Əsas səhifə Haqqımızda Xəbər lenti

“Azərbaycan adlı ölkə tanımırıq” iddiasına münasibət: “BƏHANƏDİR”

“Azərbaycan adlı ölkə tanımırıq” iddiasına münasibət:             “BƏHANƏDİR”

“Vətəndaşlar milli musiqi dinləmək üçün ticarət mərkəzlərinin rəhbərliyinə müraciət etmirlər, buna görə də şirkətlər özlərinə əziyyət vermək istəmir”

 

Azərbaycanın məşhur alış-veriş mərkəzlərində milli musiqilərimizin səsləndirilmədiyi ilə bağlı məlumat vermişdik. Bununla bağlı “Gənclik Mall”, “28 Mall”, “Port Baku Mall”, “Şüvəlan park” və “Amburan Mall” ticarət mərkəzlərinin Marketinq Departamentinin direktoru Nuranə İskəndərova daha bir maraqlı məqama toxunmuşdu.

 

O bildirmişdi ki, şirkətləri üçün “Google”da Azərbaycan dilində reklam yerləşdirmək istəsələr də, bu, qəbul olunmayıb: “Biz internet səhifələrimiz üçün “Google”da reklam qoyuruq. Lakin Azərbaycan dilində qoyduğumuz reklamlara qadağa tətbiq olunur və qəbul edilmir. Şirkətlə əlaqə saxlayanda isə, Azərbaycan adında bir ölkəni tanımadıqlarını deyirlər”.

 

Və bu iddia oxucular və sosial şəbəkə üzvləri arasında qızğın müzakirələrə, narazılıqlara səbəb olub. Maraqlıdır, “Google” həqiqətənmi Azərbaycan dilindəki reklamları qəbul etmir? AYNA əməkdaşı məsələ ilə bağlı İT mütəxəssisi Adil Babayevlə əlaqə saxlayıb. Ekspert burada diqqətə alınmalı olan məqamları açıqlayıb.

 

“İlk növbədə ona diqqət yetirmək lazımdır ki, sözügedən qurumun nümayəndələri “Google”da hansı bölmə ilə əlaqə saxlayıblar? Ümumiyyətlə, “Google”un axtarış motoruna reklam yerləşdirəndə, yaşadığın regionun dili, mühiti və buna bənzər bir çox məlumatlar nəzərə alınır. Çünki “Google”un axtarış motorunun belə bir xüsusiyyəti var”, - mütəxəssis bildirib.

 

Onun sözlərinə görə, ümmiyyətlə, “Google” hər hansı bir dil tanımır: “Axtarış motoru işləyir və sən şirkətə nə məlumat yerləşdirsən, o tip məlumat axtaran adamlar, o məlumata dərhal rast gəlirlər”.

 

“Bu mənada, “Google”un, guya Azərbaycan adlı ölkə və Azərbaycan dilini tanımadığını iddia etmək bəhanədir – Azərbaycandakı şirkətlərin bəhanəsi. Bunun səbəbi də odur ki, vətəndaşlar Azərbaycan dilində musiqi dinləmək üçün ticarət mərkəzlərinin rəhbərliyinə heç vaxt müraciət etməyiblər. Buna görə də şirkətlər özlərinə əziyyət vermək ehtiyacı hiss etmir. Belə vəziyyətdə isə, günahı “Google”un üzərinə atmağa çalışırlar”, - deyə A.Babayev vurğulayıb.

Müəllif: Mərahim Nəsib      2 Sentyabr 2019 19:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin