Əsas səhifə Haqqımızda Xəbər lenti

Milli futbolun qeyri-idman prinsipləri və dərin məyusluq

Milli futbolun qeyri-idman prinsipləri və dərin məyusluq

Azərbaycan futbolunu bu bataqlıqdan necə çıxarmaq olar?

 

Azərbaycan Futbol Premyer Liqası artıq finiş xəttinə çatıb. 2 turdan sonra yeni çempion və mükafatçıların adlarını öyrənəcəyik. Adətən, bu zamanlarda yüksək liqadan aşağı düşən və aşağı liqanın ən yaxşısı olaraq yüksək liqada oynamaq imkanı qazanan  klublardan gələn mövsüm elitada oynamaq hüququ qazanan klubların məsələsinə aydınlıq gətirilir. Ancaq daha əvvəl də qeyd edildiyi kimi, bu, adətən belə olur. Bizdə isə Azərbaycan futbol sənayesində çempionat iştirakçılarının rotasiyası məsələsi də daxil olmaqla bir çox qeyri-adi şeylər baş verir.

 

Premyer Liqa heyəti artıq üç ildir ki, dəyişməz qalır. 8 klub öz dairəsində hərlənir və əvvəlcədən məlumdur ki, son yeri tutan komandalar heç yerə “düşmür”. Son dəfə klubların idman prinsiplərinə görə rotasiyası 2013/2014-cü mövsüm ilində baş verdi. Sonra 7 il əvvəl üst divizionda sonuncu yeri tutan Bakının “Rəvan” klubunu birinci liqanın qalibi - Naxçıvanın “Araz” klubu əvəzlədi. Azərbaycanın futbol iqtisadiyyatında hökm sürən xaos və qanunsuzluqlar barədə ən azı qismən bir fikir yaratmaq üçün yalnız sonrakı mövsümlərdə yaranmış vəziyyətə baxmaq kifayətdir. Beləliklə...

 

Bir il sonra çempionatda mübarizə aparmaqdan imtina edən “Bakı” və yeni gələn “Araz” Premyer Liqanı tərk etdi. Onları “Rəvan” (birinci liqada 3-cü yer), “Zirə” (5) və “Kəpəz” (7) əvəzlədi.

 

2015/2016 mövsümündə çempionatda son 2 yeri tutan “Rəvan” və “Xəzər-Lənkəran” ümumiyyətlə dağıldı. AFFA rəsmiləri birinci liqadan heç bir komandanı “yuxarı çəkməz” cəhdləri uğursuz oldu. Nəticədə elit divizionda üzvlərin sayı 10-dan 8-ə endi.

 

Bir il sonra Premyer Liqanı tərk edən AZAL-ı normal futbol təsərrüfatlarında olduğu kimi birinci liqanın qalibi “Turan” deyil, kiçik gümüş medalların sahibi “Səbail” əvəzlədi.

 

2017/2018 mövsümündə indiyə qədər son klub rotasiyası baş verdi. “Kəpəz”in əvəzinə yüksək diviziona Birinci Liqanı cəmi 5-ci pillədə başa vuran “Sabah” gəldi.

 

Burada dərhal sual çıxa bilər: alın tərləri ilə elitada oynamaq hüququnu əldə edən bu klublar bu imtiyazdan niyə imtina etdi? Məsələn, eyni 2017/2018 mövsümündə Birinci Liqanın qalibi “Xəzər” (Bakı) “Sabah”ı 10 (!) xal qabaqlamışdı. Amma elitaya girən “Sabah” oldu. Və sualın cavabı çox banaldır - pul yoxdur.

 

Bir klubun Birinci Liqaya qatılması üçün ildə təxminən 300.000 manat tələb olunur. Ancaq bu xərclər belə, Birinci Liqa klubları üçün çox ağırdır. AFFA köməyə gəlir. Bununla birlikdə, “qüllədə” iştirak üçün “stavkalar” daha yüksəkdir. Burada 300 minlə heç nə edə bilməzsən, söhbət 3 milyondan gedir. Bir neçə Premyer Liqa klubunun artıq qeyri-rəsmi olaraq federasiya tərəfindən maliyyələşdirildiyini nəzərə alsaq, bu qurum 3 milyon manat əlavə yük götürməkdən qəti şəkildə imtina edir.

 

AFFA hesab edir ki, ölkədə futbol iqtisadiyyatının fəaliyyətinin görünüşünü yaratmaq üçün Yüksək və Birinci Liqaların bir neçə klubuna dəstək olmaq daha yaxşıdır. Əslində gerçəklik daha acıdır.

 

Bəs, niyə digər ölkələrdən bu sahədə pis mənada fərqlənirik? Onlar normal çempionatları necə təşkil edə bilirlər?

 

Fakt budur ki, müasir peşəkar futbol artıq Pele və Bekkenbauer, hətta Maradona və Kan dövründəki kimi deyil. Bu, sadəcə bir idman deyil, öz qaydaları və inanılmaz gəliri olan onsuz da böyük bir biznes imperatorluğudur. Gəlir yoxdursa, deməli peşəkar futbol da yoxdur.

 

Buna bir nümunə Azərbaycandır. Həqiqətən, niyə yer üzündə kimsə hər il müəyyən bir kluba ən azı 3 milyon manat investisiya qoymalı və bunun qarşılığında heç bir şey almamalıdır? Bu pulu necə geri qaytarmaq olar? Ən yaxşı halda, pandemiyadan əvvəl də bir neçə yüz azarkeş matçlara toplaşırdı və klub atributlarının satışından əldə olunan gəlirlərdən danışmağa ehtiyac yox idi. Azərbaycanda bu idmana sərmayə qoymaq üçün sadəcə bir futbol xəstəsi olmalısan.

 

Və bunun nümunələri var idi. Bir neçə il Azərbaycan futbolunda tonu mərhum Aslan Aslanovun maddi dəstəyinə güvənən “Şəmkir” müəyyən edirdi. Başqa bir nümunə Mübariz Mənsimovun pulu sayəsində bir neçə mövsüm ayaq üstə duran “Xəzər-Lənkəran” idi. Hazırda “sağlam” klublar arasında “Azərsun”un himayəsində olan “Qarabağ” və SOCAR-ın sponsoru olduğu “Neftçi”ni qeyd etmək olar. Və daha sonra boşluq...

 

Qalan klublar çümpionatı birtəhər başa vurur. Bu, Premyer Liqanın durumuna da dəlalət edir: “Qarabağ” və “Neftçi” ən yaxın təqibçilərindən xeyli qabaqdadır və onlardan yalnız ikisi qızıl medalların taleyini həll edir.

 

Bəs, Azərbaycan futbolunu bu bataqlıqdan necə çıxarmaq olar? Axı tək AFFA-nın sponsorluğu ilə uzağa getmək olmaz.

 

Əlbəttə ki, bu məsələdə yenə də dövlət strukturlarının üzərinə böyük bir məsuliyyət düşür. Yəqin ki, işgüzar cəmiyyəti stimullaşdırmaq, onları daxili futbola investisiya yatırmağa sövq etmək üçün müəyyən bir proqram tətbiq etmək mümkündür. Məsələn, elit klubların sponsorlarına əhəmiyyətli vergi güzəştləri etmək. Və ya başqa mexanizmlər fikirləşmək olar.

 

Ümumiyyətlə, düşünməli və işləməliyik, futbolumuzu yerdən qaldırmaq istəyimiz olmalıdır. Əks təqdirdə, Azərbaycan FIFA-nın reytinqinin ikinci yüzlüyündə hər zamankı yerində yuxulayacaq. Biz – azarkeşlər isə “gözümüzün qurdunu” öldürmək və daxili futbolun fəlakətini birtəhər unutmaq üçün meyl saldığımız xarici klubların qələbələrinə sevinməyə davam edəcəyik.

Müəllif: Vüsal Əliyev      15 May 2021 15:20
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin