Əsas səhifə Haqqımızda Xəbər lenti

“Azərbaycan Ukraynadan analoji dəstək gözləyir”

“Azərbaycan Ukraynadan analoji dəstək gözləyir”

İlqar Vəlizadə: “Qarşıdan qış gəlir və Ukrayna Azərbaycan qazından faydalanmaq istəyir”

 

Ukrayna Prezidenti Vladimir Zelinski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 14 sentyabr 2020-ci il tarixli “Ukraynanın milli təhlükəsizliyinin strategiyası haqqında” qərarına dair əmr imzalayıb. Əmrə əsasən, Ukraynanın milli təhlükəsizlik üzrə yeni strategiyasında Azərbaycan strateji tərəfdaş dövlət siyahısına salınıb.

 

Əmrin müvafiq bəndində qeyd olunub ki, Ukrayna öz milli maraqlarını qorumaq və regional təhlükəsizliyi gücləndirmək üçün bir sıra ölkələrlə münasibətləri inkişaf etdirəcək. Əmrdə Azərbaycan, Gürcüstan, Litva, Polşa və Türkiyə ilə strateji tərəfdaşlıq, digər Baltik və Şimali Avropa ölkələri ilə tərəfdaşlıq, həmçinin Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə yaxın qonşuluq münasibətləri, Belarus Respublikası və Moldova Respublikası ilə praqmatik əlaqələr, Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsində NATO üzvü olan ölkələrlə praktik əməkdaşlıq nəzərdə tutulur.

 

Maraqlıdır, Ukraynanın Azərbaycanı strateji tərəfdaş seçməsi ölkəmiz üçün nə qədər əhəmiyyətlidir? Bundan əlavə, Ukraynanın Rusiya ilə münasibətlərinin soyuq olması, həmçinin Azərbaycanın da Rusiya ilə münasibətlərində son zamanlar soyuqluq müşahidə edilməsi fonunda, belə bir qərar Rusiyaya mesaj xarakteri daşıya bilərmi?

İlqar Vəlizadə: “Prezident seçkilərinin nəticəsindən sonra sazişin bərpası  mümkündür”

Mövzunu AYNA-ya şərh edən politoloq İlqar Vəlizadə Azərbaycanın Ukraynanın strateji tərəfdaşları siyahısına salınmasını əhəmiyyətli hadisə adlandırıb: “Amma bunun həm də praktiki əhəmiyyəti olmalıdır, yəni sadəcə kağız üzərində qalmamalıdır. Praktiki əhəmiyyət isə ondan ibarət olmalıdır ki, hər iki ölkə həm Avropa Şurası Parlament Assambleyasının (AŞPA), həm Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), həm də digər mötəbər təşkilatların üzvüdür. Bu təşkilatlar çərçivəsində tez-tez işğal olunmuş ərazilər və ərazilərin boşaldılması ilə bağlı məsələlər gündəmə gəlir. Həmçinin, bu məsələləri Azərbaycan tərəfi də tez-tez qalıdırır. Biz həmişə Ukraynanı dəstəkləmiş və birmənalı olaraq ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasının tərəfində olmuşuq və bunu açıq-aşkar bəyan etmişik. Hətta, bununla bağlı bütün sənədlərə də qol çəkmişik. Ona görə də biz bunun eynisini Ukraynadan da gözləyirik”.

 

“Çünki Ukraynanın sözü bir çox hallarda Qərb dairələri üçün daha təsirli olur. Ona görə də bizim problemlərimizi ukraynalılar öz problemləri kimi qaldırsalar, məcburi köçkünlər və ərazi bütövlüyü ilə bağlı problemlərimizi öz problemləri kimi qələmə versələr, yəni bizim onlara olan münasibətimizin eynisini sərgiləsələr, bəlkə də bizi başa düşməyən Qərb tərəfdaşları onları başa düşərlər. Çünki onların mövqelərini bizdən fərqli olaraq tam şəkildə dəstəkləyirlər. Biz də həmin dəstəyi istər Qərb, istərsə də digər tərəfdaşlarımızdan gözləyirik. Ukraynanın da bizə bu məsələlərdə köməyi dəyə bilər”, - Vəlizadə deyib.

 

Politoloq hesab edir ki, Ukrayna Xarici İşlər Nazirliyi bu siyahını tərtib edəndə, regional gərginliyi nəzərə alaraq etməyib: “Bu siyahı sadəcə olaraq Ukraynanın prioritetlərini müəyyənləşdirib və bu prioritetlərin tərkibində Azərbaycanla münasibətlərin qurulması xüsusi əhəmiyyət kəsb edir. Çünki burada iki ölkənin bir-birinə yalnız siyasi dəstəyi yox, iqtisadi münasibətlərin inkişafı da var. İqtisadi münasibətlərdə isə ilk növbədə enerji və nəqliyyat layihələri nəzərdə tutulur. Qarşıdan qış gəlir və Ukrayanaya qaz lazımdır. Rusiya ilə problemlər öz müsbət həllini tapmayıb, eyni zamanda ilin sonu üçün Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi reallaşacaq və Avropaya qaz axını təşkil olunacaq. Təbii ki, Ukrayna da bundan yararlanmaq niyyətindədir”.

 

“Yəni bu saziş daha çox Ukraynanın milli maraqlarına uyğun olan məqamları nəzərdə tutur. Təbii ki, hər bir ölkə ilk növbədə öz maraqlarından çıxış edir. Düşünmürəm ki, onlar Tovuz hadisələrini, yaxud Rusiya ilə münasibətləri nəzərə alaraq belə addım atıblar. Düzdür, biz istəyərdik ki, belə olsun, amma onlar öz maraqları çərçivəsində addımlar atırlar və bu maraqlar konkret olaraq qeyd etdiyim məsələlərdən ibarətdir”, - müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib      21 Sentyabr 2020 10:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin