edirdilər ki, Prezidentin sərəncamı icra olunmalıdır, qəzetlərə ayırdığı maliyyə qəzetlərə də çatmalıdır. Çünki Prezidentin sərəncamında göstərilir ki, birdəfəlik ayrılan bir milyon manat vəsait qəzetlər arasında bölünməli, onların texniki-təchizatının möhkəmləndirilməsinə yönəldilməlidir.

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, Prezidentin ayırdığı həmin vəsait müvafiq konsepsiyaların hazırlanmasına və qəzetlərə məqalələrin yazılmasına sərf olunacaq.

 

Əməkdaşımızın "Axı, Prezidentin sərəncamında həmin vəsaitin qəzetlərin texniki-təchizatının möhkəmləndirilməsi məqsədi ilə ayrıldığı göstərilib" qeydinə isə V.Səfərlinin cavabı belə olub: “Biz qəzetlərə altı ay ərzində konsepsiyaların hazırlanması və məqalələrin yazılması üçün pul ayıracağıq. Qəzet isə əldə etdiyi pulu öz maddi texniki bazasının möhkəmləndirilməsinə və kompüter alınmasına sərf edə bilər".

 

Tanınmış jurnalist, professor Qulu Məhərrəmli isə AYNA-ya bildirib ki, Prezidentin qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ayırdığı pulu KİVDF-nin məqalələrin yazılmasına xərcləmək hüququ yoxdur.

Image result for Qulu Məhərrəmli

"Hansı konsepsiyalar və məqalələr haqqında söhbət gedir? Bizim KİV bu gün acınacaqlı vəziyyətdə sürünür. Əgər bu pullar həqiqətən də, konsepsiyalarının hazırlanması və məqalələrin yazılması üçün sərf olunardısa, onda yəqin ki, KİV-də vəziyyət bu qədər acınacaqlı olmazdı. İstər-istəməz sual yaranır ki, Prezidentin ayırdığı pul nəyə sərf olunacaq?", - deyə Q.Məhərrəmli əlavə edib.

Müəllif: Rəşad Rüstəmov