Putin və ailəsinə məxsus 71 metrlik “Viktoriya” yaxtası 26 iyundan bəri Bozbük kəndi yaxınlığındadır
Vladimir Putinin və ən azı altı rus milyarderin superyaxtalarının Türkiyənin cənub sahillərində, Bodrum yaxınlığında lövbər saldığı aşkar edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Verstka” dəniz izləmə xidmətlərindən əldə edilən məlumatlardan istifadə edərək məlumat yayıb.
Bildirilib ki, Putin və ailəsinə məxsus 71 metrlik “Viktoriya” yaxtası 26 iyundan bəri Bozbük kəndi yaxınlığında - Bodrumdan təxminən 84 km və beşulduzlu “Six Senses Kaplankaya” otelinin çimərliklərindən cəmi 400 metr məsafədə yerləşib. Roman Abramoviç, VTB-nin baş direktoru Andrey Kostin, “Lukoil”in sahibi Vaqif Ələkbərov, “Polymetal”ın təsisçisi Aleksandr Nesis, Oleq Deripaska və UMMC-nin həmsahibi İsgəndər Mahmudovla əlaqəli gəmilər yaxtadan 150 kilometr radiusda yerləşir.
“Viktoriya”ya ən yaxın məsafədə - təxminən 800 metr məsafədə - Abramoviçə məxsus 55 metrlik “Rhea” (əvvəlki Halo) yaxtası yerləşir.
Bu yaxınlara qədər iki yaxta Torba limanında, cəmi 500 metr məsafədə lövbər salırdı. “Viktoriya”dan 40 kilometr məsafədə Ələkbərovun 14 iyula qədər Torbada lövbər saldığı 80 metrlik “Genesis” gəmisi yerləşib. 87 km məsafədə Nesisin 82 metrlik “Romea” gəmisi, Dalamanın yaxınlığındakı Kille Bayda, “Viktoriya”dan 146 km məsafədə Deripaskanın 73 metrlik “Altair” (əvvəlki Clio) yaxtası yerləşir. Və Kuşadası limanında, 64 km şimalda, Mahmudova bağlı 73 metrlik “Predator” lövbər salıb.
“Verstka”nın məlumatına görə, əvvəllər Soçidə yerləşən və rəsmi olaraq Putinin dostu Gennadi Timçenko ilə əlaqəli şirkətlərə məxsus olan "Viktoriya" gəmisi iyunun 26-da Krasnodar bölgəsini tərk edib, daha sonra Bosfor boğazından keçərək Türkiyə sahillərinə doğru yola düşüb. Yaxtanın dəyəri 30-50 milyon dollar qiymətləndirilir.
Danimarka yayımçısı DR öz növbəsində bildirib ki, Putinlə əlaqəli başqa bir yaxta - təxminən 100 milyon dollar dəyərində olan 80 metrlik “Graceful” ("Qatil Balina" kimi də tanınır) iyulun əvvəlində Ukrayna dron hücumları təhlükəsi səbəbindən Baltik dənizindən Şimal Donanmasının əsas bazası olan Severomorska köçürülüb. Məlumata görə, “Viktoriya” və “Graceful” da daxil olmaqla, ümumilikdə doqquz yaxta Putinlə bağlıdır.