Səfirlər etimadnamələrini İlham Əliyevə təqdim ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib. AYNA.AZ xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirdi.
Ölkəmizə səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi.

Səfir Azərbaycanın və Braziliyanın COP sahəsində də uğurlu əməkdaşlıq etdiklərini vurğuladı.
Bernard Jorj Leopold de Qarsia Klinql səfir kimi ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyini dedi.
Görüşdə Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla aparıldığı qeyd edildi, hər iki dövlətin çoxtərəfli diplomatiyanı dəstəklədiyi xüsusilə vurğulandı.
Prezident İlham Əliyev iyulun 17-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı da qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxundu, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirdi.
Qəbula görə dövlətimizin başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.
Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğuladı. O, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini dedi.

İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlararası təmaslar sahələrində münasibətlərimizin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirildi.
Kambocanın Baş nazirinin ölkəmizə gözlənilən səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olundu.