Keçmiş deputatın Qarabağla bağlı "həyəcan təbili" birmənalı qarşılanmır

Siyasət

19.07.2019 - 22:00

 Nümayəndələr Palatasının “Dövlət müdafiəsi haqqında" qanuna etdiyi dəyişikliyin Azərbaycan üçün təhlükəsi varmı?

 

“ABŞ Konqresinin Nümayəndələr Palatasının "Dövlət müdafiəsi haqqında" qanuna etdiyi dəyişikliyə görə, sərhədləri pozan mülki təyyarələri vurmaq qadağan edilir. Bu dəyişiklik Xankəndidən qeyri-qanuni uçuşlar təşkil edən qondarma "respublikaya" əlavə imkanlar verir. Bu gün hava məkanına və uçuşlara nəzarət etmək imkanımız yoxdursa, demək sabah düşmən hərbi yükləri də sərbəst daşıya biləcək”.

 

Bu barədə AYNA-ya sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib. O, hökumətə bununla bağlı çağırış da edib: “İşğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma üçün Ermənistan tərəfi evlər və sosial obyektlər tikir. İşğal olunmuş kəndlərimizdə məskunlaşmanı sübut edən çoxlu videomateriallar nümayiş etdirilir. Tikilən evlərə insanlar məskunlaşdırılmamış həmin ərazilər dərhal bombalanmalıdır - beynəlxalq hüquq da, atəşkəsi nizamlayan Bişkek protokolu da Azərbaycana bu haqqı tanıyır”.

Картинки по запросу iqbal ağazadə

“Sabah gec olacaq. Bir gün məskunlaşma həyata keçirilən ərazilərdə hərbi əməliyyatlar da qadağan ediləcək. Məskunlaşmaya qarşı hansısa effektiv təsir imkanımız yoxdursa, tək çarəmiz hərbi təyyarələrimizə qalıb. Qarabağı gözümüz görə-görə düşmənə verməyək, ya hamımız şəhid olaq, ya da torpaqları azad edək”, - Ağazadə vurğulayıb.

 

Qeyd edək ki, Nümayəndələr Palatası iyulun 12-də konqresmen Cudi Çunun Dağlıq Qarabağa dair “Roys-Engel” təklifinə düzəliş edilməsini səs çoxluğu ilə dəstəkləyib. ABŞ-dakı Erməni Milli Komitəsinin saytında da bu barədə məlumat yerləşdirilib.

 

Maraqlıdır, “Dövlət müdafiəsi haqqında" qanuna edilən bu dəyişikliyin, həqiqətən də Azərbaycan üçün təhlükəsi varmı? Partiya sədrinin bu narahatçılığına ekspertlərlə AYNA tutmağa çalışdıq.

 

Hərbi ekspert Üzeir Cəfərov İ.Ağazadənin haqlı olduğunu bildirdi: “İqbal Ağazadə Milli Məclisdə təmsil olunanda yeganə millət vəkili idi ki, Qarabağ müharibəsində iştirak edib. Hər zaman da yanğıyla Qarabağ məsələsini dilə gətirirdi. Onun indi səsləndirdiyi fikirlərə də ötəri yanaşmaq olmaz. Bu fikirlər onun narahatçılığından doğur. Doğrudan da Azərbaycan bununla bağlı təcili tədbirlər görməlidir”.

 

“Artıq Qərb dövlətlərinin, həmçinin Rusiyanın separatçı qurumları dəstəkləməsi işində fəallaşdıqlarının şahidiyiq. Müxtəlif qərarlar qəbul edirlər, müxtəlif işlər görürlər ki, sepratçı qüvvələri dəstəkləsinlər. Dağlıq Qarabağla bağlı çox ciddi proseslər gedir. Əslində, biz gözləyirik ki, guya ATƏT nəsə edəcək. Ancaq sabah Tramp kimi özündən razı bir siyasətçi qərar versə, nə Rusiyanın, nə də Fransanın səsi çıxacaq. Çünki bunların öz aralarında bəzi razılaşmalar var. Dağlıq Qarabağla məsələ konkret olaraq daha çox Rusiyanın himayəsinə verilib, orada hegemonluğu Rusiya edir. Sənədlər Moskvada hazırlanır, bəyənatlar Moskvada hazırlanır, baxmayaraq ki, orada Amerikanın da, Fransanın da rolu var. Ancaq daha çox rolu İqor Popov oyanır”, – deyə hərbi ekspert əlavə edib.

Похожее изображение

Müsahibimizin sözlərinə görə, Azərbaycan indiyədək Qarabağla bağlı lazım olan addımı atmayıb: “Dəfələrlə bəyan etmişik, amma gərəkən addımı atmamışıq deyə, Paşinyan kimi bir yaramaz cinayətkar öz dəstəsi ilə Dağlıq Qarabağda hərbi təlimlər keçirməklə, dəfələrlə Azərbaycanın heysiyyatı ilə oynayıb. Ona görə də hesab edirəm ki, Amerikanın bu barədə verəcəyi belə bir qərar bizim maraqlarımıza toxunacaq”.

 

Ü.Cəfərov düşünür ki, Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə lazım olan işləri görməlidir: “Nazirlik məlumatlandırmalıdır ki, separatçı qurumlar, qeyri-qanuni silahlı dəstələr ölkənin təhlükəsizliyi üçün təhlükə yaratdığına görə onlara qarşı istənilən addımı ata bilərik. Çünki bu, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi çərçivəsində mümkündür. Amerikanın qəbul etdiyi sənəd də o qətnamələrdən üstün ola bilməz. Amerika gündə bir qərar qəbul edəcəksə, biz o qərarlarla oturub-durmağa məcbur deyilik ki. Amerika da BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir”.

 

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, bu qərarın heç bir əhəmiyyəti yoxdur: “Ermənilər BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirlər. Ona görə də “Roys-Engel” təklifinə daha çox bəyanata oxşayan düzəliş, daha doğrusu, erməni mövqeyini əks etdirən kağız parçası kimi baxmaq lazımdır və heç bir dəyişikliklərə gətirib çıxara bilməz”.

Картинки по запросу tofiq zülfüqarov

Tofiq Zülfüqarov onu da qeyd edib ki, Nümayəndələr Palatasında Cudi Çunun təklifi əsasında qəbul edilmiş düzəlişin icra mexanizmi belə, yoxdur: “ABŞ Dağlıq Qarabağ probleminin həlli ilə vasitəçi kimi məşğul olur. Amerikanın nümayəndəsi olan diplomat Minsk Qrupunda təmsil olunur. Ehtiyac yaranarsa, münaqişənin həlli prosesi ilə bağlı məlumatlar konqresmenlərə çatdırılır. Ona görə də həmin sənəd erməni mövqeyini əks etdirir”.

 

“Bu düzəlişi qəbul etməkdə yeganə məqsəd Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini "donduraraq" dövlətlərarası sərhədə çevirməkdir. Yəni, Azərbaycanın işğal olunmuş əraziləri üzərində qurulmuş işğalçı administrasiyanı dövlət kimi tanıtdırmaq istəyirlər. Hesab edirəm ki, bu, erməni diasporunun fəallığı ilə bağlıdır. Onlar Ermənistanı necə sevdiklərini və hansı imkanlara malik olduqlarını göstərməyə çalışırlar. Belə hallara qarşı mübarizə aparmaq lazımdır. Ancaq bunun ciddi nəticəsi olacağına inanmıram”, – deyə müsahibimiz vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan