Qazaxıstandan qazanc: yekunda hər kəs istədiyini alacaq - Rusiya da, Tokayev də

Dünya

07.01.2022 - 13:18

Asif Nərimanlı: "Əhaliyə paylanılan silahlar əvvəlcədən ölkəyə gətirilən silahlar olub. Silahlı toqquşma xarici müdaxiləyə əsas yaratmaq üçün hazırlanmış kimi görünür"

Qazaxstanda 2022-ci ilin ilk günündə sıxılmış qazın qiymətlərinin artımına qarşı çıxan ölkənin qərb bölgəsindəki şəhərlərin sakinləri etiraz aksiyalarına başladılar. Kəskin etirazlar Qazaxıstanın paytaxtı Nur Sultan da daxil olmaqla, Almatı, Kostanay kimi digər böyük şəhərlərində başladı və qısa müddətdə etirazlar bütün ölkəni bürüdü. 

Yanvarın 5-də etirazlar qarşıdurma həddinə çatdı - əvvəlcə Qazaxıstanın bir neçə şəhər və vilayətində, daha sonra bütün ölkədə fövqəladə vəziyyət rejimi elan edildi. Bununla bağlı Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev fərman imzaladı. Prezident yanvarın 5-də eyni zamanda, özünün sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasını keçirdi və ölkədəki gərgin vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini söylədi. Gecə saatlarında KTMT Qazaxıstan Prezidentinin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Və artıq əsas gücü Rusiya olan KTMT hərbçiləri Qazaxıstanda xidmətə başlayıblar. 

Proseslər sürətlə əvəzləndiyi üçün qarşıdurmaların nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Hər halda, bu gün Qazaxıstanda dəhşətli xaosun yaşandığı müşahidə olunmaqdadır. Maraqlı məqam isə bir həftəyə yaxındır ki, gərginliyin yaşandığı, çaxnaşmanın müşahidə olunduğu türk dövləti Qazaxıstandakı proseslərə əsas türkdilli dövlətlərdən olan Türkiyə sadəcə müşahidəçilik edir. Rəsmi Ankaradan hansısa bəyanat müşahidə olunmur. Düzdür, yanvarın 6-da nəhayət ki, Türkdilli Dövlətləri Təşkilatı bəyanat verdi: "Qazaxıstana hər cür dəstək verməyə hazırıq". Ekspertlər gecikmiş bu bəyanatı dişsiz adlandırırlar. Ankaranın gərginliyə seyirçi mövqeyi sərgiləməsi sualı isə açıq qalır. Onu da qeyd edək ki, gecikmiş də olsa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun həm azərbaycanlı, həm də rusiyalı həmkarı ilə Qazaxıstanı müzakirə etdiyi haqqında məlumat verilib. Lakin müzakirələrdə nələrdən danışıldığı açıqlanmayıb. 

Qazaxıstanda baş verənlərin nə ilə sonuclanacağı, KTMT-nin bu ölkəyə yerləşməsi, Türk Dövlətləri Təşkilatının tutduğu mövqe kimi məsələlərlə bağlı AYNA-nın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb. Analitik deyib ki, Tokayev hakimiyyətini saxlayacaq: 

- Artıq etirazların böyük ölçüdə yatırıldığı məlumdur. Hakimiyyətin silahlı qruplaşmaları tamamilə neytrallaşdıracağı aydın görünür. Xüsusilə, KTMT qüvvələrinin ölkəyə gəlişi hakimiyyətin əlini gücləndirdi və hüquq-mühafizə orqanlarının, eləcə də ordunun etirazçıların tərəfinə keçmə riskini aradan qaldırdı. Sosial səbəblə başlanan etirazların silahlı toqquşmlara keçməsi də hakimiyyətin müdaxilə hüququnu legitinləşdirdi və bu, Tokayevin daha sərt addımlar atmasına imkan verəcək. 

Etirazlar tam neytrallaşdıqdan sonra hakimiyyət etiraza səbəb olan qazın qiymətini aşağı həddə saxlayacaq, siyasi müstəvidə isə sərt tədbirlər gözləniləndir. Bunun üçün böyük ehtimalla hakimiyyət daxilində kimlərsə günahkar elan ediləcək. Çünki baş verənlərin konstitusiya quruluşunun devrilməsinə cəhd olduğu deyilir və etiraza qalxan əhalinin hamısı buna görə cəzalandırıla bilməz. Silaha əl atanlar cəzalandırılacaq. Amma dinc etirazçıların sayı daha çoxdur. Bu baxımdan, hakimiyyət daxilində kimlərinsə günahkar elan ediləcəyi və cəzalandırılacağı mümkündür. Günahkarların Qərblə və Qərbdə fəaliyyət göstərən Qazaxıstan müxalifətinin liderləri ilə əlaqədə olduğu göstəriləcək. Tokayev hakimiyyətini möhkəmləndirmək və Nazarbayevə yaxın kadrların təmizlənməsi üçün də bundan istifadə etməyə çalışacaq. Son hadisələr səbəbindən həm qaz zavodunun rəhbərliyi cəzalandırıldı, həm də güc strukturları rəhbərliyində müəyyən dəyişiklik edildi. Artıq qazın qiymətlərinə görə şirkətlərin də günahlandırılmasına başlanılıb. Əslində proses əvvəldən idarəolunana daha çox bənzəyir və belə demək mümkünsə, yekunda hər kəs istədiyini alacaq, Rusiya da, Tokayev də. 

- Rəsmi Nur Sultan həqiqətən də iğtişaşların qarşısını ala bilmədiyi üçün KTMT-ni köməyə çağırdı?

- Fikrmcə, Qazaxıstan daxilində kənar müdaxiləyə, yəni KTMT-nin qoşun yeritməsinə zəmin formalaşdırıldı. Etirazlara səbəb olan qaz qiymətlərinin artırlması dünya bazarındakı vəziyyətlə əlaqələndirilsə də, qiymətin ikiqat artırılması yanlış addım idi və hadisələrin yekun nəticəsi bu yanlışın bilərəkdən edilməsi ehtimalını gücləndirir. Etirazlar ölkənin qərb bölgəsində Manqistauda başlandı. Hərçənd, məlumatlara görə, etirazlar dekabr ayının sonlarında Aktau şəhərində lokal səviyyədə edilmiş və hökumətin müdaxiləsindən sonra dayanmışdı. Sonra bütövlükdə Manqistau yarımadasına, ardınca digər böyük şəhərlərə keçdi. Mümkündür ki, hadisələrin böyüməsində maraqlı qüvvələr olub. Çünki qərb bölgəsində minik avtomobillərinin 90 faizi maye qazla işləyir və qiymətin iki qat artırılmasının etiraza səbəb olacağı məlum idi. Bununla yanaşı, hökumət sosial tələbi qəbul etdi, hətta hökuməti istefaya göndərdi, buna baxmayaraq, etirazların dayanmaması, siyasiləşməsi və yekunda silahlı toqquşmaya keçməsi prosesin hazırlanmış plan olduğu, yaxud ən azından, sosial etirazdan siyasi məqsədlər üçün istifadə edildiyi versiyasını gücləndirir.

Etirazların liderinin olmaması da diqqət çəkir. “Rəngli inqilab” təcrübəsində etirazların konkret istiqaməti, lideri olur və adətən dinc formada keçirilir. Qazaxıstanda baş verənlər isə daha çox xaosun yaradılmasına hesablanmış kimi görünür. Sosial etirazçılar iaşə obyektlərinə, banklara, yaxud inzibati binalara hücum edə bilər, amma silah anbarına, hərbi obyektlərə hücumların edilməsi artıq fərqli məqsədlərdən xəbər verir. Digər tərəfdən, istisna deyil ki, əhaliyə paylanılan silahlar əvvəlcədən ölkəyə gətirilən silahlar olub. Silahlı toqquşma xarici müdaxiləyə əsas yaratmaq üçün hazırlanmış kimi görünür. Qazaxıstanın 70 minlik aktiv ordusu var, etirazlar silahlı toqquşma mərhələsinə keçsə də, say baxımından, böyük ölçüdə deyildi və Qazaxıstan Ordusu da bunun qarşısını ala bilərdi. Lakin ölkəyə KTMT qüvvələri dəvət edildi. Burada Tokayevin ordunun etirazçılar tərəfinə keçməsi qorxusu səbəblərdən biri ola bilər, amma geosiyasi proseslər fonunda bu səbəb daha az inandırıcıdır. Bu baxımdan, proseslər KTMT-nin gəlişinə hazırlıq olduğu ehtimalı daha ön plandadır.

Mümkündür ki, məqsəd Nazarbayevin göndərilməsi idi. MDB-nin Sankt-Peterburqda keçirilən son iclasında Putinlə Nazarbayevin təkbətək görüşü keçirildi. Görüşlə bağlı geniş məlumat yoxdur. Hesab etmək olar ki, Putin Nazarbayevdən istədiyini ala bilməyib və belə bir ssenari tətbiq edilib. Bu istək Qazaxıstanla Rusiyanın Belarus variantı ilə “birlik dövlət” modelinə keçməsi də ola bilərdi. Eyni zamanda, ruslar Türk Dövlətləri Təşkilatının Mərkəzi Asiyada genişlənməsi, inteqrasiyanı gücləndirməsində də maraqlı deyildilər və bu prosesdə Nazarbayev həlledici amil idi. Nazarbayev həm də Rusiya, Çin və ABŞ geosiyasi üçbucağında Qazaxıstanın maraqlarını qoruya bilirdi. Təsadüfi deyil ki, hadisələr başlayanda Rusiyanın ekspert cameəsi “iki stulda əyləşməyin əvəzi olmalı idi” tipli çıxışlar edirdi, o cümlədən, rus əhalisinin yaşadığı şimal bölgələrində heç bir sakitliyin hökm sürməsi də bu kontekstdə diqqət çəkirdi. Rusiya istəyinə nail oldu. Cənub sərhədində bufer zonanı gücləndirdi, türk birliyinin sürətli inteqrasiyasının qarşısını aldı və Mərkəzi Asiyada “təhlükəsizliyin qarantı” olduğunu gücləndirdi. 

- Tokayevin hakimiyyətdən getməsi mümkündürmü?

- Qarşıdakı dövrdə belə bir perspektiv görünmür. Hazırda Tokayev rusların istədiyini vermiş kimi görünür, buna görə hakimiyyətini davam etdirəcək. Türk birliyi də indiki dövrdə Tokayevlə işləməyə məcburdur. Çin də Qazaxıstanda sistemin dəyişməsini istəmir. Fikrimcə, Tokayev etirazların yatırılmasından sonra hakimiyyətini gücləndirmək üçün addımlarını sərtləşdirəcək. Ümumilikdə isə Qazaxıstanda mövcud sistem dəyişməyəcək, ən yaxşı halda Tokayevi hakimiyyətin içindən kimsə əvəzləyə bilər. Lakin Tokayev hələki hər kəsin işləmək istədiyi, yaxud buna məcbur olduğu fiqurdur.

- Maraqlı məqam, Türk Dövlətləri Təşkilatının proseslərə kənardan baxmasıdır. Düzdür, gecikmiş də olsa, bəyanat verildi, amma aktiv siyasi müdaxilə görünmür. Bunun səbəbi nədir? 

- Hadisələr bir daha təsdiq etdi ki, Türk Dövlətləri Təşkilatının mexanizmləri zəifdir. İndiyə qədər daha çox mədəni əlaqələr qurulmuşdu, hərbi və siyasi əlaqələr zəif olub. Təşkilat elan olunan qədər bu istiqamətlərdə də əlaqələr gücləndirilməli idi. Bunun subyektiv səbəbi strategiyanın doğru olmamasındadır, obyektiv səbəbi isə həmişə Rusiya amilinin maneəyə çevrilməsidir. Obyektiv səbəb daha çox rol oynayıb. Təşkilatın gec bəyanat verməsi də fikrimcə, hadisələri anlamaq baxımından idi. Çünki proses Nazarbayevin neytrallaşdırılması ilə nəticələndi və belə demək mümkünsə, fors-major situasiya yarandı. Təşkilatın prosesə müdaxiləsi imkanlarının zəif olduğunu düşünürəm. 

- Xüsusən də, Türk Dövlətləri Təşkilatının əsas dövləti olan Türkiyə prosesdən kənardadır. Bunun səbəbi nədir?

- Türkiyənin prosesdən kənarda qalması da fikrimcə, Rusiya qədər rıçaqlarının olmamasıdır. Qazaxıstan “rus ittifaq”larının ikinci əsas ölkəsidir və etiraf etməliyik ki, Ankara istəsəydi belə, hadisələrin qarşısını almaq, yaxud axarını dəyişmək imkanında deyildi. Bununla yanaşı, proseslərə müdaxilə Rusiya ilə üz-üzə gəlmək olardı və bu, həm mövcud geosiyasi reallıqlar fonunda sərfəli deyil, həm digər türkdilli ölkələrə təsir edəcəkdi, həm də bundan sonra atılacaq addımları çətinləşdirə bilərdi. Fikrimcə, Türkiyənin rəhbərliyi altında Türk Dövlətləri Təşkilatı baş verənlərdən nəticə çıxaracaq və həm Qazaxıstanın, həm də digər türkdilli ölkələrin türk birliyi çətiri altından çıxmaması istiqamətində çalışacaq.

Müəllif: Anar Bayramoğlu