Əsas səhifə Haqqımızda Xəbər lenti

“Növbəti hədəf Qubadlıdır”

“Növbəti hədəf Qubadlıdır”

Ekspert: “Hazırda Arazboyu istiqamətdə Ermənistan hərbi birləşmələri dərinliyə doğru sıxışdırılır”

 

Azərbaycan Ordusunun Qarabağda apardığı əks-hücum və işğaldan azadetmə əməliyyatları nəticəsində, Füzuli və Cəbrayılın ardınca üçüncü şəhərimiz – Zəngilan da düşmən tapdağından azad oldu. Zəngilan şəhəri ilə yanaşı, Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilanın ümumilikdə 24 kəndi geri alındı.

 

Baş verənləri AYNA-ya şərh edən hərbi-siyasi ekspert Ramil Məmmədlinin sözlərinə görə, cənub istiqamətdə qazanılan silsilə qələbələrdə Füzulinin azad edilməsi xüsusi rol oynayır: “Füzuli şəhəri elə bir mövqedədir ki, Xocavənd rayonu ərazisinin mərkəz hissəsinə doğru istiqamətlənir və Dağlıq Qarabağın cənub-şərq hissəsində Azərbaycan Ordusunun mövqelərinin güclənməsinə, irəliləməsinə və həm şərq, həm də qərb istiqamətində Ermənistan ordusunun mühasirəyə salınması planına imkan yaradır. Yəni, Ordumuz Füzuli şəhəri istiqamətindən Qarabağın dağlıq hissəsinə - Xocavəndə daxil olarkən, həm Xocavənd rayon mərkəzi istiqamətini, həm də Hadrut qəsəbəsinin yuxarısında olan erməni birləşmələrinin mövqelərinə nəzarəti ələ keçirmək imkanı yaranır”.

Demokrat.az - Ölkə və dünya ilə bağlı xəbərlər

“Bundan başqa, Füzuli şəhəri istiqamətindən Xocavənd rayonu ərazisinə daxil olarkən Qırmızı Bazar istiqamətinə daha tez yaxınlaşmaq və atəş altında saxlamaq olur. Digər tərəfdən, Füzuli rayonunun tamamilə işğaldan azad olunması Azərbaycan Ordusunun cənub istiqamətindəki mövqelərinin güclənməsinə və arxa cəbhədə təminat-təchizat prosesinin sürətlə həyata keçirilməsinə imkan verəcək. Nəzərə almaq lazımdır ki, Füzuli şəhəri ərazisində hələ sovet dövründən hava limanı fəaliyyət göstərir və bu hava limanı strateji baxımdan çox əhəmiyyətlidir”, - həmsöhbətimiz bildirib.

 

Ekspert Cəbrayıl rayonunun əhəmiyyətindən də danışıb: “Cəbrayıl rayonu cənub istiqamətində Füzulidən sonra çox vacib rayonlardan-strateji ərazilərdən biridir. Cəbrayıl rayonu şimaldan Xocavənd, şimal-qərbdən Qubadlı, cənub-qərbdən isə Zəngilan rayonu ilə həmsərhəddir. Cəbrayıl və ardınca Zəngilan şəhərinin işğaldan azad olunması cənubi xəttinin bizim nəzarətimizə keçməsi deməkdir. Hazırda Arazboyu istiqamətdə hərbi əməliyyatlar uğurla davam etdirilir, Ermənistan hərbi birləşmələri dərinliyə doğru sıxışdırılıb çıxarılır”.

 

“Ümumiyyətlə, Azərbaycan Respublikasının strateji planına əsasən, İran-Azərbaycan dövlət sərhədinə nəzarəti tam təmin etmək məqsədilə Cəbrayıl rayonunun Arazboyu bölgəsində işğal altında olan ərazilərin düşməndən təmizlənməsi vacib və qaçılmaz idi. Xudafərin körpüsü isə təbii ki, strateji əhəmiyyət kəsb edirdi və mənəvi tərəfi var idi. Həmçinin, psxioloji üstünlük qazanmaq üçün də vacib idi. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin cənub istiqamətindəki sürətli əks-hücum əməliyyatı daha da genişlənəcək və növbəti hədəf Qubadlıdır, bu istiqamətdəki əməliyyatlar Qubadlı rayonunun azad olunması ilə başa çatacaq”, - Məmmədli vurğulayıb.

Müəllif: Mərahim Nəsib      21 Oktyabr 2020 13:12
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin