Xəsarət alanlardan bir çoxuna tibbi yardım göstərilərək tərxis edilib, 102 nəfər isə hələ də xəstəxanalarda müalicə alır
Gürcüstan Səhiyyə Nazirliyi ötən gün Tbilisidə baş verən iğtişaşlarla bağlı rəsmi açıqlama verib. AYNA xəbər verir ki, nazir müavini Zaza Boxua aksiya zamanı 240 nəfərin xəsarət aldığını açıqlayıb. Onlardan 80 nəfəri polis əməkdaşlarıdır.
Nazirlik rəsmisi xəsarət alanlardan bir çoxuna tibbi yardım göstərilərək tərxis edildiyini, 102 nəfərin isə hələ də xəstəxanalarda müalicə aldığını vurğulayıb. Onlardan birinin vəziyyəti ağırdır, 2 nəfər isə əməliyyat edilib.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. "Gürcü arzusu" partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.
Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.