DYP-dən sürücülərə çağırış-xəbərdarlıq

DYP-dən sürücülərə çağırış-xəbərdarlıq

Məhdudiyyət yanğın tam söndürülənə qədər davam edəcək

 

“Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AYNA-ya açıqlamasında, sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib.

 

“Məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur”, - DYP rəsmisi bildirib.

 

O, əlavə edib ki, Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə, ən yaxşı halda Sumqayıtdaxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Mağtağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsinlər: “Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib. Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət yanğın tam söndürülənə qədər davam edəcək”.

 

Qeyd edək ki, 10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi davam edir. Əraziyə əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

 

Baş vermiş yanğınla bağlı, bu gün saat 08:18-də Təcili Tibbi Yardıma çağırış daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi Yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

 

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Hadisə səbəbindən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.

Müəllif: Ayna.az      10 Dekabr 2019 11:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin