Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var

Siyasət

03.01.2020 - 14:50

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ və İran bir-birlərinə qarşı fərqli məkanlarda savaşa başlayıbsa, bu, ətrafa da sıçraya bilər

 

İranın əfsanəvi generalı, İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri Qasım Süleymaninin Bağdadda öldürülməsi bölgədə vəziyyəti gərginləşdirəcək. 3 gün əvvəlki statusumda Amerika ilə İranın İraq ərazisində savaşdığını yazmışdım.

 

Amerika İraqda İranın dəstəklədiyi “Hizbullah”ın mövqelərini bombaladı, ardından Amerikanın Bağdaddakı səfirliyinə hücum təşkil edildi. Vaşqinqton səfirliyə hücumun arxasında İranın dayandığını iddia edir. Məsələ burasındadır ki, bir müddət əvvəl də İranın İraqdakı konsulluğuna hücum edilmişdi. İran da konsulluğa hücumun arxasında Amerikanın dayandığını iddia etdi.

 

Amerika elə Süleymanini də məhz ona görə Bağdadda raket zərbəsi ilə öldürdü ki, hamıya göstərsin ki, elə Amerika səfirliyinə hücumun planını Bağdadda olan Süleymani planlaşdırıb. Süleymani həqiqətən İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi.

 

Tehran inqtiqam sözü verir. Terror savaşı başlaya bilər. İranın Amerikaya birbaşa əli çatmır. Ancaq Tehran İraqda, Livanda və ya hansısa digər ərəb ölkəsində tərəfdarları vasitəsilə Amerikanın məntəqəsinə hücum təşkil edə bilər.

 

Qasim Süleymani İran üçün böyük fiqur idi. O, birbaşa İranın dini liderinə bağlı general idi. Hətta deyilirdi ki, Süleymani hərbi mundirini nə zamansa siyasətçi qiyafəsinə dəyişsə, asanlıqla İranın prezidenti seçilə bilərdi.

 

Belə bir firuqurun öldürülməsini Tehran cavabsız qoymayacaq. Ancaq mümkün cavabı da Amerika cavabsız qoymayacaq və beləcə bölgədə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil. Amerika Süleymanini öldürməklə Tehrana mesaj yolladı ki, İraqda və Suriyada hərbi birləşmələriniz hədəfimizdədir. Növbəti gedişi İran edəcək.

 

Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Bizim həm İranla, həm də Amerika ilə yaxşı münasibətlərimiz var. Ancaq əgər bu iki ölkə bir-birlərinə qarşı fərqli məkanlarda savaşa başlayıbsa, bu, ətrafa da sıçraya bilər.

 

Qasim Süleymaninin öldürülməsinə ilk reaksiya verən ölkələrdən biri Rusiya oldu. Rusiya Xarici İşlər Nazirliyi iranlı generalın öldürülməsi ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verib. Bəyanatda bu sözlər yer alıb: “Süleymaninin ABŞ-ın raket zərbələri nəticəsində öldürülməsinə bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq avantürist addım kimi baxırıq. Qasım Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi".

 

Deməli, Tehran kimi Moskva da Süleymaninin haqq işinə xidmət etdiyini düşünürdü. Süleymani bir neçə dəfə Moskvada olmuş və rusiyalı generallarla Suriyadakı hərbi əməliyyatın detallarını müzakirə etmişdi. Kreml Tehranla tərəfdaş olsa da, İranın Suriyadakı siyasi və hərbi varlığını bir qədər ehtiyatla qarşılayırdı.

 

Buna baxmayaraq, Kreml Süleymani ilə sıx dialoq qurmuşdu və onunla istənilən məsələni həll edirdi. Ona görə də Süleymaninin öldürülməsi eyni zamanda, Rusiyanın Suriyadakı maraqlarına toxunur. Ancaq İranın Amerikaya qarşı cavab aksiyasının necə olacağı Kremli də ciddi düşündürür. Çünki bölgədə İran-Amerika qarşıdurması Rusiyanın maraqlarına cavab vermir. İran-Amerika qarşıdurmasının qızışması İsrailin maraqlarına cavab verir.

 

Türkiyənin Xarici İşlər Nazirliyi hələ ki, Qasım Süleymaninin öldürülməsinə münasibət bildirməyib. Ankara çətin durumdadır. Türkiyə bir tərəfdən Qasım Süleymaninin Suriyadakı əməliyyatlarından narahat idi, digər tərəfdən Amerikanın İslam Keşikçiləri Korpusunun terrorçular siyasına alınmasını dəstəkləmirdi. Ankara eyni zamanda Amerikanın Bağdaddakı səfirliyinə hücumu pisləmişdi. Türkiyə nə qonşusu İranla münasibətləri gərginləşdirmək istəyir, nə də mövcud anlaşmazlıqlara rəğmən, Süleymaninin öldürülməsinə görə Vaşinqtonu qınayan açıqlamaya üstünlük verir.

Müəllif: Elxan Şahinoğlu, politoloq