Paytaxtdakı kütləvi narazılığa rəsmi münasibət: “Bir neçə ay səbr edin”

Paytaxtdakı kütləvi narazılığa rəsmi münasibət:                             “Bir neçə ay səbr edin”

BNA: Cari ilin əvvəllərində onlayn ödəmə sistemi işə salınacaq

 

Paytaxt sakinlərinin ictimai nəqliyyatdakı bir sıra problemlərdən şikayətləri davam edir. Belə problemlərdən biri də kartla ödənilən gedişhaqları, daha doğrusu həmin kartlara pul yüklənməsi sahəsindəki böhranla bağlıdır.

 

Bu günlərdə sosial şəbəkə istifadəçiləri arasında keçirdiyimiz sorğuda bu məsələdən xeyli sayda narazılıqların olduğu meydana çıxdı. Vətəndaşlar dayanacaqlarda quraşdırılmış ödəmə terminallarının mütəmadi olaraq işlək vəziyyətdə olmaması, bəzi dayanacqlarda isə terminalların ümumiyyətlə quraşdırılmamasından şikayətçidirlər.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, BakıKart ödəmə terminallarında problem yoxdur: “Düzdür, BakıKartda problem olmasa da, vətəndaşların rahatlığı üçün BakıKartların yerləşmədiyi dayanacaqlara MilliÖN ödəmə terminallarını inteqrasiya etmişik. Təbii ki, BakıKart aparatlarının sayı məhduddur. MilliÖN aparatlarının dayanacaqlara inteqrasiya edilməsi də bununla bağlıdır. Lakin həmin aparatların işləməməsi BNA ilə bağlı problem deyil”.

“Bir məsələni də qeyd edim ki, bu cür narahatlıq doğuran məsələlərin aradan qaldırılması və daha innovativ üsullardan istifadə olunması üçün bir sıra işlər görülür. Çalışırıq ki, 2020-ci ilin ya birinci rübü, ya da birinci yarısına qədər onlayn ödəmə sitemini işə salaq”, - deyə qurum rəsmisi bildirib.

 

M.Ağayev onu da əlavə edib ki, hər dayanacaqda ödəmə terminallarının olması mümkün deyil: “İqtisadi və digər məsələlər baxımından hər bir dayanacaqda ödəmə terminallarının olması qeyri-mümkündür. Yəni hər dayanacaqda terminal olması səmərəsiz bir adım olardı. Nəzərə alsaq ki, bütün xətlər kart sisteminə keçir, deməli, daha çoxsayda sərnişin ödəmə kartlarından istifadə edəcək və daha çox ehtiyac yaranacaq. Məhz bu baxımdan, onlayn ödəmə istiqamətində ciddi işlər aparılır. Bu işlər yekunlaşandan sonra, cariil üçün onlayn ödəmə sistemi işə salınacaq. Çünki ən optimal çıxış yolu, terminalların sayını artırmaq əvəzinə, ödəmə imkanlarını artırmaqdır”.

 

Məsələ ilə bağlı MilliÖN ödəmə terminalı şirkətinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin şirkətlə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, zənglərmizə cavab verən olmadı.

Müəllif: Mərahim Nəsib      4 Yanvar 2020 19:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin