Həbsdəki jurnalist aclıq aksiyasına başladı

Siyasət

22.09.2019 - 16:20

Həkimlər Klinikalar SEO Xidməti

Əfqan Muxtarlının həyat yoldaşı: “Aclıq onun səhhəti üçün təhlükəlidir, şəkərli diabet xəstəsi olduğu üçün komaya düşə bilər”

 

İki il əvvəl Gürcüstanda həbs olunaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı aclıq aksiyası keçirir. AYNA xəbər verir ki, bu barədə onun həyat yoldaşı Leyla Mustafayeva məlumat yayıb.


“Əfqan zəng etmişdi, 16 saylı cəzaçəkmə müəsisəsində baş verənlər, haqsızlıq, məhbuslara edilən işgəncələr, təzyiqlər onu bezdirib. Bu səbəbdən etiraz məqsədiylə açlığa başlayıb. Lakin bu aclıq onun səhhəti üçün təhlükəlidir, vəziyyəti pisləşə bilər. Şəkərli diabet xəstəsi olduğu üçün komaya da düşər”, - deyə L.Mustafayeva bildirib.

 

O, həyat yoldaşının bəyanatını da yayıb: “20 sentyabrda vəkilim Nemət Kərimliyə qarşı edilən qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıram. Rəis müavini Emin Eminəliyev siyasi məhbuslara qarşı qəddarlığı ilə seçilib. Bundan əvvəl Məmməd İbrahimə qarşı zorakılıq etmişdir, məhbuslara qarşı amansız və qəddardır. Onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır”. 

 

Ölkə rəhbərliyindən baş vermiş hadisə barədə obyektiv araşdırma tələb edən jurnalist vurğulayıb ki, Emin Eminəliyev və başqa zorakılıq edən əməkdaşlar cəzalandırılmalıdır: “Vəkilə qarşı olanlar mənim hüquqlarımı pozmağa yönəlib, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib. İndiki hücumlar avropalı deputatlar Sunna Thorhildur və Dunya Myatoviçlə görüşdən sonra baş verib”.

 

Xatırladaq ki, araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan  Azərbaycana gətirilib. O, qanunsuz sərhədi keçməkdə, hüquq mühafizə orqanlarına müqavimət göstərilməkdə, qaçaqmalçılıqda təqsirli bilinərək 6 illiyinə həbs cəzası alıb.

Müəllif: Ayna.az