Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

Qiyas İbrahimli və Bayram Məmmədovun şikayətləri üzrə qərar qəbul olunub

 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini 72 min avro məbləğində cərimələyib. Məhkəmə Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarlar qəbul edib.

 

Bu barədə AYNA-ya vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, AİHM həbs edilmiş, daha sonra azadlığa buraxılmış gənc fəallar Qiyas İbrahimli və Bayram Məmmədovun 6 şikayəti üzrə hökuməti cərimələyib: “Həmin şikayətlər gənclərin saxlanılması zamanı işgəncəyə, qeyri-insani rəftara məruz qalmaqdan, axtarış və götürmənin qanunsuzluğundan, məhkəməyə qədər həbsin qanunsuzluğundan verilmişdi”.

“Gənclər şikayətlərində iddia edirdilər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı hüquqları pozulub. Onlar məhkəmədən, həmçinin 5-ci, 8-ci və 10-cu maddələrlə birlikdə, 18-ci maddənin pozuntusunun tanınmasını tələb edirdilər. Avropa İnsan Haqları Məhkəməsi hesab edib ki, gənclərin 3-cü, 5-ci, 8-ci, 10-cu ə 18-ci (5-lə birgə) maddələrlə təminat altına alinan hüquqları pozulub. Hökumət gənclərə ümumilikdə 72 min avro təzminat ödəməlidir”, - deyə Sadıqov vurğulayıb.

 

Xatırladaq ki, B.Məmmədov və Q.İbrahimli 2016-cı il mayın 10-da saxlanılmışdı. Rəsmi məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimlidən isə 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapılmışdı.

 

Gənclər məhkəmədə ittihamları qəbul etməmişdilər. Həbslərinin siyasi sifarişli olduğunu bildirmişdilər. Yerli məhkəmə onların hər birinin barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Lakin Məmmədov və İbrahimli 2019-cu ilin martında ölkə rəhbərinin imzaladığı əfv fərmanı ilə azadlığa çıxmışdı.

Müəllif: Raminə Eyvazqızı      13 Fevral 2020 15:07
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin