Rusiya Belarusa satılan neftin qiymətini qaldırır, Minsk isə Moskva üçün nəzərdə tutulan imtiyazları ləğv edir
“Bu gün Minsk ilə Moskva arasında siyasi problem deyil, Belarus ilə Rusiyanın neft ixrac edən şirkətləri arasında uzlaşmanın olmaması problemi yaşanır. Bu sahədəki münasibətlər 2011-ci il müqavilələri ilə tənzimlənir. Həmin müqavilələrə əsasən, məhsulların qiymətində Rusiya şirkətlərinə xüsusi imtiyazlar nəzərdə tutulub”.
Bunu AYNA-ya şərhində belaruslu politoloq Aleksandr Şpakovski deyib. Onun sözlərinə görə, Rusiya Federasiyasının neft sənayesində vergi dəyişiklikləri edilməsi nəticəsində, Belarusa satılan xam neftin qiyməti hər il artır və əslində dünya səviyyəsinə çatdırılıb: “Belə şəraitdə Rusiya şirkətlərinə Belarus tərəfdən müstəsna bonuslar ödəməyin mənası yoxdur. Bundan əlavə, Belarus üçün neft qiymətlərinin artması fonunda, bir tədarükçüdən asılı olmamaq üçün idxalın şaxələndirilməsi məsələsini qaldırmaq məntiqli görünür”.
Şpakovski hesab edir ki, Rusiya Qazaxıstandan Belarusa neft nəqlini məhdudlaşdırsa, bu, Moskvanın Minsk və Nur-Sultan ilə ikitərəfli münasibətlərinə mənfi təsir göstərməyəcək, Avrasiya İqtisadi Birliyinə olan inamı sarsıdacaq: “Bu qurumla əməkdaşlığın və inteqrasiyanın inkişafına inanan ölkələr də ehtiyatlı davranacaq”.
Nicat Hacıyev