“Bu il ortaq faciə - AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll etmişik”
“Rusiya və Azərbaycan 2022-ci ilin fevral ayında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında müqavilənin potensialını tam şəkildə reallaşdırmaq istiqamətində irəliləyirlər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
"Xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində dialoqumuzu davam etdirmək imkanımız olduğundan məmnunuq. Bu, iki ölkənin prezidentləri, hökumətlər, nazirliklər, agentliklər və parlamentlər arasında müntəzəm əlaqələri gücləndirir. Bütün bunlar göstərir ki, yaranan təsadüfi çətinliklərə baxmayaraq - onlar həyatda qaçılmazdır - 22 fevral 2022-ci ildə imzaladığımız Müttəfiqlik və Əməkdaşlıq haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmaq istiqamətində irəliləyirik", - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, “bu il ortaq faciə - AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri həll etmişik”.
"Bu gün iqtisadi sahədə əməkdaşlığımızın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edəcəyik. Hökumətlərarası komissiyanın 24-cü iclası bu yaxınlarda, aprel ayında keçirildi. Cənubi Qafqazdakı vəziyyəti mütləq müzakirə edəcəyik. “3+3” regional əməkdaşlıq platformasına artan marağın olduğunu qeyd etdik. Buna görə də bu gün məhsuldar danışıqları səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.
Lavrov vurğulayıb ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin vacib elementi olub.
Rusiya xarici işlər naziri əlavə edib: "Biz qarşılıqlı maraq doğuran bütün regional və beynəlxalq məsələləri, o cümlədən beynəlxalq platformalarda əlaqələrimizi və əməkdaşlığımızı müzakirə etməyə hazırıq".