Qarabağda işə salınan "rus icması" ssenarisi: Moskvanın planları təhlükəlidir

Siyasət

01.01.2022 - 15:33

Asif Nərimanlı: "Rusiya anlayır ki, təkcə “erməni əhali” amili onun istəyinə nail olmasına bəs etməyəcək"

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il verdiyi son bəyanatda Qarabağın Azərbaycana aid olduğuna eyham vurmuş oldu. Paşinyan qeyd etdi ki, Qarabağın yekun statusu Azərbaycanın Konstitusiyası əsasında həllini tapmalıdır. Bununla yanaşı, Ermənistan Baş naziri rəsmi İrəvanın sülh müqaviləsini imzalamağa hazır olduğunu söylədi. Paşinyanın məlum bəyanatı, məsələyə yanaşması erməni cəmiyyətinin müəyyən kəsimində narazılıq yaratdı. Xüsusən də, separatçılar rəsmi İrəvanın bu mövqeyinə qarşı çıxırlar. 

Paşinyanın açıqlaması ilə bağlı AYNA-ya danışan siyasi icmalçı Asif Nərimanlı deyib ki, sözügedən bəyanat ermənilərə “Qarabağın statusu”na nail ola bilməyəcəyik” xəbərdarlığının öncədən verilməsi kimi qəbul oluna bilər: 

- Müharibədən sonra Ermənistan “status” məsələsi üzərindən çıxış edirdi və bu prosesdə ümidləri var idi. Hesab edirdilər ki, Minsk Qrupu formatının qaytarılması mümkün ola bilər və bu məsələdə ən çox dəstək verən Fransa idi. Lakin ilin sonuna doğru bu ümidləri azaldı. Çünki Ərdoğan və Putin Soçi görüşündə bölgə ilə bağlı razılaşdı, ABŞ Cənubi Qafqazda Türkiyəni tərəf kimi qəbul etdi, Fransa qəbul etməyə razılaşdı. Regionda İrəvanın yeganə qapısı kimi qalan İranın cəhdləri baş tutmadı və Tehran reallıqları qəbul edərək Bakı ilə masaya əyləşdi. Fars körfəzi - Qara dəniz marşrutunun Ermənistan yox, Azərbaycan üzərindən keçməsi ilə bağlı razılıq İrəvan üçün çox şeyin itirildiyi deməkdir. Soçidə sərhəd məsələsi razılaşdırıldı, İrəvanın narazılıq etdiyi kommunikasiya məsələsi Brüsseldə razılaşdırıldı və ən mühüm məqam Ermənistanın ümid etdiyi Qərb cəbhəsində Minsk Qrupu yox, postmünaqişə dövrünün gündəliyini qəbul edən Avropa İttifaqı oyuna daxil edildi. 

Paşinyan anlayır ki, proses yekun sülh müqaviləsinə doğru gedir və “status”la bağlı qabaqlayıcı addım atdı. Hər şeyi keçmiş hakimiyyətin üzərinə ataraq, problemi miras kimi qəbul etdiyini dilə gətirdi. Hətta bildirdi ki, “status” məsələsi üçün Minsk Qrupu formatından nəsə etməyə çalışacaqlar. Hərçənd, çıxışının ümumi məğzi belə idi ki, “əlimizdən gələni edəcəyik, lakin nəyəsə ümid etməyin mənası” yoxdur.   

- Paşinyanın son açıqlamaları bunu deməyə əsas verirmi ki, artıq Ermənistan Qarabağ iddiasından birdəfəlik əl çəkdi?

- Ermənistan de-fakto Qarabağdan əl çəkir. Əslində bunu prosesin inkişafı zəruri edir. Sərhədin müəyyən edilməsinə, regional əməkdaşlıq platformalarında əlaqələrin qurulmasına paralel olaraq, dilə gətirməsəydilər belə, bu baş verəcək. Paşinyan hər kəsi qabaqlayır, sülh müqaviləsi imzalanacağı təqdirdə, ona qarşı olacaq ittihamları indidən önləyir. Ermənistanın Qarabağla bağlı iddiası ümumilikdə həmişə qalacaq kimi görünür. Burada dəyişən Ermənistanın rəsmi mövqeyidir, ideoloji baxımdan dəyişiklik çətin görünür. Xüsusilə erməni diasporu və millətçilərinin timsalında. Azərbaycan üçün də əsas olan Ermənistanın rəsmi şəkildə Qarabağı bizim ərazimiz kimi tanımasıdır ki, prosesin bu istiqamətdə irəliləyişi sürətlənib. Mümkündür ki, yenə hansısa maneələr, problemlər olacaq, lakin prosesin yekununun belə olacağı aydın görünür. Ermənistanda Qarabağa iddialar isə qalacaq, sonrakı dövrdə bu iddialar yenidən rəsmi siyasətin mərkəzinə çevrilə bilər. Lakin əsas olan bu iddianı həyata keçirmək üçün imkanın, potensialın qalması, nə qədər olmasıdır. Rəsmi Bakı Ermənistanın bu imkanlarını sıradan çıxarır. Belə olduğu təqdirdə iddialar elə iddia olaraq da qalacaq.

- Qarabağ separatçıları Paşinyanın bu bəyanatı ilə razılaşmadılar. Belə fikirlər var ki, İrəvandan əlini üzən qondarma qurum sülhməramlıların timsalında Rusiyaya sığınmaq yolu seçirlər. Rusiya münaqişəni saxlamaq, bundan Azərbaycana təzyiq elementləri üçün separatçıların istəyinə müsbət yanaşa bilərmi?

- Bu proses Paşinyanın, separatçılar və rusların birgə planı kimi da görünür, yaxud hər birinin öz maraqlarının olduğunu deyə bilərik. Paşinyan bununla “Qarabağ kartı"nı Ermənistanın daxili siyasətindən çıxarır, separatçıları rusların qucağına itələyir. “Status” məsələsində məsuliyyəti də ruslarla bölüşdürür, yəni bu məsələdə Rusiyanı da günahkar kimi göstərmək imkanı qazanır. Ən əsası isə problemi Bakı və Moskvanın məsələsinə çevirir və bununla problemdən yaxasını qurtarır. Separatçılar da anlayır ki, Ermənistan onların “sağ qalması”na kömək edə biləcək gücdə deyil və İrəvanla qarşıdurmaya gedərək Rusiyaya sığınırlar. Və düşünürlər ki, yalnız Moskva onları xilas edə bilər. Rusiyanın istəyi isə "Qarabağ kartı"nı indidən əlinə almaq və Bakıya qarşı istifadə etməkdir. Moskva əvvəldən bölgədə daha uzunmüddətli qalmağın yollarını axtarır. Ermənistanın oyundan kənarlaşması Qarabağı Rusiya və Azərbaycan arasındakı məsələyə çevirir. Rusiya anlayır ki, təkcə “erməni əhali” amili onun istəyinə nail olmasına bəs etməyəcək, “rus icması” ssenarisinin işə salınması da bölgədə qalmaq üçün əsaslarını genişləndirməyə hesablanıb. Prosesin bu istiqamətdə inkişafı təhlükəlidir və bu, Qarabağda “etnik münaqişə”nin davamlı qalması perspektivini vəd edir. Fikrimcə, Rusiya Azərbaycanın Avrasiya İttifaqına müşahidəçi statusda qatılmasını istəyir və "Qarabağ kartı"ndan bunun üçün istifadə edə bilər. Bizim burada üstün tərəflərimiz Türkiyənin də proseslərdə iştirakı, Türkiyə və Rusiyanın regionla bağlı razılaşmaları, Qərb-Rusiya toqquşmasında Azərbaycanın Rusiya üçün əhəmiyyətinin daha da artması və problemin həlli imkanlarının tükənməməsidir. Bakının hazırkı prioritetləri sərhədin müəyyən edilməsidir. Bu, bölgədə də, Qarabağda da çox şeyi dəyişəcək. Lakin Qarabağdakı rus ssenarilərinə qarşı da immunitenti indidən gücləndirməliyik. 

- Paşinyan sülh müqaviləsinə hazır olduğunu bildirdi. Rəsmi Bakı da dəfələrlə yekun müqaviləyə hazır olduğunu bəyan edib. Belədirsə, o zaman müqavilənin bağlanmasına maneə nədir?

- Sülh müqaviləsinə qədər həll edilməli məsələlər var, xüsusilə sərhəd müəyyən edilməlidir. Bu proses başa çatdıqdan sonra məsələ gündəmə gələ bilər. Ermənistan Qarabağ məsələsinin də bu müqavilədə əksinin tapmasını istəyir. Lakin Rusiyadan sonra İrəvanın ümid etdiyi Qərbin də bu məsələdə Bakının gündəliyinə yaxın mövqedən çıxış etməsi, bunun ardınca Paşinyanın “status”la bağlı dedikləri və separatçıların arxasından tədricən çəkilməsi belə cədhlərin baş tutmadığını göstərir. Əslində bu, sülh müqaviləsini tezləşdirən amildir. Digər tərəfdən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində ilkin addımların atılması və Ankaranın əsas şərtinin Bakının tələblərinin yerinə yetirilməsi olduğunu da nəzərə alsaq, bu gözlənti daha da artır. Fikrimcə, növbəti ilin sonlarına doğru sülh müqaviləsi məsələsi aktuallaşa bilər. Bakı həmişə bunu dilə gətirsə də, İrəvan ilk dəfədir ki, bu qədər açıq şəkildə danışır və diqqətçəkən məqam odur ki, Paşinyan son müsahibəsində sülh müqaviləsindən danışarkən Qarabağla bağlı məsələni bura daxil etmədi. Bu prosesdə Rusiya maneələr yarada bilər, lakin Moskvanın əsas istəyi Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində həmişə “hakim rolda” qalmaqdır. Və Moskva sülh müqaviləsi danışıqlarında da əsas vasitəçi olmaq niyyətindədir. Mümkündür ki, bunun üçün Rusiyaya yeni imkanlar tanınacaq.

Müəllif: Anar Bayramoğlu