“Qaçqınlara qarşı eyni addımı Türkiyə atmış olsaydı, dünya ayağa qalxardı”

Siyasət

21.03.2020 - 20:13

İlqar Vəlizadə: “Bütün tərəflər məsələyə əl qoysa, miqrant problemi öz həllini tapa bilər”

 

Türkiyə ilə Yunanıstan arasında mühacir qalmaqalı davam edir. Türkiyənin Ədirnə valiliyin son açıqlamasına görə, ölkənin müxtəlif bölgələrindən Ədirnəyə gələrək Avropaya keçən mmiqrant sayı 147 min 132 nəfərə çatıb. Valilikdən o da vurğulanıb ki, Yunanıstan sərhədində təhlükəsizlik qüvvələri miqrantlara qaz, duman, bomba və güllələrlə müdaxilə edərək 3 mühacirin həyatına son qoyub, 214 nəfəri isə yaralayıb.

 

Beynəlxalq İnsan Haqları Təşkilatı (Human Rights Watch) isə son hesabatında baş verənlərə görə Türkiyəyə öz dəstəyini nümayiş etdirib. Hesabatda Yunanıstanın qaçqınlara qarşı şiddət tətbiq etdiyi bildirilib: “Yunan təhlükəsizlik qüvvələri sərhəddə qaçqınları nəzarətə götürərək şiddət tətbiq edir, cinsi istismara məruz qoyur və nəticədə Türkiyəyə geri göndərir. Avropa İttifaqı isə baş verənlərə göz yumur”.

 

Baş verənləri AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, artıq mühacir qalmaqalı səngiyə bilər: “Koronavirusun yayılması və Avropa İttifaqının koronavirusla bağlı qəbul etdiyi qərarlarla əlaqəli, qeyd etdiyiniz gərginlik müəyyən dərəcədə səngiyə bilər. Belə ki, Avropa İttifaqı ölkələri karantin elan edib. Karantinə əsasən, İttifaq ərazisinə başqa ölkələrdən giriş 30 günlük qadağan edilib. Təsəvvür edin ki, normal viza şərtlərinə, qaydalara əməl edən ölkələrə bu cür qadağa qoyulursa, miqrantlara əlbəttə ki, daha sərt qadağalar tətbiq ediləcək. Düşünürəm ki, bu da başadüşüləndir. Türkiyənin də buna narazılıq edəcəyi inandırıcı deyil. Hər halda indiki mərhələdə karantin bu prosesdə müəyyən dərəcədə tənzimləyici rol oynaya bilər”.

Mərahim Nəsib