"Daha 5-6 dairədə nəticələr ləğv edilməlidir ki, parlamentə münasibət dəyişsin"

Siyasət

28.02.2020 - 13:25

Elxan Şükürlü: “Konstitusiya Məhkəməsi müstəqillik görüntüsü naminə hansısa dairənin nəticələrini ləğv edə bilər, ancaq bu, bütövlükdə yeni parlamentə münasibəti dəyişməyəcək”

 

Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral seçkiləri ilə bağlı araşdırma prosesini başa çatdıraraq, yekun sənədi hüquqi qüvvəyə minməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Hazırda MSK-nın elan etdiyi nəticələrin mövcud reallıqları nə dərəcədə əks etdirib-etdirmədiyi, eləcə də Konstitusiya Məhkəməsinin rəyinin necə olacağı ekspert dairələrində ciddi müzakirə mövzusudur. Konstitusiya Məhkəməsinin qərarının fərqli ola biləcəyini də, MSK-nın elan etdiyi yekun rəyin olduğu kimi saxlanacağını da düşünənlər az deyil. Bəs, ümumiyyətlə bu seçki prosesi qarşıdakı siyasi hadisələrə necə təsir edəcək?

 

AYNA-nın mövzu ətrafında suallarını “Strateq.az” analitik-informasiya saytının rəhbəri Elxan Şükürlü cavablandırıb.

 

- Elxan bəy, Azərbaycanda növbədənkənar parlament seçkiləri artıq başa çatıb. Seçkidən qabaq AYNA-ya demişdiniz ki, bu seçkilər hakimiyyətin islahatlar siyasətinə yekun qiymətin verilməsi baxımından çox önəmli hadisə olacaq. İndi qiymətləndirməniz necədir: seçki prosesinin gedişi və nəticələr hakimiyyətin islahat siyasətinə adekvat oldumu?

 

- Təəssüf ki, yox. Əksinə, düşünürəm ki, bu parlament seçkiləri ilə hakimiyyət ötən ilin payızından bəri cəmiyyətdə yaranmış islahat ümidlərinə çox böyük zərbə vurmuş oldu. Bu seçkilərin hələlik görünən yeganə nəticəsi odur ki, hakimiyyət özünə yeni nəsil müdafiəçilər ordusu yaratmaq və üzərindəki bir xeyli çirkabı da təmizləmək fürsətini qaçırmaqla yanaşı, həm öz ənənəvi sosial bazasında, həm də islahat çağırışlarından ümidlənmiş bitərəf təbəqədə xeyli məyusluq və narazılıq əhvalı yaradaraq, “köhnələr”in və müxalifətin xeyrinə fikirlərə rəvac verdi.

Mərahim Nəsib