Əsas səhifə Haqqımızda Xəbər lenti

Məktəblərdə din tədrisi: Mümkündür, lakin...

Məktəblərdə din tədrisi: Mümkündür, lakin...

Təhsil eksperti: “Bizdə dini dərsləri sağlam formada tədris edə biləcək ziyalı, təhsilli, peşəkar ilahiyyatçılar varmı?”

 

İlahiyyatçı: “Zamanla bu sahədə hazırlanacaq mütəxəssislərin hesabına problem aradan qaldırılacaq”

 

Son günlərdə orta məktəblərdə dini dərslərin tədris olunması məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı Milli Məclisdə də məsələ qaldırılıb. Əslində bir neçə ildir ki, bu istiqamətdə müzakirələr getsə də, məsələ hələ də konkret həllini tapmayıb.

No description available.

AYNA-ya açıqlamasında təhsil eksperti Elvin Bədirov deyib ki, məktəblərimizdə dini dərslərin təşkil edilməsi və keçirilməsinin dünyəvi tədrisə problem yaradacağını zənn etmir: “Ancaq indiki şəraitdə dərslərin aparılmasının qaydaları hələ müəyyən edilməyib. Bu dərslər layihə kimi müəyyən pilot məktəblərdə və pilot siniflərdə aparılacaqsa, buna heç bir etirazım yoxdur. Lakin əgər bütün ümumtəhsil məktəbləri üçün nəzərdə tutulursa, o halda bir neçə sual yaranır”.

 

“Məsələn, bizdə dini dərsləri sağlam formada tədris edə biləcək ziyalı, təhsilli peşəkar ilahiyyatçılar varmı? Heç kimə sirr deyil ki, hazırda ölkəmizdə ciddi dini təbliğat aparan və müxtəlif dövlətlərin maraqlarına xidmət edən ocaqlar var və əgər bu kəslərin məktəblərimizə yolu açılmış olarsa, hansı nəticələri verə biləcəyini heç kim proqnozlaşdıra bilməz”, - həmsöhbətimiz bildirib.

 

Onun fikrincə, hər şeydən öncə ölkəmizdə dünyəvi təhsilin inkişafına çalışmaq lazımdır: “Məktəblərimizin təhsil göstəricilərinin hansı vəziyyətdə olması heç kimə sirr deyil. Məktəblərimizin tədris işində ciddi tərəqqiyə nail olunmalıdır. Yalnız bununla paralel məktəblərdə dini dərslərin də təşkilini getmək olar”.

 

Bədirov əlavə edib ki, dini dərslərin tədris edilməsini məktəblərə aparmaqdan öncə milli maraqlarımıza, dövlətçiliyimizə sadiq olan çox sayda ciddi ilahiyyatçılar yetişdirilməsinə nail olmaq lazımdır: “Yalnız bu prosesin tərkib hissəsi kimi məktəblərdə dini dərslərin aparılmasına yol vermək olar”.

No description available.

İlahiyyatçı Rəsul Mirhəşimli isə AYNA-ya şərhində söyləyib ki, orta məktəblərdə hazırda da dinlər haqqında məlumat verən fənn tədris olunur və bu dərsliyi təkmilləşdirməklə dinlər haqqında daha çox bilgi verilməsini təmin etmək olar: “Yaxud dini orta məktəblərdə ayrıca fənn kimi də tədris etmək mümkündür. Bu fənn dinlər və onların tarixi barədə şagirdlərə ətraflı biliklər verilməsini təmin etməlidir”.

 

Həmsöhbətimiz dinin bizim mənəvi dəyərimiz olduğunu deyib: “Azərbaycan xalqı kiminsə etirazı ilə bu dəyərdən imtina etməyəcək. Bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərslər keçiriləcəyini açıqlamışdı. Ola bilsin ki, ötən ildən dünyada baş verən pandemiya bunun həyata keçirilməsinə imkan vermədi. Mübariz Qurbanlı o zaman bu təşəbbüsü irəli sürəndə bəzi insanlar bunu etirazla qarşıladı. Anlamaq lazımdır ki, din bizim mənəvi dəyərimizdir və kiminsə etirazı ilə Azərbaycan öz mənəvi dəyərindən imtina etməyəcək”.

 

“Ali və orta məktəblərdə tələbə və şagirdlər dinin gerçək mahiyyətini o işin mütəxəssislərindən öyrənəndə artıq hazırlıq səviyyəsi də yüksək olur və istənilən radikal təbliğat həmin vətəndaşımıza mənfi təsir eləmir. Bu baxımdan, din haqqında məlumatı olanlar buna mənəvi dəyər kimi yanaşır və öz həyatında da radikallığa meyllənmir. Azərbaycan neçə əsrlərdir ki, müsəlman ölkəsi olaraq yaşayıb və kiminsə inanclı olub-olmamasından asılı olmayaraq, bu amil heç bir təhlükə yaratmayıb”, - deyə Mirhəşimli vurğulayıb.

 

Dinin tədrisində kadr çatışmazlığı məsələsinə toxunan ilahiyyatçı hesab edir ki, zamanla bu sahədə hazırlanacaq mütəxəssislərin hesabına problem aradan qaldırılacaq: “Bu gün Azərbaycanda dini tədris edən yetərincə kadr olmaya bilər. Onun üçün də ilkin mərhələdə orta məktəblərdə dinin tədris olunması problem yarada bilər. Lakin zaman keçdikcə bu sahədə hazırlanacaq mütəxəssilərlərin hesabına problemi aradan qaldırmaq mümkün olacaq. Əgər orta məktəblərdə dinin ayrıca fənn kimi keçirilməsi ilə bağlı qərar verilsə, onun baza hissəsinə də fikir veriləcək və təkmilləşdiriləcək. Bu gün Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir, bu ali məktəbin hazırladığı kadrlar orta məktəblərdə dini tədris edə bilərlər”.

Açıklama yok.

Mövzu ilə bağlı AYNA-ya danışan Neftçala rayonu Xol Qaraqaşlı kənd Q.Nuralıyev adına tam orta məktəbin informatika müəllimi Azər Cəfərov söyləyib ki, din ayrıca fənn olaraq tədris olunacaqsa, təcrübədən keçmiş ölkələrin üsullarından istifadə olunmalıdır: “Azərbaycan Respublikasında bütün dini etiqadlar bərabərdir və ölkəmiz tolerant dövlətdir. Əgər din ayrıca fənn olaraq keçiriləcəksə, təcrübədən keçmiş ölkələrin üsullarından istifadə olunmalıdır. Din insan mənəviyatını formalaşdıran bir nəsnədir”
 
Müəllim dinin ayrıca fənn olaraq keçirilməsinin tərəfdarıdır: “Digər tolerant ölkələrə baxsaq demək olar ki, inkişaf etmiş ölkələrdə də din dərsləri tədris olunur. Ölkəmizdə İslam dini dominant din olduğundan deməli tədrisdə “İslam dini” fənni keçiriləcək. Dinin ayrıca fənn olaraq ümumtəhsil məktəblərində keçirilməsinin əsas səbəblərindən biri hazırda radikal dini təbliğ edən təşkilatların və insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların, həmçinin ateizmin ölkəmizdə və digər ölkələrdə yayılmasıdır. Əgər bunun qarşısını indidən almasaq, sonra gec ola bilər. Dövlət təhsil sistemimiz dünyəvi xarakter daşıdığından digər dinlərin  olduğu bölgələrimizdə uyğun dinin tədrisi labüddür. Hərçənd bu dinlər azlıq təşkil edir".
 
A.Cəfərov dinin ayrıca fənn olaraq tədrisində yarana biləcək problemə də toxunub: “Burada iki əsas problem var. Birincisi, ixtisaslı kadrların olmamasıdır. Bu problem müəyyən müddət keçdikdən sonar həll ola bilər. İkinci və əsas problem məzhəb problemidir. Ona görə də İslam dini fənnini tədris edərkən sadəcə ümumi anlayışlar tədris olunmalıdır. Hansısa məhzəbə üstünlük verilməməlidir”.
 
“Gənclərimizin bəzilərinə və onların davranışlarına baxdıqda dini tədrisin vacibliyi görünür. Hazırda radikal dini təbliğatçıların qarşısının alınmasının ən yaxşı vasitəsi gələcəyimiz olan şagirdlərimizə dini tədrisin məktəbdə keçirilməsidir. Ağac yaş ikən əyilər. İnsan aldığı təbliğatın özüdür və buna uyğun yaşayır, dünyagörüşü buna görə formalaşır”, - deyə o söyləyib.
 
Müəllim fikrini belə yekunlaşdırıb: “Bizə oxumanın və öyrənmənin vacibliyini öyrədən peyğəmbərimizin dediklərini, Allahın vacib buyurduğu dini öyrətmənin nəyi pisdir?”
Müəllif: Aləmdə Nəsib      5 May 2021 21:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin