Ölkəmizə 1.4 milyon qonaq gəlib

Xəbərlər

11.07.2019 - 14:17

Gələnlərin böyük hissəsini Rusiya, digər böyük hissəsini isə Gürcüstan vətəndaşları təşkil edib

 

2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 mln. nəfərə çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 mln. xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Bu barədə AYNA-ya Azərbaycan Turizm Agentliyinin (ATA) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub.

 

“Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn qonaqların sayı ümumi gələnlərin 50%-dən çox hissəsini təşkil edib. Türkiyədən gəlmiş qonaqların sayı 3.7% artaraq toplam 148 minə çatıb. Cənubi və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında yenə də sürətli artım müşahidə olunur - artım ilin ilk yarısı üçün uyğun olaraq 37.8% və 50.2% olub”, - deyə məlumatda bildirilib.

 

ATA qeyd edir ki, Azərbaycan üçün Cənubi Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80.2% artım) və Pakistan (19 min; 24.4% artım), Mərkəzi Asiyada isə Qazaxıstan (20 min; 15.1% artım) və Türkmənistandır (21 min; 85% artım): “Səudiyyə Ərəbistanından gələnlərin sayında isə, təxminən 80% artım müşahidə olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox xarici vətəndaş deməkdir”.

 

“2019-cu ilin iyun ayında gələnlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunub –17.2%. Bu tendensiya özünü Azərbaycan turizmi üçün xarakterik olan bütün ölkələr üzrə göstərib”, - qurumdan vurğulanıb.

Müəllif: Ayna.az