“Avtoş” sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 45 sutka inzibati qaydada həbs edilib
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər BPİ DYP İdarəsindən bildirilib.
Qeyd olunub ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “QAZ 3110” markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunmaqla N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla N.Mehdiyev 45 sutka inzibati qaydada həbs edilib.