“Türkiyə heç bir halda geri çəkilməyəcək” - Dünyanın diqqəti "Sülh çeşməsi"ndə

“Türkiyə heç bir halda geri çəkilməyəcək” -   Dünyanın diqqəti "Sülh çeşməsi"ndə

Dünyanın diqqəti “Sülh çeşməsi” əməliyyatına yönəlib

 

Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi anti-terror əməliyyatı davam edir. “Sülh çeşməsi” əməliyyatının 4-cü günündə Rasul-Ayn və Alja şəhərləri, Əl-Salihiyyə düşərgəsi, Əl-Libiyə və Təlü-Bənət təpələri, bu gün isə Tel Abyad şəhəri terrorçulardan təmizlənib.

 

Fərat çayının şərq sahillərini terror təşkilatlarından təmizləmək, cənub sərhədlərinin təhlükəsizliyini, həmçinin suriyalıların vətənə təhlükəsiz qayıdışını təmin etmək istəyən Türkiyə ordusu, artıq 550-dən çox terrorçunu öldürüb, çoxunu isə tərk-silah etməklə yanaşı, 2 qəsəbə, 1 əyalət və 56 kəndi PKK-nın nəzarətindən xilas edib.

 

Baş verənləri AYNA-ya şərh edən hərbi-siyasi icmalçı Üzeyir Cəfərovun sözlərinə görə, prosesin nəticəsi barədə birmənalı proqnoz vermək çətindir: “Çünki bu hərəkat heç bir halda itkisiz ötüşməyəcək. Buna baxmayaraq Türkiyənin geri çəkiləcəyini düşünmürəm. Ümid edirəm ki, Türkiyə ordusunun itkiləri çox olmayacaq. Çünki hər bir türk əsgəri bizim üçün doğma və əzizdir”.

Ekspert hesab edir ki, nəticə Türkiyənin istədiyi kimi olacaq: “Bütün dünyanın gözü bu hərəkatdadır və bu baxımdan Türkiyənin geri addım atacağı inandırıcı görünmür. Məsələyə real yanaşmaq lazımdır, bu, müharibədir və müharibə itkisiz olmur. Lakin itkilər az olsun deyə, Türkiyə ordusu son dərəcə ehtiyatlı olmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, onların Suriya torpaqlarında heç bir işğalçılıq niyyətləri yoxdur. Mövzunun məğzi də bundan ibarətdir”.

 

“Ehtimal olunur ki, Türkiyəni cəzalandırmaq üçün terrorçulara gizli və açıq şəkildə dəstək olacaq. Lakin Türkiyə heç bir halda öz mövqeyindən imtina etməyəcək”, - Ü.Cəfərov vurğulayıb.

 

AĞ Partiya sədri Tural Abbaslı isə AYNA-ya şərhində, proseslərin uzun müddət davam edəcəyi düşüncəsində olduğunu deyib: “Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı haqqında uzun müddətdir ki, hazırlıqlar gedirdi. Türkiyə rəsmi şəkildə olmasa da, qeyri-rəsmi olaraq ABŞ, Rusiya və regionda kifayət qədər təsiri olan İranla bu və ya digər formada razılıq alıb əməliyyata başlayıb. Bu da ondan xəbər verir ki, Türkiyə ən qısa zamanda qarşısına qoyduğu məqsədə nail olacaq. Həm də əməliyyatların 2 aydan tez başa çatacağını düşünmürəm. Əməliyyat başa çatandan sonra da suriyalıların evlərinə geri qayıtması və Türkiyənin sərhdələrinin təhlükəsizliyi təmin olunacaq”.

Partiya sədri bu əməliyyat nəticəsində Türkiyənin daha da güclənəcəyi qənaətindədir: “Hazırki mərhələdə ABŞ-ın Türkiyə ilə münasibətlərini qəlizləşdirəcəyi inandırıcı görünmür. Təbii ki, hər bir dövlət beynəlxalq aləmdə öz nüfuzunu qorumaq üçün etirazlarını bildirəcək. Buna baxmayaraq regionda hərbi, siyasi və iqtisadi baxımdan Türkiyənin qarşısına çıxa biləcək güc yoxdur. Bu baxımdan da Türkiyə faktoru özünü göstərəcək və əməliyyatlar uğurla başa çatacaq. Bundan sonra da Rusiya, ABŞ və Avropa İttifaqı Türkiyəni artıq regionun əsas güclərindən biri kimi nəzərə alacaq”.

 

“ABŞ öz maraqlarını qorumaq üçün YPG-ni silahlandırdığı kimi, Suriya Milli Ordusunun varlığı da Türkiyənin maraq dairəsindədir. Məlumdur ki, Türkiyə nə vaxtsa Suriya torpaqlarını tərk edəcək. Bu baxımdan Türkiyə heç vaxt razı olmaz ki, böyük çətinliklər bahasına təhlükəsizliyini təmin edəndən sonra, sərhədlərini növbəti dəfə terrorçuların hədəfinə çevirsin. Ona görə də Türkiyə Suriya Milli Ordusunu öz müttəfiqi kimi Suriyada saxlamağa davam edəcək. Həm də Suriyada mərkəzi və azad hökumət formalaşmayıb. Bu baxımdan da Türkiyənin Suriya Milli Ordusuna hələlik ehtiyacı var”, – deyə müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib      14 Oktyabr 2019 20:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin