Hakan Fidan: "Türkiyə Rusiya və Ukraynanı danışıqlara qaytarmaq üçün bütün təşəbbüsləri dəstəkləyəcək"
Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevə səfərindən sonra ölkəsinin Rusiya və Ukrayna arasında sülh danışıqları təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib.
AYNA.AZ xəbər verir ki, nazir açıqlamasında yazıb: "Türkiyə olaraq, tərəfləri danışıqlar masasına qaytaracaq və davamlı sülhün bərqərar olmasına töhfə verəcək hər hansı bir təşəbbüsü dəstəkləməyə hazırıq".
O həmçinin Ukrayna Xarici İşlər Nazirliyinin müvəqqəti rəhbəri olan Andrey Sibiqa ilə yanaşı, ölkənin digər yüksək vəzifəli nümayəndələri ilə "Rusiya-Ukrayna münaqişəsindəki mövcud vəziyyəti" müzakirə etdiyini bildirib.
İkitərəfli münasibətlərdən danışan nazir deyib ki, "Ukrayna Parlamenti tərəfindən Türkiyə ilə Azad Ticarət Sazişinin təsdiqlənməsi iş adamları üçün yeni imkanlar yaradacaq və iqtisadi tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıracaq mühüm bir mərhələdir".
Qeyd edək ki, Fidan 15-16 iyul tarixlərində Ukraynaya səfər edib. Səfərin məqsədlərindən biri Kiyevin münaqişənin həlli perspektivləri ilə bağlı mövqeyini aydınlaşdırmaq olub.