Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı və Tbilisi Moskvanın yeni həmlələrinə hazır olmalıdır – ƏNƏNƏVİ TƏXRİBAT

Bakı və Tbilisi Moskvanın yeni həmlələrinə hazır olmalıdır –         ƏNƏNƏVİ TƏXRİBAT

Gela Vasadze: “Bu, son illərdəki ilk və təəssüf ki, son təxribat deyil”

 

Amiran Xevtsuriani: “Cənubi Qafqaz respublikalarının bir-biri ilə gərgin münasibətlərdə olması Rusiyanın işinə yarayır”

 

Mayın 4-də, yəni Gürcüstanın yeni Baş nazirinin Bakıya ilk səfəri ərəfəsində, bir qrup gürcü keşiş Azərbaycanla sərhəddə Gürcüstan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı İveri Melaşviliyə və mübahisəli Keşikçidağ (gürcü versiyasına görə - David Qareci) monastır kompleksinin ərazisində süjet hazırlayan “Mtavari Arkhi” (Əsas Kanal) müxalifət telekanalının jurnalistlərinə hücum etdi.

 

Hadisə zamanı zərərçəkənlər etiraz edənlərin sərxoş olduqlarını iddia edirlər. Keşişlər Melaşvilini və televiziya jurnalistlərini həm təhqir, həm də onlara qarşı fiziki zor tətbiq etdilər.

 

Xatırladaq ki, yanvar ayında Gürcüstan Baş Prokurorluğu dövlət komissiyası çərçivəsində iki məmurun - Xarici İşlər Nazirliyinin əməkdaşı Melaşvili və Daxili İşlər Nazirliyinin əməkdaşı Natalya İliçevanın məsuliyyətini müəyyənləşdirdiyini açıqladı. İddia olunur ki, Azərbaycanla sərhədin delimitasiyası zamanı onlar ölkənin milli maraqlarına ziyan vurub və iş artıq məhkəməyə göndərilib.

 

Daha sonra Gürcüstan Baş Prokurorluğunda keçirilmiş bir brifinqdə deyildiyi kimi, adları hələ açıqlanmayan “rəhbərlərinin göstərişi ilə” bu şəxslər məqsədyönlü şəkildə kartoqrafiya materiallarından istifadə ediblər, buna görə “Gürcüstanın 3500 hektar ərazidə mübahisəli monastır kompleksi David Qarecini itirmək təhlükəsi var idi”.

 

Mayın 4-də baş verənlərlə əlaqədar olaraq Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bütün günahkarları cəzalandıracağına söz verdi: “Şiddət hər halda qəbuledilməzdir. İstintaq cəzalandırılacaq günahkarları müəyyənləşdirəcək”.

 

Daxili İşlər Nazirliyi hücumla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (döymə və ya digər zorakılıq) maddəsi ilə istintaq başlatdı. Qurum hadisə ilə bağlı əlavə təfərrüatı açıqlamaqdan çəkinir.

 

Ancaq buna baxmayaraq, istər-istəməz təbii olaraq belə bir sual ortaya çıxır: Melaşvili ilə bağlı hadisə Qaribaşvilinin Bakıya səfəri ərəfəsində qəsdən edilmiş təxribat deyilmi? Belədirsə, bunun arxasında kim dayanır? Gürcüstanda kifayət qədər agenti olan Moskva?

 

Yeri gəlmişkən, Keşikçidağ məsələsi Baş nazirin Bakı səfərinin mövzularından biri oldu. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə sərhədlərin delimitasiyası və demarkasiyası, eləcədə də Keşikçidağ monastırı kompleksi məsələsini müzakirə etdi.

 

Gürcüstan Nazirlər Kabineti rəhbərinin özü jurnalistlərə bu barədə məlumat verdi, lakin əlavə suallara cavab vermədi: “Dialoqun davam edəcəyini və sürətlənəcəyini qəbul etdik. Qardaş və dost münasibətlərimizin tələb etdiyi kimi, tezliklə məsələ həll ediləcək. Komissiyalar tezliklə işlərinə davam edəcək, təfərrüat daha sonra məlum olacaq”.

 

Keşikçidağ monastırı kompleksi Tbilisi ilə Bakı arasındakı mehriban qonşuluq münasibətlərində demək olar ki, yeganə problemdir. Tarixi abidə Gürcüstan-Azərbaycan sərhədi boyunca kilometrlərlə uzanan qayaya həkk olunmuş onlarla hücrədən ibarətdir. Hər iki tərəfin danışdığı, mədəni və mənəvi əhəmiyyəti olan kompleks ətrafında yaşanan mübahisələr bəzən strateji tərəfdaşlığı kölgədə qoyur.

 

AYNA mövzunu Gürcüstanın tanınmış politoloqları ilə müzakirə edib.

 

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

Գելա Վասաձե․ Ղարաբաղյան հարցի հետ կապված Զուրաբիշվիլին ոչ մեկ անգամ է  հայտարարել Վրաստանի դիրքորոշումը

“Baş verənlərin planlı bir əməliyyat olmasına, düşünürəm ki, şübhə ola bilməz. Bu cür təsadüflər sadəcə mümkün deyil. Və bu təxribatın məhz Moskvada planlaşdırılması da vacib deyil. Rusiyadan yaradılan və idarə olunan qrupların kifayət qədər avtonomluğu var və özfəaliyyətə əl ata bilərlər.

 

Ancaq bunun Rusiya maraqlarının əsas istiqamətində olduğu açıqdır. Bu gün Moskva Azərbaycandakı nüfuzunu qorumaq üçün bir çox əlavə səylər göstərir. Və Azərbaycanın bütün qonşuları ilə, xüsusən də Gürcüstanla münasibətlərinin pisləşməsində maraqlı olduqları aydındır. Çünki heç kim coğrafiyanı ləğv etməyib. Bu, son illərdəki ilk və təəssüf ki, son təxribat deyil. Buna həm səlahiyyətlilər, həm media, həm də Gürcüstan və Azərbaycanın ekspert cəmiyyətinin hazır olması lazımdır”.

 

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani:

No description available.

“Melaşvili ilə baş verən hadisənin təsadüf olmasına və ya mütəşəkkil bir təxribat olub-olmadığına dair sualınıza cavab olaraq deyim ki, fərziyyələrin heç birini istisna etmirəm. Ancaq jurnalistlərə qarşı hər hansı bir şiddəti qəti şəkildə qınayıram.

 

Əlbəttə, xarici qüvvələr, ilk növbədə Rusiya ölkələrimiz arasındakı münasibətlərin pisləşməsində maraqlıdır. Moskva Cənubi Qafqazın onun üçün xüsusi geosiyasi əhəmiyyətə malik bir zona olduğunu heç vaxt gizlətməyib. Buna görə Cənubi Qafqazın hər üç respublikasının bir-biri ilə gərgin münasibətlərdə olması ona rahatlıq gətirir.

 

David Qareci kompleksinin özünə gəlincə, bu, bizim üçün çox həssas bir məsələdir. Bu monastır bizim üçün yalnız bir ərazi deyil, müqəddəs yerdir və minilliklər boyu belə qalacaq. Ancaq iki qardaş dövlət arasında münasibətlərin pisləşməsinə gətirib çıxaran bu problemin qəti şəkildə əleyhinəyəm - buna nə mənəvi, nə də tarixi haqqımız var.

 

Bizim qonşu ölkələr və strateji tərəfdaşlar olmağımız heç də təsadüfi deyil. Bizim çoxtərəfli iqtisadi və enerji maraqlarımız var, ölkədəki ən böyük Azərbaycan diasporlarından birinə sahibik. Qareci problemi həll olunmamış bir problem olaraq, həqiqətən mövcuddur və biz bundan qaça bilmərik. Amma eyni zamanda unutmamalıyıq ki, onun yaradıcısı bizim nəsil deyil, ümumi bolşevik keçmişindən bizə gələn bir mirasdır.

 

Deyim ki, keçən əsrin əvvəllərində, Gürcüstan bolşevikləri nə qədər təəccüblənsələr də, bu məsələ ədalətsiz həll olundu, amma indi bu məsələni konstruktiv və ədalətli həll etmək üçün kifayət qədər müdrikliyimiz olmalıdır.

 

Bu gün tərəflər bu məsələni birdəfəlik həll etməyə hazır deyillər. Bu səbəbdən ortaq maraqlarımıza və strateji tərəfdaşlığımıza zərər verməmək üçün onu açıq və şəffaf buraxmaq lazımdır. Hər şeydən əvvəl, vətəndaşlarımıza dini və mədəni ziyarətgahlara sərbəst giriş hüququ vermək lazımdır. İndiki mərhələdə düşünürəm ki, məsələnin ən real və ağrısız həlli budur. Düşünürəm ki, Azərbaycan hökuməti bunu mütləq nəzərə alacaq”.

Müəllif: Rauf Orucov      8 May 2021 19:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin