“Mənim səcdəgahım, qibləm Qazaxdı”

“Mənim səcdəgahım, qibləm Qazaxdı”

Şair-publisist Elçin İsmayılın portret cizgiləri

 

Haqqında söhbət açdığım şair-publisist Elçin İsmayılı tanımaq üçün onunla 5-6 dəqiqə söhbət etmək kifayətdir. O qədər saf və təmiz, o qədər aydın və buludsuz, o qədər sadə və təvazökardır ki, elə ilk kəlməsindən onu tanıyır, sirdaş olur və doğmalaşırsan. Dərindən tanıyandan sonra anlayırsan ki, Elçin İsmayıl sadə olduğu qədər dərin, sakit olduğu qədər təlatümlü, adi olduğu qədər uca bir adamdır - ziyalıdır, ədəbiyyatçıdır, tarixçidir, şairdir, publisistdir, bir sözlə, işıqlı, nurlu insandır.

 

Elçin İsmayılın adı ilə qoşa çəkilən ziyalı, ədəbiyyatçı, şair, publisist və sair və ilaxir adlar ona anadan əmdiyi süd kimi yaraşır. Amma, hər necə olursa-olsun, mənim yəqinimcə, Elçin İsmayıl olduqca sadə, özü də çox-çox sadə adamdır. Onun sadəliyinin ən adi göstəricisi böyük istedada, enerjiyə, yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, öz anadan olduğu torpağı tərk etməyib Qazaxda yaşamasıdır. Baxmayaraq ki, o da başqaları tək Bakıya gedib, özünün dediyi kimi, tələbə yoldaşları, şair dostları kimi irəli gedər, ən azından indikindən daha çox tanınar, daha böyük zirvələrə ucala bilərdi.

 

Amma o getmədi. Doğulub boya-başa çatdığı torpağı tərk eləmədi. Ona çoxlu sayda təklifklər olsa da, yenə də öz el-obasından heç yerə getmədi. Hətta, bir dəfə özündən eşitdim ki, 80-ci illərin sonlarında Xalq yazıçısı, rəhmətlik Yusif Səmədoğlu ona “Oğul, rayona getmə, Bakıda qal. Balıq dəryada böyüyür” deməsinə rəğmən Qazaxdan aralanmayıb, öz doğma elinə sığınıb, ömrünün Qazaxda yaşayıb.

Rayon haqqında | QAZAX

80-ci illərin axırlarında və 90-cı illərin əvvəllərində erməni quldurları Qazaxı top, qrad atəşinə tutanda, mərmilər yaşadığı evin lap yaxınlığına düşəndə, günahsız insanlar qətlə yetiriləndə də doğma ocağından bir an olsun belə, aralanmayıb. Əksinə, cəbhə bölgələrinə gedərək orada döyüşən əsgərlərimizə baş çəkib, onlara ürək-dirək verib, vətənpərvər şeirləri ilə çıxış edib. Hətta, bir dəfə ermənilər bizim ərazilərə dolduqları üçün cəbhə bölgəsindən BTR-lə çıxıb. Əsgər səngərlərinə baş çəkərkən oradan əliboş qayıtmayıb, işlədiyi qəzetlərdə məqalələrlə çıxış edib. Elçin müəllimin həmin illərdə yazdığı “Sən özün nə edibsən?” adlı məqaləsi, sanki bir çağırış olub, çoxlarını hərəkətə gətirib. Elə ilk kitabını da müharibə mövzusuna həsr edib, ermənilərin Azərbaycanda törətdikləri ilk faciəni qələmə alıb. Bağanıs Ayrım kəndinin işğalına həsr etdiyi “Bu, əsl faciə idi”, “İlk şəhid kənd” kitabları dəyərli tarixi-publisist əsərlərdir.

 

Çox qəribə adamdır. Qəribəliyi də ondadır ki, həmişə Ruhu eşidir, Ruhu ilə söhbət edir, Ruhu ilə məsləhətləşir. Bəzən saatlarla sakitcə dayanıb susub danışmır. Sakit durmağının səbəbini soruşanda isə “Mən danışıram, öz ruhumla bayaqdan söhbət edirəm”, - deyir.

 

Söhbət əsnasında soruşdum ki, nə vaxtdan şeir yazırsız? Sadə bir cavab verdi: “Mən dünyaya gələndən şeir yazıram. Sadəcə, 10 yaşımdan sonra onları kağıza köçürməyə başlamışam”.

 

Bu yazını hazırlamaq üçün Elçin İsmayılla baş redaktoru olduğu “Göyəzən” qəzetində onun iş otağında söhbət edirdik. Gördüm ki, fikri uzaqlara gedib. Susdum. Fikirdən ayılıb mənə baxaraq dedi ki, “mənim 14 yaşım olanda bu redaksiyaya, bu otağa, baş redaktorun qəbuluna gəlmişdim. Hayıf ki, içəri girib şeirlərimi baş redaktora verə bilmədim. Ona görə ki, məni qəbul eləmədi”.

 

Sonra sözünə kövrək halda davam edərək mənə müraciətlə: - Bilirsən, - dedi, - mən neçə ildir bu otaqda həmin o cılız, arıq oğlanın əlində şeir dəftəri qəbuluma gələcəyini, bu otaqdan içəri girəcəyini gözləyirəm. Amma... o gəlmir ki, gəlmir...

 

Danışa-danışa gözləri yaşardı Elçin İsmayılın. Baş redaktorun onu qəbul etməməsindən pis hala düşən Elçin İsmayıl şeiri şöbə müdiri şair Qara Qafqazlıya verir və bir neçə gündən sonra şeiri qəzetdə çap olunur. Elçin müəllim danışırdı ki, “redaksiyadan şeirim çıxmış qəzeti alıb çox şəstlə evimizə deyil, rayon mərkəzinə doğru getməyə başladım”. Səbəbi içindəki sevinci kiminləsə bölüşmək, kiməsə qəzeti göstərib “bax, şeirim çıxıb” demək imiş. Bir də elə bilirmiş ki, görənlər ona salam verəcək, təbrik edəcəklər. Zarafat deyil, qəzetdə onun şeiri çıxıb!

 

Amma gözlədiklərinin heç biri olmur və Elçin İsmayıl evlərinə çox məyus, küskün halda qayıdır. Hətta, evdəkilərə şeirinin çıxdığını sonralar deyir. Küskünləşən gənc bir müddət şeir də yazmır. Amma içindəki istedad onu rahat buraxmır və yenidən qələmə sarılır.

Azərbaycanın ən yaxşı gənc şairi - SORĞU

Jurnalist kimi çalışmaq onun ən böyük amalı olub. Bu arzusuna çatmaq üçün çox çalışsa da, son anda alınmayıb və o, pedaqoji sahədə ali təhsil alıb. Bu yerdə ağsaqqallardan eşitdiyim bir deyim yadıma düşür. Deyir, Allahdan təvəqqə edib istədiyin arzunu canı-dildən istə ki, Tanrı da onu sənə yar eləsin, niyyətin çin olsun. Elçin İsmayıl da jurnalistika fakültəsinə daxil ola bilməsə də, jurnalist olmaq arzusu ilə yaşayıb, Tanrıdan bu arzusuna çatmaq üçün dua edib.

 

Və... lap nağıllarda olduğu kimi, günlərin bir günü Yaradan onu öz arzusuna çatdırıb. Təyinatla göndərildiyi Ağdaş rayonunda bir neçə ay müəllim işlədikdən sonra şeirləri respublika mətbuatında çıxdığı üçün, rayon qəzeti redaksiyasında işləməkdən ötrü təklif alıb. Özü danışırdı ki, təklif elə ciddi və tələsik oldu ki, bir də gördüm ki, “Niva” markalı maşınla məni işlədiyim kənddən rayon mərkəzinə aparırlar. Baş redaktorla bir neçə dəqiqəlik söhbətdən sonra ayıldım ki, qəzetin redaksiyasında kabinetdə oturmuşam. Günortadan sonra idi. Qəribə də olsa, saat 4-də işə qəbul olundum.

 

Elçin İsmayıl işdən çıxıb tələsik rayon mərkəzindəki poçta gedib evlərinə zəng edir və xoş xəbəri bildirir. Amma ailə üzvlərindən heç kim ona inanmır. Buna səbəb Qazaxın rayon qəzeti olan “Qalibiyyət bayrağı” (indi özünün baş redaktor olduğu “Göyəzən”) qəzetində onu işə götürmək üçün “hörmət” istəmələri olub. Ailənin isə ona gücü çatmır. Ona görə də ailə üzvləri inanmır ki, birdən-birə, kiməsə tapşırmadan, hörmət eləmədən, özü də redaksiya kimi məsuliyyətli işə necə qoydular onu. Uzun-uzadı danışandan, and içəndən sonra evdəkilər inanır. Və bundan sonra o, ömrünü həmişəlik olaraq mətbuata bağlayır.

 

Söhbət zamanı Elçin İsmayıl keçdiyi ömür yolundan tam olmasa da, ayrı-ayrı epizodlar danışdı. Və mən onu dinlədikcə həyatının heç də hamar olmadığını, ömrünün sakit keçmədiyini gördüm. Ona görə də deyə bilərəm ki, Elçin İsmayıl təlatümlü həyat yaşayıb, enişli-yoxuşlu bir ömür yolu keçib. Amma necə yaşamasından, hansı əzab-əziyyətləri çəkməsindən asılı olmayaraq, heç zaman sınmayıb, qəddini əyməyib, həyat sınaqlarından mərdi-mərdanə, kişi kimi çıxıb. Ən çətin anlarında belə, öz ayaqları üstündə durmağı bacarıb, öz boyu ilə görünüb. Özünün 55 illik yubileyi ilə əlaqədar yazdığı şeirdə qələmə aldığı kimi:

 

Allahın verdiyi ömrü yaşadım,

Gecəsi həyəcan, gündüzü qürur.

Mən həyat dərsindən iki beş aldım,

Adımın yanında 55 durur.

 

Bəli, onu tanıyanlar yaxşı bilir ki, Elçin İsmayıl həyat dərsindən əla qiymət alıb. Və bu qiymət onun şair ömrünün, jurnalist həyatının, insan taleyinin bəzəyi, leytmotividir. Hər şeydən əvvəl Elçin İsmayıl şairdir, təpədən dırnağa qədər. Anası onu şair kimi gətirib dünyaya. Qələmlə söz arasında gedən döyüşlərdə keçib şair ömrü.

 

Ömür bir açılan güldür,

Gəl, ya yaşat, ya da öldür

Can verirəm neçə ildir,

Qələmlə söz arasında.

 

Belə bir ömrə sahib olmaq yaşamaq qədər çətin, çətin olduğu qədər məsuliyyətli və ağırdır. Bu ağrını çəkmək isə hər şairə, hər insana nəsib olmur.

 

O, həm vətənpərvər söz sahibi, həm də yanğılı məhəbbət şairidir. Şeirlərindəki misralar düşmənə aman vermir, qalib gəlmək əzmi ilə döyüşür. Onun vətənpərvərliyini təkcə Bağanıs Ayrım kəndinə həsr etdiyi şeirlərdən aydın şəkildə görmək olur. Elçin İsmayıl həm də məhəbbət şairidir, payızda doğulan məhəbbət şairi. “Oğlanın pencəyi yadından çıxıb, qızın çiyinində gedər yağışda” deyən şairin payıza necə bənd olduğunu onun şeirlərindən aydın şəkildə görmək olar.

 

Başıma qəm-kədər ələdi payız,

Məni göz yaşıma bələdi payız,

Ağlını itirib, dəlidi payız,

Gözəlim, bu payız mənimki deyil.

 

Poeziyasından danışarkən, mən ən çox onun “Mənim səcdəgahım, qibləm Qazaxdı” şeiri üzərində dayanmaq istəyirəm. Dillər əzbərinə çevrilmiş bu şeir, sanki Qazaxın himnidir. Ritminə, əhatəliliyə, poetik dəyərinə görə məncə bu poeziya nümunəsi Qazaxa həsr olunmuş bütün şeirlərdən ucada dayanır. 

 

Onun şeir kitabları da bir-birindən maraqlı və dəyərlidir. “Dünya məni qəbul elə”, “Daha payızdandı”, “Mənim səcdəgahım, qibləm Qazaxdı” adlı şeir kitablarında bir şair qəlbinin çırpıntıları yaşayır. Hələ onun şeirlərinə bəslənən mahnıları demirəm. Bu gün həmin nəğmələr sevilə-sevilə oxunur.

 

Jurnalistika Elçin İsmayılın yaradıcılığının əsasını təskil edir. Bu cümlə bir qədər adi səslənsə də, onun dərinliyində yuxusuz gecələr, həyəcanlar, gecəli-gündüzlü zəhmət dayanır. Bu peşəyə dərindən bələd olan, böyük söz ehtiyatına malik olan və hər məqaləsinə sözün əsl mənasında canını qoyan Elçin İsmayıl yüksək səviyyəli mətbuat işçisi kimi nəinki qərb bölgəsində, eləcə də respublikamızda ad-san qazanıb. “Əmək”, “Ağstafa”, “Göyəzən” rayon qəzetlərində, “525-ci qəzet”, “Panorama” və bu kimi digər respublika qəzetlərində bir-birindən dəyərli məqalələri, oçerkləri ilə çıxış edib. Bu gün tarixə dönən həmin mətbuat orqanlarında çap olunmuş yazıları oxuyanda görürsən ki, bu, Elçin İsmayılın qələmindən çıxıb. Qələmi heç vaxt məsləkinə, məqsədinə, şəxsiyyətinə xəyanət eləməyib. Gecəli-gündüzlü zəhməti ilə jurnalistikanın zirvəsinə yüksəlib.

 

Onun televiziya sahəsindəki fəaliyyətini xüsusi qeyd etmək lazım gəlir. 2000-ci ildə “Space” televiziyasında bölgə müxbiri kimi fəaliyyətə başlayan Elçin İsmayıl az bir müddətdə bacarıqlı, qorxmaz və operativ bir jurnalist kimi tanındı. 5 il burada çalışdıqdan sonra yenidən qəzetə qayıtdı. Amma 2014-cü ildə “Dünya TV”-də yaradıcılığını yenidən davam etdirməyə başladı. Bu dəfə bölgə müxbiri kimi deyil, veriliş aparıcısı kimi fəaliyyət göstərdi. “Sözə bəndəm” verilişinin müəllifi və aparıcısı oldu. Sonrakı illərdə həmin verilişlə İctimai Televiziyada da çıxış elədi.

 

Yaradıcı insanın xoşbəxtliyi qələmini sınadığı sahədə uğur qazanmasıdır. Elçin İsmayıl qələm vurduğu bütün sahələrdə uğur əldə edib, fərqlənən olub. Onun publisist yazılarını oxuyanda bunun bir daha şahidi olursan. Bu yazılar o qədər maraqlı, o qədər axıcı, o qədər cəlbedicidir ki, oxuyan zaman sözün əsl mənasında ondan ayrıla bilmirsən. Zaman-zaman yazdığı tarixi-publisist məqalələr sonradan kitablara çevrilib. Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün Qazax salnaməsi”, Azərbaycan-Gürcüstan gənclərinin dostluğundan bəhs edən “Dostluq körpüsü” kitabları işıq üzü görüb.

No description available.

Şair və yazıçıların həyatını qələmə aldığı kitablar da böyük maraqla qarşılanıb. Xalq şairi Səməd Vurğuna həsr etdiyi “Deyilən söz yadigardır”, Xalq yazıçısı İsmayıl Şıxlıdan bəhs edən “Dəli Kür ömrü” kitabları da olduqca maraqlı və oxunaqlıdır. Bu ilin mart ayında isə şair-publisistin Bağanıs Ayrım kəndinin işğalının 30 illiyinə həsr etdiyi “İlk şəhid kənd” kitabı oxucuların ixtiyarına verilib.

 

Mübaliğəsiz olaraq deyə bilərəm ki, bu gün Elçin İsmayıl 10 kitab müəllifi olmaqla ən məhsuldar işləyən şair-publisist kimi ad qazanıb. Söhbət zamanı öyrəndim ki, indi Elçin müəllim Qazax Müəllimlər Seminariyasına aid yeni bir publisist kitab üzərində işləyir.

 

O, “Mənim səcdəgahım, qibləm Qazaxdı” şeirində yazır ki;

 

Bu elin tapılmaz dünyada tayı,

Boynumda var hələ çox haqqı-sayı,

Öz şair balandı Elçin İsmayıl,

Bir ömür yaşayır səndə qonaqdı,

Mənim səcdəgahım, qibləm Qazaxdı.

 

Bu il Elçin İsmayılın anadan olmasının 60 ili, bədii yaradıcılığa başlamasının 45 ili, ailə həyatı qurmasının 30 ili, jurnalistika fəaliyyətinin isə 37 ili tamam olur. Ömrünü Qazaxda yaşayan şairə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Həyatın nurlu, günlərin işıqlı olsun, Elçin İsmayıl!

 

70 yaşında görüşərik, inşallah.

 

Xuraman YUSİF

Müəllif: Ayna.az      26 Sentyabr 2020 10:45
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin