Kimlər işsizlikdən sığorta haqqı ala bilər – <font color=red> Nazirdən açıqlama</font>

Cəmiyyət

13.11.2019 - 18:21

Sahil Babayev: “Əsas problem ondan ibarətdir ki, bir çox hallarda şəxs öz ərizəsi ilə işdən ayrılır”

 

“Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir”.

 

AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında açıqlama verib. Onun sözlərinə görə, vətəndaş ixtisara düşərək və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər.

 

“İşsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur. Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatdan yuxarıdır. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür”, - nazir bildirib.

 

“Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə işaxtaran şəxs statusundadır”, - deyən S.Babayev əlavə edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişikliklər növbəti illərdə parlamentə təqdim ediləcək.

Müəllif: Ayna.az