Makron Putini “dişinə vurmaq” istəyir

Siyasət

19.08.2019 - 11:21

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “Fransız lider zirvə toplantısı öncəsində rusiyalı həmkarının fikirini öyrənməklə əlini gücləndirmək məqsədi güdür”

 

“Azərbaycan və İran prezidentləri ilə görüşü “texniki” səbəbdən təxirə salan Rusiyanın dövlət başçısı Vladimir Putin, bu gün Fransaya gedir. Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarını nədən Parisə dəvət edib? Məsələ burasındadır ki, Makron Putini yola salandan bir neçə gün sonra “böyük yeddilərin” zirvə toplantısına ev sahibliyi edəcək”.

 

AYNA xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şəxsi “Facebook” hesabında paylaşıb. Onun sözlərinə görə, Makron bu zirvə toplantısı öncəsində Putinin fikirini öyrənməklə əlini gücləndirmək istəyir.

 

“Ukraynaya görə, Qərb ölkələri 5 ildir Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Ancaq Paris hesab edir ki, qarşı tərəfi də dinləmək lazımdır ki, ortaq yollar tapmaq mümkün olsun. Makron Putinlə görüşün hesabatını hazırlayaraq onu qərbli həmkarlarının diqqətinə çatdıracaq”, - siyasi şərhçi bildirib.

 

Şahinoğlu Makronun Putinlə hansısa konkret razılığa gələcəyini istisna edir: “Sadəcə, Makron ümid edir ki, Putin Ukraynanın yeni Prezidenti Vladimir Zelenski ilə dialoqa başlayacaq. Təsadüfi deyil ki, Makron bir müddət əvvəl Zelenskini də Parisə dəvət etmiş və onu dinləmişdi. Başqa sözlə, Makron həm də bir növ Kiyevlə Moskva arasında vasitəçi rolunda çıxış etməyə çalışır”.

 

Politoloq Fransanın Avropanın iki aparıcı dövlətindən biri olduğunu xatırladıb: “Əslində Donbas məsələsində Minsk Qrupunda Rusiya, Ukrayna və Fransadan başqa Almaniya da var. Ancaq Almaniyanın kansleri Angela Merkel hakimiyyətdən getməyə hazırlaşır və səhhətində müəyyən problemlər var. Bu durumdan Makron istifadə edərək Qərblə Rusiya arasında körpü rolunu oynamağa çalışır. Putinlə müzakirə ediləcək digər mövzular da var: Suriyada müharibənin sona çatdırılmasının tapılması mexanizmləri, İran və Yaxın Şərq. Makron Putinin bu mövzulara da baxışını öyrənmək istəyir”.

Müəllif: Ayna.az