Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub

Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub

Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verib

 

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. AYNA xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Qeyd edib ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.

 

Dövlətimizin başçısının tapşırığına əsasən, Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq.

Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək qiymətləndirib, işlərin davam etdirilməsini tapşırıb: "Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır".

 

Sonra dövlətimizin başçısı və birinci xanım Türkiyənin BMC şirkətinin istehsalı olan avtobusa baxıblar. 

Məlumat verilib ki, sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobuslar rahatlığı ilə fərqlənir. Avtobusların ən üstün cəhəti onun sıxılmış təbii qaz mühərrikli olmasıdır. “BakuBus” MMC üçün əvvəllər sifariş edilən avtobuslar 300 kilometr məsafə qət edə bilirdisə, sıxılmış təbii qaz mühərrikli avtobuslarda bu məsafəni 600 kilometrədək artırmaq mümkün olub. Bu avtobusların salonu və mühərrik sistemi tamamilə dəyişdirilir. İyirmi altı oturacaq yeri olan avtobusların ümumi sərnişin tutumu yüz nəfərlikdir.

 

Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verib.

Müəllif: Ayna.az      25 Sentyabr 2019 17:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin