Cəmiyyət xəbərsiz, müxalifət həvəssiz, YAP isə mübarizəyə hazırlaşır

Siyasət

28.11.2019 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Bələdiyyə seçkilərinə bir aydan az vaxt qalsa da, vətəndaşlar arasında və siyasi düşərgədə ciddi fəallıq hiss olunmur

 

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə az vaxt qalsa da, siyasi arenada durğunluq yaşanır. Maraqlıdır ki, digər ölkələrdə bələdiyyə seçkiləri ərəfəsində ciddi hazırlıqlar görülsə də, Azərbaycanda bu siyasi ənənəyə o qədər də əhəmiyyət verilmir. Səbəblər isə müxtəlifdir. Vəziyyətə siyasilərlə AYNA tutmağa çalışdıq.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə bələdiyyə seçkilərinin əhəmiyyətli olmadığını düşünür: “Əsas problemlərdən biri odur ki, bələdiyyələrin statusları olduqca aşağıdır. Həm əhali, həm də siyasi təbəqə üçün bələdiyyələrin statuslarının aşağı olması bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin sayına ciddi təsir göstərir. Bələdiyyə orqanlarının əhəmiyyəti o qədər qeyri-ciddidir ki, hətta bəzi yerlərdə iclaslar belə, keçirilmir. Vətəndaşlar və siyasi təbəqə də bunu bildiyi üçün bu proseslərdə iştirak etməkdə maraqlı deyillər”.

 

“Digər tərəfdən, siyasi institutlar, az statuslu bələdiyyələrdə iştirak edib dinamika yaratmaq və siyasi partiyanın təbliğatı ilə məşğul olmaq kimi bir funksiyanı həyata keçirmək niyyətində deyil. Çünki Parlament və Prezident seçkiləri kimi nüfuzlu seçkilər daha maraqlı və daha əhəmiyyətlidir”, - İ.Ağazadə əlavə edib.  

Mərahim Nəsib