Qonşular karantindən sıyrılır, sıra bizdə - İstirahət üçün “kəş bək”

Qonşular karantindən sıyrılır, sıra bizdə -           İstirahət üçün “kəş bək”

“Səfər xərcinin bir hissəsinin dövlət tərəfindən ödənilməzi daxili turizmə təkan verə bilər

 

Yay ənənəvi olaraq turizm mövsümü hesab edilsə də, amma bu yay məlum səbəblərdən istisna oldu. Ancaq qabaqda hələ avqust var və heç olmasa, bir müddətdə itirilmiş vaxtı müəyyən qədər kompensasiya etmək mümkündür.

 

Rusiyada daxili turizmi stimullaşdırmaq üçün hökumət ölkənin bəzi bölgələrinə təşkil edilən turlar üçün 5-15 min rubl miqdarında pul kompensasiyası ödəməyi qərara alıb. Bu məqsədlər üçün büdcədən 15 milyard rubl ayrılıb. Kompensaiya almaq üçün sifariş edilən turun qiyməti, ən azı 25 min rubl təşkil etməli və ən azı 5 gün davam etməlidir. Siyahıya Rusiyanın kütləvi turizmin inkişaf etmədiyi 45 bölgəsi daxildir, xüsusən də Baykal gölünün yerləşdiyi Buratiya və İrkutsk bölgəsi.

 

“Rosturizm” və Milli Ödəniş Kartları Sistemi (NSPK) Rusiya Federasiyası ərazisində “Mir” kart vasitəsi ilə onlayn satın alınmış bir tur üçün “kəş bək” (onlayn ödənilən vəsaitin bir hissəsinin geri ödənilməsi) kassa sistemini reallaşdırmağa başlayıb. Proqramın istifadəyə verilməsi 2020-ci ilin avqustuna planlaşdırılıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyevin AYNA-ya dediyinə görə, baxmayaraq ki, turun müəyyən faizi üçün kompensasiya ödənilməsi Azərbaycanda daxili turizmə təkan verə bilər, hələ ölkəmizdə bu kimi bir şey planlaşdırılmır: “Ən azından həkimlər, hərbçilər və polislər üçün belə bir proqram reallaşdırmaq olardı, çünki pandemiya ilə mübarizədə əsas yük onların üzərinə düşür və çoxlarına yaxşı istirahət lazımdır. İdeya olaraq yaxşıdır, çünki xərclənən pul ölkədə qalır, otellər və restoranlar işləyir, vətəndaşlar dincəlir”.

 

O bildirib ki, Rusiyadakı bütün kurortlar artıq ucuz uçuşlar və sərfəli təkliflər hesabına doludur: “Turlar üçün pul kompensasiyasına gəldikdə, pandemiyadan əvvəl digər ölkələrdə, xüsusən Çexiyada buna bənzər təcrübə var idi. Vətəndaşlara, ölkə daxilində tətil keçirə bilmələri üçün müəyyən miqdarda vəsait verilirdi. Onlar da öz pullarını əlavə edərək sərfəli istirahət edirdilər. Daxili turizmdə nəyin çatışmadığını, nəyi yaxşılaşdırmağın lazım olduğunu anlamaq vacibdir. Bir çox vətəndaşlarımız artıq dünyanı gəzib, müqayisə etmək üçün kifayət qədər təcrübələri var. Onları ölkədə istirahət etmələri üçün maraqlandırmaq lazımdır. Bunun üçün müxtəlif istiqamətlərdə işləmək, xüsusən əyləncə sənayesini inkişaf etdirmək lazımdır”.

 

“Əvvəllər Azərbaycanda daxili turizmin inkişafı ilə bağlı təkliflər irəli sürülürdü, lakin karantin səbəbindən həyata keçirilə bilmədi və hər şey donduruldu. Ümid etmək istərdim ki, avqustun 5-dən sonra sərt karantin rejimi götürüləcək, paytaxtdan bölgələrə səyahət etmək mümkün olacaq. Bundan sonra, ən azı yayın son ayı ölkə üçün doğrudan da turizm ayına çevriləcək. Beynəlxalq reyslərin bərpa olunmasından sonra xarici turistlərin ölkəyə cəlb olunmasına gəlincə, ilk növbədə “yaşıl zona”ya daxil olan ölkələrin turistlərindən danışmaq olar. Xarici turizmin mümkün olması COVID-19-la bağlı vəziyyətdən asılıdır. İndi bu barədə dəqiq proqnoz vermək mümkün deyil”, - Hacıyev vurğulayıb.

 

ATAA rəhbəri qeyd edib ki, Dövlət Turizm Agentliyi (DTA) otellərin sertifikatlaşdırılması prosesini işə salıb: “Bəzi otellər artıq beynəlxalq sertifikatlar alıb və mümkün olan kimi turistləri qəbul etməyə hazırdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya açıqlamasında Rusiya hökumətinin qərarını təqdir edib: “Bu addım ölkədə daxili turizmin stimullaşdırılmasına kömək edəcək. Ruslar tətilə çıxmağı çox sevirlər. Xaricə yol bağlandığı üçün ölkələrində mütləq bir yer seçəcəklər. Yeni turizm marşrutları populyarlaşır - Altay, Kalininqrad və s. Rusiya hökumətinin bu məsələdəki proqramı yaxşı düşünülüb və yeni turizm istiqamətlərini inkişaf etdirməyə imkan verəcək. Rusiya bu təcrübəni Almaniyadan və Fransadan götürüb”.

 

Onun sözlərinə görə, biz də buna bənzər bir iş görə bilərik və bu addım  böyük maliyyə mənbələri tələb etməyəcək: “Ancaq Rusiyada faktiki olaraq, artıq heç bir karantin yoxdur və insanlar sərbəst hərəkət edə bilirlər. Bizdə isə bu problem hələ də var. Karantin şəraitində turizmin inkişafı qeyri-realdır. Əlbəttə ki, vətəndaşlar ictimai yerlərdə tibbi maskalar geyinməli, sosial məsafəni saxlamalıdır, amma hərəkətdə heç bir məhdudiyyət olmamalıdır, bütün obyektlər işləməlidir. Avqustun 5-dən məhdudiyyətlər qaldırılsa, bölgələrə turist cəlb etmək mümkün olacaq”.

 

“İndi Azərbaycanın turizm sektoru acınacaqlı vəziyyətdədir və bir çox turizm obyektləri bağlanıb. Odur ki, səyahətə xərclənən pul vəsaitinin bir hissəsinin geri qaytarılması kimi bir addım turizmin inkişafına müsbət təsir göstərər. Bu vəziyyətdə Azərbaycanda populyar olmayan turizm istiqamətləri də inkişaf etdirilə bilər. İnsanlar bölgələrə sərbəst gedə bildikləri halda, onuz da Nabran, Qəbələ və Qusara gedəcəklər. Buna görə də digər marşrutlara diqqət artırılmalı və onların inkişafı ilə Turizm Dövlət Agentliyi məşğul olmalıdır”, - Cəfərli hesab edir.

 

Azərbaycanda turizm birtərəfli şəkildə inkişaf edib - yalnız bəzi zonalarda. Ancaq sual yaranır ki, istirahət üçün lazımi infrastruktur varmı?

 

“Məsələn, Gədəbəy rayonunun gözəl turizm potensialı var, gözəl təbiəti var, görmək üçün çox şeylər var. Ancaq normal yollar, normal otellər yoxdur. Maliyyə infrastrukturuna da ehtiyacımız var. Hər şey qanuni şəkildə həyata keçirilməlidir. Rusiyada vətəndaşlar yalnız onlayn kartla ödədikləri təqdirdə, xərclənən vəsaitin bir hissəni nağd pul kimi geri alacaqlar. Bəs bizdə necə, internetlə pul ödəməklə populyar olmayan turizm bölgələrimizdə hər hansı bir otel sifariş etmək və ya mənzil kirayə etmək mümkün olacaqmı? Bu amil hələ ki, böyük şübhələr  yaradır”, - iqtisadçı vurğulayıb.

Müəllif: Elya Belskaya      25 İyul 2020 18:06
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin