“Dağlıq Qarabağ Respublikası”nda hakimiyyət kimin əlinə keçəcək – QARŞIDURMA

“Dağlıq Qarabağ Respublikası”nda hakimiyyət kimin əlinə keçəcək –     QARŞIDURMA

“DQR” keçmiş iqtidar komandasının son ümidi olmaqla yanaşı, qarşıdan gələn “seçkilər” onların siyasi arenadan birdəfəlik silinməsi ilə nəticələnə bilər

 

Göründüyü kimi, İrəvanın Azərbaycanın işğal olunmuş torpaqlarında, qondarma “Dağlıq Qarabağ Respublikası”nda siyasi sahədə dəyişiklik edəcəyinə ümidləri böyükdür. Hələlik oradakı separatçı elitanın tərkibinə Ermənistanın keçmiş hakimiyyətinin nümayəndələri, Qarabağ döyüşlərinin iştirakçıları - Koçaryan-Sarkisyanın komandası daxildir.

 

İş orasındadır ki, aprel ayında "beynəlxalq hüquq nöqteyi-nəzərindən", “DQR” prezidentinin və parlamentinin qarşıda növbəti qanunsuz seçkiləri gözlənilir. Əgər indiyə qədər yalnız erməni mediası daxili siyasi mübarizənin gedişatı barədə məlumat verirdisə, indi artıq Qərb nəşrləri də vəziyyətə diqqət yetirir.

 

Məsələn, “Eurasianet” (ABŞ) nəşrinə görə, Ermənistanın keçmiş avtoritar hökumətinin müttəfiqləri Qarabağda yenidən qruplaşmağa və bunu son dayaqlarına çevirməyə çalışırlar: “Yaz "seçkiləri" tanınmamış “respublika”nın özünün "himayəçisi" - Ermənistanla münasibətlərində dərin dəyişikliklər şəraitində keçiriləcək”.

 

Bu vəziyyətdə əsas sual budur ki, Ermənistandakı inqilab onun protektoratına (müstəqilliyini formal olaraq saxlayan zəif dövlətin daha güclü dövlətdən faktiki asılılıq forması) - Dağlıq Qarabağa qədərdirmi?

 

Separatçı rejimin “müxalifəti” çalışır ki, “seçkilər” İrəvandan daha az müdaxilə şəraitində keçirilsin. "Bu, Dağlıq Qarabağ tarixində ən rəqabətli seçki olacaq" - müxalif Milli Dirçəliş Partiyasından “parlamentə” namizəd olan Hayk Xanumyan “Eurasiaet”ə deyib.

 

"Hökümət zəifdir, bir çox düşərgələrə bölünüb. Bu, bizim üçün bir fürsətdir, çünki güclərini bir araya gətirib cəmləşdirə bilmirlər", - o bildirib.

 

Stepanakert Mətbuat Klubunun rəhbəri Geqam Bağdasaryanın sözlərinə görə, təhlükə İrəvandakı keçmiş avtoritar hökumətin qalan üzvlərindən və onların Stepanakertdəki (Xankəndi) dəstəkçiləri tərəfindən gəlir: “Ermənistanda güclərini itirdikləri üçün, Qarabağda yenidən toplanmağa və onu son dayaqlarına çevirməyə çalışırlar”.

 

Köhnə qvardiyanın, iyunda vəzifəsini tərk edən “DQR”in “Milli Təhlükəsizlik Şurası”nın sabiq rəhbəri Vitali Balasanyan üçün ümidləri var. O, dəfələrlə Ermənistanın yeni hakimiyyətini, xüsusən Baş Nazir Nikol Paşinyanı tənqid edib.

 

Balasanyan indi "Qarabağ uğrunda" siyasi təşkilatına rəhbərlik edir. Onların Stepanakertdəki qərargahının qarşısında, Paşinyanın siyasi düşməni olan Robert Köçəryanı dəstəkləyən böyük bir afişa asılıb. Afişanın yanında, Köçəryanın sərbəst buraxılması tələbi ilə petisiya imzalaya biləcəyi bir kitab da var. Eks-prezident hazırda, Ermənistanda 2008-ci ildəki etirazları zorla yatırmaq ittihamı ilə həbsdədir.

 

Paşinyanın hakimiyyətə gəlməsi İrəvan və Stepanakert (Xankəndi) arasında görünməmiş siyasi qarşıdurmaya səbəb olub. Qarşıdurma may ayında, “DQR”in de-fakto rəhbəri Bako Saakyan və sələflərindən birinin Köçəryana vəd verdiyi zaman ən yüksək həddə çatıb.

 

Müsahibələrinin birində Balasanyan Köçəryanı "siyasi məhbus", Paşinyanı isə "Qərb planı" adlandırdı. Paşinyanın hakimiyyətə gəlməsinə gəlincə isə o bildirdi: "Bu, inqilab deyil, gücün ələ keçirilməsi idi".

 

Hazırda Balasanyan separatçı “DQR”in “prezidentliyinə” namizəddir. Lakin Stepanakertdə (Xankəndində) əksər müşahidəçilər onun qələbə qazanacağına inanmırlar.

 

Bütün hesablamalara görə, “seçkidə” iki nəfərin - yerli oliqarx Araik Harutyunyan və hazırkı de-fakto “xarici işlər naziri” Masis Mayilyan arasında yarış olacaq. Hər ikisi Paşinyanı və İrəvandakı yeni hakimiyyəti dəstəkləyir.

 

Harutyunyan “parlamentdə” ən böyük partiya olan "Azad Vətən"in rəhbəridir və keçmiş de-fakto “baş nazir” və “maliyyə naziri”dir. Ayrıca ərazinin müxtəlif sahələrində, o cümlədən bankçılıq, kənd təsərrüfatı və enerji sahələrində geniş biznes imkanlarına sahibdir.

 

Mayilyan isə “prezident” seçiləcəyi təqdirdə "Milli gündəm və köklü bir islahat proqramı" vəd edir.

 

Bir sözlə, Qarabağ keçmiş iqtidar klanının son ümidi olaraq qalır. Həmçinin qarşıdan gələn "seçkilər", keçmiş elitanın siyasi arenanı tamamilə tərk etməsi ilə nəticələnə bilər.

 

Bu prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları üçün bir xeyri varmı? Bununla bağlı heç bir əminlik yoxdur. Ancaq yenə də hər hansı bir sarsıntı, çətinliyə səbəb olan proqnozlaşdırılan siyasəti davam etdirməkdən daha yaxşıdır.

Müəllif: Rauf Orucov      23 Noyabr 2019 11:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin