“Hökumət təcili hərəkətə keçməli və vətəndaşların pozulmuş hüquqlarını bərpa etməlidir”
Xəbər verdiyimiz kimi, “Facebook”da 42 000 ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu adından Milli Məclisə müraciət olunub. Çek sahibləri bütün ziyalılardan, QHT rəbərlərindən, jurnalistlərdən və hüquqşünaslardan xahiş edirlər ki, Milli Məclisə ünvanlanan müraciətə cavab verilməsində onlara yardımçı olsunlar.
Qeyd edək ki, artıq neçə ildir özəlləşdirmə çekləri ilə bağlı yaranmış problem ictimaiyyət arasında, mediada, sosial şəbəkələrdə qızğın müzakirə olunur. Çek sahiblərinin problemlərinin həlli üçün Milli Məclis üzvləri, müxtəlif sahələr üzrə ekspertlər, ziyalılar, jurnalistlər, QHT rəhbərləri dəfələrlə hökumətə çağırışlar ediblər. Bir sıra fikir sahiblərinin mövqelərini təkrar diqqətə çatdırırıq.
Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc:

“Hüquqları pozulan vətəndaşların haqlarının bərpası mütləqdir. Özəlləşdirmə payları ilə bağlı dəfələrlə Milli Məclis tribunasından hökumətə təkliflər vermişəm, çağırışlar etmişəm... Həqiqətən də, özəlləşdirmə çekləri ilə bağlı problem qalmaqdadır və burada insan hüquqları pozulmaqda davam edir. Hesab edirəm ki, bu məsələ birdəfəlik həllini tapmalıdır. Özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması iqtisadi sahədə canlanmaya səbəb olacaq”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa:

“Əllərində qiymətli kağızları, yəni çekləri qalmış insanlar hüquqlarının pozulması iddialarında qanunla haqlıdırlar. Görünən odur ki, bu problemin həllində maraqlı olmayanlar var. Sözügedən problem dəfələrlə qaldırılıb. Mətbuat səhifələrində də, Milli Məclisin iclaslarında da deputat həmkarlarım bu barədə danışıblar, təklif və çağırışlarını səsləndiriblər. Problem həllini tapanadək yəqin ki, təkliflərimizi zaman-zaman səsləndirəcəyik. Vətəndaş ona çatacaq özəlləşmə payından faydalanmaq istəyir və bunun qarşısındakı əngəl aradan qaldırılmalıdır. Vətəndaş üçün faydalı olan istiqamətdə addımlar atılmalıdır. Özü də bu proses şəffaf şəkildə həyata keçirilməlidir. Çox yaxşı olardı ki, çeklər problemi tezliklə aradan qaldırılsın, insanların pozulan hüquqları bərpa olunsun”.
YAP funksioneri, deputat Məlahət İbrahimqızı:

“Hesab edirəm ki, istifadə edilməmiş çeklərin taleyinə aydınlıq gətirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bu çeklər dövlətin qiymətli kağızıdır. Dövlətin qiymətli kağızı isə qiymətsiz kağız parçasına dönməməlidir. Əlbəttə, aidiyyəti qurumlar bu məsələyə biganə qalmamalıdır. Mən sizin sayt vasitəsilə lazımi dövlət qurumlarına müraciət edirəm ki, məsələyə yenidən baxılsın, əgər vətəndaşın hüququ həqiqətən də pozulubsa, bərpa olunsun. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalətli dövlətdə yaşayırıq. Ölkə başçımız hər bir vətəndaşın probleminin həllinə diqqət göstərir. İnanıram ki, bu məsələ də müsbət həllini tapacaq. Milli Məclisə müraciət olunubsa, məsələyə baxılacaq. Çünki Milli Məclis rəhbərliyi də, deputatlarımız da, aidiyyəti komitələr də müraciətlərə həssas yanaşırlar”.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov:

“Özəlləşdirmə çeklərinin tədavül müddəti artırılmalıdır. Əgər bu proses fərmanda və qanunvericilikdə nəzərdə tutulduğu formada aparılsaydı, o zaman insanlarımız kifayət qədər əmlaka sahib olardılar. Bu gün onlar nəinki buna nail olmayıblar, yüzminlərlə vətəndaş hələ də tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Oliqarxların dövlət müəssisələrini ələ keçirməsi vətəndaşın günahı deyil. Əslində onlar da bu prosesdə istismar olunublar və məhz buna görə də çekləri “qara bazar”da satmaqdan imtina ediblər. Bütün hallarda vətəndaşların hüquqları bərpa edilməli, dəyən zərər hökumət tərəfindən kompensasiya edilməlidir”.
YAP-ın tanınmış üzvlərindən, professor Şahlar Əsgərov:

“Vətəndaşların probleminin həll edilməsi lazımdır. Bizə məxsus özəlləşdirmə çeklərini saxlamamışıq, o zaman satdıq onları. Üzərindən 25 ilə yaxın zaman keçib. Arada fikirləşirəm ki, kaş satmazdım. Amma biz keçmişə yox, gələcəyə baxmalıyıq. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir ki, bu islahatların yeganə məqsədi əhalinin rifah halını yüksəltməkdir. Təbii ki, qanunun imkan verdiyi formada bu məsələ öz həllini tapmalıdır. İnanıram ki, tapacaq da”.
Keçmiş deputat, Xalq şairi Sabir Rüstəmxanlı:

“Minlərlə insan haqqını tələb edir. Ona görə də çeklər ya yenidən tədavülə buraxılmalı, ya da vətəndaşlara sahib olduqları çeklərin müqabilində kompensasiya ödənilməlidir. İnsanların haqqı varsa, tanınmalıdır. Dövlətin qiymətli kağızını bu insanlar ata bilməzlər, bəs, nə etməlidirlər?! Düşünürəm ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vətəndaşların xeyrinə və ədalətli qərar olardı. Yaxşı olardı ki, hökumət bu məsələni bir daha nəzərdən keçirsin və dövlət əmlakının özəlləşdirilməsində çeklərin iştirakına şərait yaradılsın. Ümumiyyətlə, özəlləşdirmə çeklərinin istifadə müddətinin bitməsi qanunsuzdur. Ona görə ki, qanunda bu çeklərin müddətsiz olduğu bildirilirdi. Bu çeklər qiymətli kağızlar olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır”.
Sabiq deputat, hüquq elmləri doktoru, professor Qulamhüseyn Əlibəyli:

“Özəlləşdirmə prosesində vətəndaşların hüquqları pozuldu. Fərman mahiyyət etibarilə mütərəqqi addım idi. Lakin bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də icra mexanizmi olmadı. Özəlləşdirməni həyata keçirməli olan dövlət qurumları düzgün işləmədi. Sonrakı dövrdə müəyyən fırıldaqlar həyata keçirildi. Ən dəhşətlisi odur ki, bu prosesin icrasına başlanan andan bütün bunlar həyata keçirilməyə başladı. Bu məsələ məqsədli şəkildə unutduruldu. Bu gün yüzminlərlə vətəndaş hələ də öz çeklərini özündə saxlayır. Milyonlarla vətəndaş isə onu dəyər-dəyməzinə satıb. Özəlləşdirmə prosesi necə və hansı formada həyata keçirilib, bundan da kimsənin xəbəri olmayıb. Heç hesabat verən də olmadı. Yenidən bu məsələyə qayıtmaq labüddür”.
Peşəkar hüquqşünas Fuad Ağayev:

“Ötən əsrin 90-cı illərinin sonlarında tədavülə buraxılan özələşdirmə çekləri vətəndaşların mülkiyyətinə qarşılıq olaraq verilən qiymətli kağızlar idi. Çünki Sovet dövlətinin iqtisadiyyatında onların özlərinin, valideynlərinin, ata-babalarının payları var idi. Bu baxımdan hökumətin borcu idi ki, onların bu prosesdə iştirakına şərait yaratsın. Nəzəri baxımdan şərait yaratsalar da, faktiki olaraq ölkə vətəndaşları bu prosesdə iştirak etmədilər. Vauçerlərini satanlar da, bu günə qədər qoruyub saxlayanlar da - hamısı zərərçəkənlərdir. Çünki hökumət bu prosesin şəffaf aparılmasına imkan verməyib. Bu məsələyə mütləq qayıdılmalıdır”.
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Elçin Bayramlı:

“Özəlləşdirmə çekləri ilə bağlı kütləvi şəkildə vətəndaşların hüquqları pozulub və onlara məxsus əmlak məmur-oliqarxiyasının əlinə keçib. Özəlləşdirmə çekləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ona görə aktuallaşıb ki, vətəndaşlara çatmalı olan pay bəzi işbazlar tərəfindən qəsb olunub. Buna etiraz edən, hüquqlarının pozulması ilə barışmayan vətəndaşlar çeklərini satışa çıxarmaqdan imtina ediblər. Ədalət hansısa formada bərpa olunmalıdır: ya tədavül müddətini artırmalı, ya da dəymiş ziyanı ödəməlidirlər. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidir. Çeki əlində qalan vətəndaşların statistikası aparılmalı, müvafiq proqram hazırlanmalı və icraya yönəldilməlidir. Yalnız bu yolla ədalətin bərpasına nail olmaq olar”.
Əmlak eksperti Ramil Qasımzadə:

“Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı qanunun tələblərinə əməl etməlidir. Bu qanun qəbul olunanda qeyd olunurdu ki, ölkə vətəndaşları əldə etdikləri özəlləşdirmə çekləri vasitəsilə müxtəlif müəssisələrin, zavod və fabriklərin özəlləşdirilməsində iştirak edə bilərlər. Bu, kifayət qədər vacib və ciddi məqam idi. Bir sistemdən digər sistemə keçid edən ölkənin vətəndaşlarının yeni sistemə inteqrasiyası, məşğulluğun artırılması baxımından da bu önəmli bir qanun və fərman idi. Həm parlamentdə, həm də ölkə ziyalıları tərəfindən özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, yaxud da dəyən zərərin kompensasiya şəklində ödənilməsi ilə bağlı rəsmi dairələrə çağırışlar edilir. Vauçerləri əlində qalan vətəndaşlar da müvafiq qurumlara müraciətlər edirlər. Hesab edirəm ki, hər şey hökumətin qərarından asılıdır. Elə qərar vermək lazımdır ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilsin”.
QEYD
Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il 1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərsiniz: