Əsas səhifə Haqqımızda Xəbər lenti

Qarabağa “erməni toxumu” necə səpildi, yaxud 5 məlikliyin həqiqəti

Qarabağa “erməni toxumu” necə səpildi, yaxud 5 məlikliyin həqiqəti

Təəssüf ki, müstəqillikdən sonrakı tarix dərsliklərimizdə də böyük yanlışa yol verilir

 

(II yazı)

 

Birinci yazımızda anons vermişdik ki, “Kürəkçay” müqaviləsi bağlanan zaman Qarabağ xanlığının əhalisi arasında ermənilər yox idi. Var olsaydılar, hiyləgər Rusiya imperiyası mütləq onlardan istifadə edər, xanlıq ərazisində onlara müəyyən imtiyazlar verərdi.

 

Lakin hər kəsi maraqlandıran bir məqam var: Qarabağda yerləşən beş məliklik - “Xəmsə” məliklikləri kimlərdən ibarət idi? Çünki ermənilər son dönəmlərdə məlikliklər məsələsini hər yerdə təqdim və təbliğ edir, özlərinin Qarabağın əsas sakinləri olduqlarını iddia edirlər. Bu yazımızda xanlıq əhalisinin milli tərkibi ilə yanaşı, həmin məlikliklər haqqında da dəqiq, faktlarla məlumat verəcəyik.

 

Qeyd edim ki, biz Qarabağ əhalisi haqqında məlumatları Osmanlı vergi dəftərləri, səyahətçilərin qeydləri, xanlığın vergi dəftərləri, əhali haqqında daha bir “Müfəssəl dəftər”, “Qarabağnamə”lər və xanlığın işğalından sonra rusların apardığı kameral təsvirlərdən əldə edirik.

 

“Qara” və “bağ”

 

Mövzumuz, məhz Qarabağ xanlığı dövründə əhalinin milli tərkibi haqqında olmasına baxmayaraq, qədim dövrə müraciət etməyi də lazım bilirəm. Qarabağa qədim mənbələrdə “Qarqarlar ölkəsi” deyilirdi. Qarabağ adının isə əraziyə verilməsi haqqında tam dəqiq məlumatlar yoxdur. Rəmzi Yüzbaşov Qarabağ adının VII əsrdən mövcud olduğunu qeyd edir. Hətta, Araz çayı sahilində Qarabağ adında 228 yaşayış məntəqəsinin adını çəkir. “Qara” və “bağ” birləşmələrindən yaranan bu adın mənası “sıx”, “qalın” da anlamına gəlir.

 

XVII əsrdə Qafqaza səyahət edən alman səyyah Adam Oleari də “İran səltənəti” adlı gündəliyində Kiçik Qafqazda mühüm ticarət əhəmiyyətli Qarabağ şəhərindən bəhs edərək bildirir ki, XVI əsrdə bu şəhər müharibələr zamanı dağıdılıb. Lakin ticarət və əlverişli coğrafi məkan olduğuna görə, eyni zamanda gələn tacirlər yollarını itirməsinlər deyə, böyük bir əyalətə Qarabağ adı yenidən verilib.

 

Qafqaz Albaniyası (e.ə 323-b.e. 705) dövründə Qarabağın bir hissəsi Uti, dağlıq hissəsi isə Arsax vilayətində yerləşirdi. Ərəb işğalından sonra Uti vilayəti “Arran”, Arsax vilayəti isə “Ağvan” adlandırılmışdı. Arsax türk mənşəlli sözdür. “Ər” və “sak” tayfalarının adının birləşməsindən yaranıb. Əhməd bəy Cavanşir isə “Qarabağ xanlığının tarixi” əsərində Arsax adının mənasını “Dünyanın qərb hissəsi” adlandığını qeyd edib.

 

Tədqiqatçı alim Qiyasəddin Qeybullayev öz araşdırmasında Qarabağın etnik tarixi haqqında bunları qeyd edir: “Eramızın I minilliyinə aid mənbələrdə Qarabağda alban, sak, qarqar, sode, uti adları qeyd edilir. Orta əsrlərdə isə Qarabağın köklü əhalisi qarqarlar, hunlar, qoroslar, peçeneklər, qıpçaqlar, xəzərlər idi. Bütün bu tayfalar bir-birləri ilə qaynayıb-qarışmışdılar”.

 

Erkən orta əsrlərdə ərəb işğalları zamanı türkdilli albanlar arasında parçalanma baş verdi. Bunlardan bəziləri, xüsusən də atəşpərəstlər islamı qəbul etdilər, bəziləri eramızın əvvələrində Roma təsiri ilə qəbul etdikləri xristianlıqda qaldılar. Bu da vilayətlərdəki albanların bir-birilərindən ayrılmasına, əlaqələrin kəsilməsinə səbəb oldu.

 

Qarabağın orta əsrlər dövrünə nəzər saldıqda görürük ki, burada bir sıra xırda dövlətlər mövcud olub. Məsələn, Girdiman dövləti, Xaçın knyazlığı və son orta əsrlərdə Qarabağ xanlığı. Ümumiyyətlə, Qarabağ hər zaman Azərbaycanda baş verən ictimai-siyasi proseslərin mərkəzi olub. Zaman-zaman hökmdarların yaylağı, sığınacağı, təssərüfat və s. məskəni olub.

 

Qarabağ xanlığının ərazi bölgüsü və əhalisi

 

Qayıdaq Qarabağ xanlığına. Xanlığın inzibati ərazi bölgüsünə 21 mahal, o cümlədən 5 məliklik daxil idi. Mahalları feodalizm dövrünün ənənəvi üsulu olan naiblər idarə edirdilər. İri mahallara bəzən iki naib nəzarət edirdi. Məliklikləri isə naiblərin təyin etdikləri məliklər idarə edirdilər.

 

İnzibati bölgü belə idi:

 

Dilican, Dəmirçihəsənli, Bərgüşad, Cavanşir, Tativ, Küpara, Baqabyurd, Talış, Xaçın, Kolanılar, Çiləbyurd, Dizaq, Xırdapara Dizaq, Dizaq Cavanşir, Püsyan, Otuz iki, İyirmi dörd, Qaraçorlu, Vərəndə, Acnan Türk.

 

Xanlıq yaranan zaman onun nə qədər əhalisi olduğu haqqında bizdə dəqiq rəqəmlər yoxdur. Lakin Xanlıq yaranmazdan 12 il əvvələ aid Osmanlı dövlətinin “Müfəssəl dəftəri” mövcuddur ki, burada Gəncə-Qarabağ əyaləti bölməsində 10 min ailə yaşadığı qeyd edilib. Bunu tarixçilər hər ailə üzrə beş nəfərdən hesablayaraq, təqribən 50 min adamın olduğunu qeyd edirlər.

 

Həmin “Dəftər”də göstərilir ki, Bərdə Qarabağın əsas şəhərlərindəndir. Burada 6 məhəllə, 482 vergi verən şəxs adı qeyd edilib. 1727-ci ilə aid olan rəqəmlərdə Qarabağda 436 məskunlaşmış kənd var ki, onlardan 267-si müsəlman türk, qalanları isə xristian albanlar idilər.

Lakin 1796-cı ildə təkcə Qarabağda 10 mindən çox ailənin yaşadığına dair məlumatlar var. 1807-ci il məlumatlarında xalqın sayında azalma vardı. Təxminən 5 min ailə yaşamaqda idi. Hətta “Qarabağnamə”lərdə İbrahimxəlil xanın oğlu Əbülfət ağa ilə birlikdə 4 min kəndlinin xanlığı tərk etdiyi bildirilir. Bundan əlavə, rus-qacar müharibəsi zamanı insanların həlak olması, yaxud başqa ərazilərə köç etməsi də azalmalara səbəb olmuşdu.

 

Mir Mehdi Xəzani adlı tarixçi Qarabağ əhalisi haqqında yazır: “İbrahimxəlil xan mərhumun, Qarabağda və sair vilayətlərin müti olanlarından əlavə 35 minədək ev itaətində olub, 12 minə nəfərədək dəftəri-məxsusi qoşunu var idi”.

 

Tədqiqatçılar isə hər ailəni beş nəfərdən hesablayaraq o dövrdə Qarabağda 175 min insanın yaşadığını qeyd edirlər. 1822-ci ildə xanlıq ləğv edildi və bir il sonrakı siyahıyaalınmalara görə, xanlığın əhalisi 90 min nəfər idi. Şəhər və kəndlərdə 18.563 ev vardı ki, onun 17 mindən çoxu müsəlman türklərə aid idi. 1818-ci ildən 1863-cü ilə kimi olan kameral təsvirlərdə əhali sayında 6.21 nəfər artım müşahidə olunurdu ki, bu da araziyə Osmanlı imperiyası və İrandan erməni ailələrin köçürülməsi ilə bağlı idi.

 

Qarabağ xanlığının işğaldan əvvəl illik xəzinə gəlirləri isə 15.051.920 manat olub.

 

Qarabağ məliklikləri

 

Qarabağda 21 mahalla yanaşı, 5 məliklik də vardı. Bunlara bəzən “Xəmsə” məliklikləri də deyilir. Təəssüf ki, sovet tarixşünaslığından bizə onları erməni məliklikləri kimi tanıdıblar. Ən faciəlisi də odur ki, bu, müstəqillik dövründə tarix dərslik kitablarımızda da öz əksini tapıb.

 

“Xəmsə” məliklikləri kimlər idi? Mirzə Adıgözəl Bəy yazır ki, beş məlikliyin hər birinin öz adı vardı: Vərəndə, Xaçın, Dizaq, Çiləbörd və Gülüstan.

 

Birinci məliklik Dizaq idi. Bu məlik Yeqan Loridən gələn alban başçısı idi. Nadir şahın əmri ilə özünə taxt qurmuşdu.

 

Vərəndə məliyi Şahnəzər Göyçədən gəlmişdi. Türksoylu xristian idi. Əsilləri Göyçə əsilzadələrindən idi.

 

Üçüncüsü Xaçın məliyi idi. Nadir şah dövründə məlikliyi əlindən alınmışdı. Adıgözəl bəyin yazdığına görə, yalnız Pənah xanın icazəsindən sonra məlik kimi taxtına keçə bilmişdi. Digər müəlliflər də bu faktı təsdiq edirlər.

 

Çiləbörd məliyi Allahqulu idi. Mağavizdən gəlmişdilər. Tərtərdə möhkəmlənərək, Cermux qalasını özlərinə məskən seçmişdilər. O qədər şöhrət qazanmışdılar ki, Nadir Şah Allahquluya xələt və sultanlıq vermişdi.

 

Nəhayət, beşinci məliklik Gülüstan idi. Başçıları Məlik Usub idi. Şirvandan Qarabağa köç etmişdilər. Bir müddət Talış kəndində yaşadıqlarına görə onlara Talış məlikliyi də demişdilər. Yalnız Məlik Usub Gülüstan qalasını ələ keçirdikdən sonra Gülüstan məlikliyi adlandı.

 

Mirzə Yusif Qarabaği də öz əsərində məlikliklərin Qarabağa gəlmə olduqlarını qeyd edir. Məlikliklərin çoxu Səfəvilər zamanı Qarabağ bəylərbəyliyinin ərazisinə köç etmişdilər.

 

Erməniləşdirmə planı

 

Xanlıqdan əvvəl, 1723-cü ildə Qarabağın 4 xristian knyazı Rusiya çarı I Pyotrun Cənubi Qafqaz xalqlarına göndərdiyi bəyannaməsinə cavab olaraq ona məktub göndərmişdi. Onlara burada özlərini “Ağvan” (Alban) knyazları kimi təqdim edirdilər.

Bu gün ermənilər ən çox Dizaq mahalının üzərində dayanaraq onu erməni mahalı adlandırırlar. Q.Qeybullayevə görə, Dizaq adı Dizaquans adlı alban monastrının adından götürlüb. Bu söz özü alban sözüdür. Bəzi tədqiqatçılar isə Dizaq tayfasının soyunun Şumerə qədər getdiyini qeyd edirlər. Bu tayfa e.ə II minillikdə İkiçayarasından şimala, indiki Cənubi Azərbaycana doğru hərəkət etmiş, orta əsrlərdə isə Gəncə və Qarabağ arasında məskən salmışdılar. Hətta, Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərində də Dizaq tayfasının gəlişi, dağlıq hissədə yerləşməsi haqqında məlumat var. Hal-hazırda da rayon ərazisində Dızaxlı kəndi mövcuddur. Hətta, orta əsr Özbəkistanında da Cizaq kəndi var ki, bu, bəzi yerlərdə Dizaq yazılır.

 

Hazırda ermənilərin Dizaq məlikliyini önə çəkməsinin daha bir səbəbi də, 1836-cı ildən sonra çar Rusiyasının Alban katolikosluğunu ləğv etdikdən sonra xristian albanların Qriqorianlığı qəbul etməsi ilə bağlıdır. Məhz, Dizaq məlikliyindən savadlı insanlar çox çıxmışdı və onlar arasında məşhur din adamları vardı ki, bunlar sonradan rusların diqtəsi ilə erməniliyi təbliğ etməyə başladılar.

 

Daha çox xristianlar da bu məliklikdə yaşayırdı. Ukraynada yaşayan Qarabağlı Artur Ağacanov yazır ki, Qarabağa XIX əsrin ortalarından ermənilər köçürülsələr də, onlara dəstək verən yerli xristianlar oldu, qaynayıb-qarışdılar. Bu gün dünyaya car çəkilən Qarabağ ermənilərinin çoxu dönmə ermənilərdir.

 

Son zamanlar düşman ölkənin tarixçiləri idda edirlər ki, Rusiya İmperiyası Cənubi Qafqazı ələ keçirdikdə erməni məliklikləri onlara kömək etmişdilər. Lakin bu haqda yazışma, məktublaşma nə rus arxivlərində, nə Azərbaycan, nə də ermənilərin özlərində var. Bu məlikliklərin “erməni” adlandırılması Sovet hakimiyyətinin tüğyan etdiyi, totalitar rejim qurduğu bir vaxta təsadüf edir. Lakin bütün bunlar sübutsuz idi. O məlikliklər isə özlərini qonşu dövlətlərə məktublarında Ağvan, Alban kimi təqdim edirdilər.

Müəllif: Şəhla Cabbarlı      21 İyul 2020 22:54
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin