Keşikçidağ problemi yenidən müzakirəyə çıxarılıb

Siyasət

20.06.2019 - 19:07

Azərbaycan və Gürcüstan parlamentinin sədrləri Keşikçidağ kompleksi ətrafında yaranmış vəziyyəti müzakirə ediblər

 

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında keçirilən görüşdə Keşikçidağ monastır kompleksi ətrafında yaranmış vəziyyət müzakirə olunub. AYNA APA-ya istinadən xəbər verir ki, O.Əsədov Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olduğunu deyib.

 

“Heç kəs bu iki xalqın arasına girə bilməz. Yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq. Hər iki ölkənin iştirakı ilə komissiya yaradılıb. Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın ikinci iclası iyunun sonunda Tbilisidə keçiriləcək. Əminik ki, komissiya məsələlərin lazımı səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarını dostluğunu poza bilməz” – deyə azərbaycanlı spiker bildirib.

 

Öz növbəsində, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası qaydalar çərçivəsində həll edilməlidir: “Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, bizim əlaqələrimizə xələl gətirmək istəyir. Lakin onların bu cəhdləri uğurla bitməyəcək, biz buna imkan verməyəcəyik. Komissiya sərhədin 2/3 hissəsini razılaşdırıb, digər hissəsi ilə bağlı məsələlər də dostluq prinsipləri əsasında həll ediləcək. Bizim əlaqələrimiz dostluğa, qarşılıqlı hörmətə əsaslanır. Məqsədimiz əlaqələrimizi daha da inkişaf etdirməkdir. Xalqlarımız arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”.

Müəllif: Ayna.az