“İdlibdə ya Türkiyənin dediyi olacaq, ya da...”

Siyasət

21.02.2020 - 19:04

Toğrul İsmayıl: “Rusiya təbliğatı Azərbaycanda çox təsirli olduğu üçün elə təəssürat yaranır ki, sanki Suriyada məsələ bitib, Əsəd hər şeyə hakimdir”

 

Suriyanın İdlib vilayətində Türkiyə və Suriya qoşunları arasında gərginlik durmadan artır. Son məlumatlara əsasən, İdlibdə aviazərbələr nəticəsində Türkiyə ordusunun 2 əsgəri şəhid olub. Əsəd rejiminin isə 50-dən çox əsgəri öldürülüb, 5 tank, 2 zirehli avtomobil, 2 silahlı pikap və 1 topu məhv edilib.

 

Qarşıdurmalar nəticəsində dağıntıların miqyası da kifayət qədər artıb. Üstəlik, son 15 gündə hava və quru hücumları nəticəsində, ən azı 100 vətəndaş həyatını itirib.

 

AYNA-nın mövzu ətrafında suallarını Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl cavablandırıb.

 

- Toğrul müəllim, İdlib ətrafında, əsasən də Rusiya ilə Türkiyə arasında gərginlik artır. Baş verənlərin gedişatını necə proqnozlaşdırırsınız?

 

- Əslində, Türkiyə ilə Rusiya arasında ciddi, şiddətli qarşıdurma olduğunu düşünmürəm. Sadəcə, iki ölkə arasında strateji əməkdaşlıq olsa da, bu istiqamətdə fikirlər üst-üstə düşmür və nəticədə belə xoşagəlməz hadisələr yaşanır. Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Münhen konfransında mövzu ilə bağlı açıqlama verərkən, fikirlərin hər zaman üst-üstə düşməyəcəyini qeyd etmişdi. Təbii ki, hər ölkənin öz maraqları var və bu istiqamətdə də hərəkət edirlər. Hazırda Rusiya Əsəd rejimi vasitəsi ilə hərəkətə keçsə də, mütləq surətdə Türkiyə bunun qarşılığını verəcək və artıq verməyə də başlayıb. Türkiyə də eyni strategiyanı həyata keçirərək Əsəd rejiminə müxalif olan qüvvələrə dəstək verir və hücumlar həyata keçirir. Yəni Rusiya Əsədə dəstək verirsə, Türkiyə də Əsədə müxalif olan qüvvələrə dəstək verir. Hadisələr də bu şəkildə inkişaf edəcək. Lakin istənilən halda əvvəl-axır iki ölkənin bir araya gəlib görüşməsi lazımdır. Çünki Türkiyənin İdlib məsələsində geri addım atmaq şansı və niyyəti yoxdur. Əks halda böyük problemlər ortaya çıxa bilər. 

Mərahim Nəsib