ÜST: “Yumşaldılmış karantin rejimində yaşama şansımız ola bilər”

  ÜST: “Yumşaldılmış karantin rejimində yaşama şansımız ola bilər”

ÜST-ün Azərbaycandakı missiyasının yekunlarına dair onlayn mətbuat konfransı keçirilib

 

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı missiyasının yekunlarına dair onlayn mətbuat konfransı keçirilib. AYNA xəbər verir ki, konfrans “Zoom” proqramı vasitəsilə baş tutub. Brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva, TƏBİB-in  Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev və missiyanın üzvləri iştirak ediblər.

 

ÜST-ün Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz deyib ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə ediblər. Onun sözlərinə görə, ÜST-ün mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlayıb: “Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib. Pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır. Epidemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcək”.

 

“Missiya çərçivəsində ÜST-ün Avropa Ofisindən epidemioloji nəzarət, məlumatların idarə edilməsi, səhiyyə müəssisələrinin idarə olunması və risk kommunikasiyası sahələri üzrə mütəxəssislər yerli səhiyyə qurumları və mütəxəssislərlə birlikdə dəyişiklikləri qiymətləndirmək və ölkənin mübarizə mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq sahələri müəyyənləşdirmək üzərində birgə çalışıblar, - deyə ÜST rəsmisi qeyd edib.

 

Onun bildirdiyinə görə, mütəxəssislər müşahidələr aparmaq və məlumat əldə etmək üçün Bakı, həmçinin Şamaxı və Gəncə bölgələrindəki ilkin səhiyyə xidməti mərkəzlərini və xəstəxanaları ziyarət ediblər: “Daha yaxşı hazırlıq və mübarizə tədbirləri üçün səhiyyədə tərəfdaşlığının gücləndirilməsi COVID-19-a qarşı mübarizəyə iki missiya vasitəsilə texniki yardım göstərməklə yanaşı, ÜST-ün Avropadakı və Azərbaycandakı nümayəndəlikləri tibb işçiləri arasında təcrübə mübadiləsini, innovativ həlləri və rəqəmsal platformalardan istifadə təşəbbüsünü, xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsini nəzərdə tutan REACT-C19 layihəsini həyata keçirib. ÜST-ün ölkə ofisi, eyni zamanda Aİ tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsini icra edir. Bu layihə çərçivəsində səhiyyə müəssisələrində mübarizənin ön cəbhəsində çalışan şəxslər fərdi qoruyucu vasitələrlə təmin edilir və hökumətə texniki yardım göstərilir”.

 

“Azərbaycanda iyun ayının sonundan etibarən koronavirusa yoluxma hallarında stabilləşmə var”. Bunu isə mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. O, qeyd edib ki, bu, məhdudiyyətlərin nəticəsində olub: “Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər. 5 avqustdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik. Lakin bu dəqiqdir ki, biz diqqət etsək, yumşaldılmış rejimlə yaşama şansımız ola bilər”.

 

Konfransında iştirak edən TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib ki, hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur: “Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin öyrənilməsi üçün edilib. Bütün dünyada belə praktika var. Koronavirus xəstəliyi yeni olduğu üçün ölkələr içərisində fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bərabər, iş başında praktikanın bölüşdürülməsinə, öyrənilməsinə çalışılır. Virusun özünü necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Biz hazırlıqlı olmağa çalışırıq. Lazım olarsa, daha çox həkim cəlb edəcəyik”.

Müəllif: Ayna.az      31 İyul 2020 16:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin